“Ermənilərlə ikinci görüş Türkiyədə keçirilsin!” – Sabiq nazir

“Ermənilərlə ikinci görüş Türkiyədə keçirilsin!” – Sabiq nazir

“Ermənilərlə ikinci görüş Türkiyədə keçirilsin!” – Sabiq nazir

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun “Polemika.az”a müsahibəsi:

- Moskvada Azərbaycan və Ermənistan ziyalılarının ikitərəfli görüşü baş tutdu. Axırıncı görüş isə 2008-ci ildə olub. Sizcə, xalq diplomatiyasının tərəflər arasındakı münaqişənin həllində uğur qazanmasına inam var, yoxsa yox?

- Bilirsiniz, hansısa mərhələdə iki ölkə ictimaiyyətinin bir-birinə münasibətinin dəyişməsi üçün, təbii ki, tədbirlər keçirilməlidir. Burada heç kəsin şübhəsi yoxdur, çünki bizim məqsədimiz ondan ibarətdir ki, hərbi işğala son qoyulsun və hərbi baxımdan, artıq Azərbaycna bu işğala son qoyub. İndi isə “yumşaq güc” tətbiq olunur. Bu baxımdan müxtəlif üslublar istifadə olunmalıdır.

Azərbaycan, eyni zamanda anti-terror əməliyyatları üçün xüsusi təyinatlı ikinci bir briqada – komando briqadası yaradıb. Çünki Azərbaycan bu cür də ermənilərin siyasətinə hazır olmaq istəyir. O biri tərəfdən də sülhə çağırışlar səsləndirir. Bu da hesab edirəm ki, çox vacib bir məsələdir.

Bir növ elə bil həm Ermənistan, həm də Qarabağın dağlıq hissəsində olan ermənilər belə bir seçim qarşısındadırlar: Ya Azərbaycan vətəndaşı olaraq normal yaşamaq, təbii ki, bu Qarabağ ermənilərinə aiddir, ya da qanuna tabe olmayanlar qanunun gücü ilə rastlaşacaqlar. Yəni bu normal bir siyasətdir və hesab edirəm ki, vaxtında atılan addımlardır.

- Orada qeyd edilib ki, humanitar yöndə bir sıra məsələlər həll edilib. Bu yöndə daha hansı məsələləri xalq diplomatiyası ilə həll etmək olar?

- Bu barədə, ilk növbədə tanınmış simalar bir-biriləri ilə görüşüb və ictimaiyyətə hansısa siqnallar göndəriblər. Uzun müddət biz bir-birimizə silahın nişanı ilə baxırdıq. Amma indiki mərhələdə, bəzi insanları bu düşmənçilik psixologiyasından uzaqlaşdırmaq üçün bu cür tədbirlər lazımdır, hansı ki, ilk növbədə söhbət Ermənistandan gedir.

O ki qaldı humanitar məsələlərə, özü-özlüyündə bu görüşlər, artıq bir növ üslubdur. İstisna etmirəm ki, gələcəkdə bəzi mövzular da orada müzakirə olunacaq. Yəni hansısa ixtisaslara malik insanların arasında olan görüş, məsələn, tarixçilər, ədəbiyyatçılar, sonra bəlkə də hansısa ikinci eşalonda olan siyasi simalar da müxtəlif səviyyəli tədbirlərdə görüşə bilərlər.

Amma bu tədbirlərdə müzakirə olunan mövzular bəlkə də əsas diplomatiya xətti ilə müzakirə olunan mövzulara da toxuna bilər. Misal üçün, kommunikasiyaların açılması və ümumiyyətlə, bunun barəsində hər hansı fikir mübadiləsi. 

Mən demirəm ki, orada hansısa qərarlar həll olunacaq. Daha sonra əsirlərin dəyişməsi mövzusu, ya da həlak olmuş insanların taleyini dəqiqləşdirmək məsələsi ilə əlaqədar fikir mübadiləsi də ola bilər. Yaddan çıxarmamalıyıq ki, təxminən 4 minə yaxın həmvətənlimizin taleyi barəsində bizdə məlumat yoxdur. Bəlkə də bu istiqamətdə və cəmiyyəti narahat edən bu mövzuda müzakirələr oluna bilər.

Biz bilirik ki, erməniləri həddindən artıq narahat edən bir başqa mövzu isə terrorçuların saxlanmasıdır. Hesab edirəm onlara çatdırmaq lazımdır ki, ümumiyyətlə, ermənilər, artıq başa düşməlidirlər ki, sərhədin bu tərəfinə keçən hər bir silahlı və bədniyyətli insan Azərbaycan qanunlarına görə məsuliyyət daşımalıdır. Bunun barəsində bu fikirləri çatdırmaq da fikrimcə, faydalı olacaq.

- Fərhad Bədəlbəyli onu da vurğulayıb ki, gələcəkdə hansısa ortaq layihələr ola bilər. Sizcə, bunlar nə kimi layihələrdir?

- Daha düzgün olardı ki, Fərhad müəllim bunun barəsində özü danışsın. Amma mən istisna etmirəm ki, bəzi fikirlər hələ layihə olaraq qalıb. Hələlik bunları iki tərəfdən qiymətləndirilib hansısa konkret mövzulara çevirmək üçün bir vaxt lazımdır. Ona görə də, indiki mərhələ musiqi aləminə aid insanların hansısa müştərək layihələri barəsində müzakirəsinə mütəxəssis olmadığıma görə, bir fikir deyə bilmərəm.

İqtisadi layihələrin sonrakı mərhələsini isə istisna etmirəm. Ən aktual mövzu indiki mərhələdə kommunikasiyaların bərpası və onların təhlükəsiz istifadəsidir. Bu baxımdan, əgər iqtisadi layihələri biz nəzərdə tuturuqsa, bir növ ardıcıllıq olmalıdır.

- Bu görüş Moskvada keçirildi. Ola bilməz ki, tərəflər Bakı və İrəvanda qarşılıqlı görüşsünlər, ya da ən pis halda alternativ Tbilisidə bu görüş baş tutsun.

- Mən daha doğrusu, Bakı və İrəvandan qabaq bəlkə də Türkiyəni – Ankaranı nəzərdə tuta bilərdim. Çünki Türkiyə də bu məsələdə, artıq Rusiya-Türkiyə tandeminin bir üzvüdür. Bunu yaddan çıxarmayaq. İstəyərdim ki, ikinci görüş Türkiyədə baş vesin. Çünki, artıq Türkiyə mövzusu erməni siyasətində ən öndə gedən və ən aktual mövzulardan biridir. Ermənilərdə Türkiyəyə qarşı streotiplər var ki, onlara aydınlıq gətirilməsi üçün bəlkə də Ankarada keçiriləcək görüş müsbət ola bilər.

Rafi MÜSLÜMOV

“Ermənilərlə ikinci görüş Türkiyədə keçirilsin!” – Sabiq nazir