Ərdoğan İranla sərhəddə: Prezidentlər hansı mesajı verdi? - Deputat

Ərdoğan İranla sərhəddə: Prezidentlər hansı mesajı verdi?

Ərdoğan İranla sərhəddə: Prezidentlər hansı mesajı verdi? - Deputat

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun sədri, Milli Məclisin deputatı Elman Nəsirovun Polemika.az-a müsahibəsi:

– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Onun səfərini necə dəyərləndirirsiniz?

– Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsindədir. Münasibətlərimiz strateji və hərbi müttəfiqlik təməli üzərində qurulub. Artıq qardaş dövlətin prezidenti cənab Ərdoğanın tarixi zəfərimizdən sonra Azərbaycana sayca üçüncü səfəridir. Səfərlərin sayının özü münasibətlərin göstəricisdir.

Bu günlərdə növbəti tarixi anlar yaşayırıq. İşğaldan azad olunmuş Füzulidə beynəlxalq hava limanının rəsmi açılışı həyata keçirildi və mərasimə məhz qardaş Türkiyə dövləti başçısının qatılmasının özü çox böyük siyasi mənası olan bir hadisədir. Digər tərəfdən, cənab Ərdoğan bu gün həm də Zəngilanda “ağıllı” aqroparkın təməlqoyma mərasimində olacaq. Burada Türkiyə şirkətlərinin yaxından iştirakı təmin olunub.

– Azərbaycana dost və düşmən olan ölkələr bu səfərdən hansı nəticələr çıxarmalıdır?

– Bütün bunlar çox mühim hadisələrdir və onların mənası budur ki, bütün dünya görsün ki, istənilən anda, yaxşı gündə də, pis gündə də bu iki qardaş dövlət bir-birinin yanındadır. Türkiyə bu gün dünya siyasətində əsas aktyorlardan, dünyanın güc mərkəzlərindən biridir. İqtisadi gücünə görə Avropada 6-cı, 7-ci, dünyada isə 16-cı, 17-ci yerdədir. Hərbi gücünə görə dünyada ilk onluğa daxildir, NATO çərçivəsində isə ikinci yerdədir. Belə bir nəhəng dövlətin rəhbəri nəhəng problemləri həll edir.

Türkiyə prezidentinin vaxt tapıb qardaş Azərbaycana son 1 ildə 3 dəfə səfər etməsi, həm də Füzuli beynəlxalq hava limanının açılışında iştirak etməsindən kimlərsə narahat və gərgindirsə, bu onların problemidir. Bilsinlər ki, Azərbaycana uzadılan xain əli Türkiyəyə uzadılmış əldir, Türkiyəyə uzadılmış xain əl isə Azərbaycana uzadılmış əldir. Kimlərsə aramıza girmək istəsə, bu iki dövlətin arasında sıxılıb məhv olacaq. 

– Moskvada üçtərəfli görüşün ərəfəsində Ərdoğanın Azərbaycana gəlməsi təsadüfidir?

– Təbii ki, səfər xüsusi bir zamana təsadüf edir. Qarşıda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Vaxt dəqiq deyil, amma noyabr ayının birinci ongünlüyündə keçirələcəyi ilə bağlı məlumatlar var. Bu görüş çərçivəsində də çox ciddi razılaşmaların əldə olunacağı gözlənilir.

Ermənistanın son zamanlar həm Türkiyə, həm də Azərbaycan istiqamətində müsbət ismarıclar və impulslar göndərməsi postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı yeni şərait formalaşdırır. Ermənistan da, Rusiya da Cənubi Qafqazda təhlükəsizlik məsələsinin həllində Türkiyənin varlığını artıq bütün dünya qəbul edib. Ona görə də hesab edirəm ki, qarşıdaki görüş çərçivəsində də Ərdoğanın Azərbaycana səfəri Azərbaycanın mövqelərini danışıqlarda gücləndirən amildir. Mən bunun altından qırmızı xətt çəkib söyləyirəm.

Danışıqlar prosesindəki ciddi məsələlər müzakirə olunacaq. Burada Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, dəhlizlərin açılması, kommunikasiyaların bərpası, xüsusilə də Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərimizin xəritəsini Ermənistanın Azərbaycana təqdim etməsi, sülh sazişinə aparan yolda digər mühim addımlar gündəmin əsas məsələləridir.

Bu reallıqlar fonunda danışıqlar prosesində Azərbaycanın arxasında Türkiyənin dayanması, Azərbaycanı birmənalı şəkildə müdafiə etməsi, şübhəsiz, mövqe üstünlüyümüzü təmin edir.

Ümumiyyətlə, biz qalib gəlmiş dövlətik və başqa cür də ola bilməz, amma bu bizə əlavə güc verir və postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi daha da möhkəmlənmiş olur.

Rafi Müslümov

Ərdoğan İranla sərhəddə: Prezidentlər hansı mesajı verdi? - Deputat