Bakının 5 bəndlik sülh təklifi: Mirzoyanın cavabı bəlli oldu, bəs Paşinyan?

Bakının 5 bəndlik sülh təklifi: Mirzoyanın cavabı bəlli oldu, bəs Paşinyan?

Bakının 5 bəndlik sülh təklifi: Mirzoyanın cavabı bəlli oldu, bəs Paşinyan?

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyası iclas keçirəcək (ola bilsin bu gün, martın 18-də) və orada baş nazir Nikol Paşinyanın da iştirakı gözlənilir.

Polemika.az erməni mənbələrinə istinadən xəbər verir ki, məqsəd Ermənistan baş nazirinin Azərbaycan tərəfinin bu günlərdə irəli sürdüyü 5 bəndlik sülh təklifinə, daha dəqiqi, sülh danışıqlarının başlanması üçün təqdim olunan baza prinsiplərinə münasibətini şəxsən dəqiqləşdirməkdir.

“Joqovurd” qəzeti yazır ki, iclasda Paşinyanın Azərbaycanın 5 bəndlik təklifi barədə danışacağı gözlənilir. “Çünki bu təkliflər təkcə cəmiyyətdə yox, fraksiyada da suallar doğurub. Deputatlar birinci əldən öyrənmək istəyirlər ki, Paşinyan bu təklifləri necə şərh edir”,-mənbə bildirib. Məlumata görə hakim partiyadan deputatlar xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı ilə qapalı iclas keçirməyə hazırlaşırlar. “Onlar baş verənlər haqda KİV-lərdən məlumat alırlar və heç olmasa qapalı iclaslarda öyrənmək istəyirlər ki, sizləri, bizləri nə gözləyir”, - mənbə əlavə edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Antalya diplomatiya Forumunda açıqladığı və rəsmən Ermənistana təqdim edilən baza prinsipləri aşağıdakılardır:

 • Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 • Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 • Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu baza prinsiplərini faktiki olaraq rədd edib. Bildirib ki, erməni tərəfi üçün prinsipial və fundamental məsələ “Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təminat altına alınması, habelə Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsidir”. Habelə Mirzoyan Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından qarşılıqlı əl çəkilməsi prinsipini təsdiqləməkdən yayınıb. Bildirib ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini 1991-ci ildə Almatıda MDB-nin yaradılması haqda sənədə imza atarkən tanıyıblar. Bu isə “Azərbaycanın ərazi bütövlüyü ilə Qarabağ məsələsi arasında birbaşa əlaqənin olmaması” şəklində erməni diplomatiyasının uğursuz fəndidir.

Azərbaycan XİN erməni tərəfinin 5 bəndlik təklifə bu cür publik münasibətini “biz bir daha bunları təkrar etmək niyyətində deyilik” formasında reaksiya verib. Amma mümkündür ki, Ermənistan rəhbərliyi publik olaraq Bakının təkliflərinə-sülhün əldə edilməsi üçün Azərbaycan tərəfinin yaratdığı əlverişli və ola bilsin sonuncu şansa belə münasibət ortaya qoysa da əslində reallığı dərk edir. Bütünlüklə beynəlxalq normalara əsaslanan bu prinsipləri rədd etməyin hansı nəticələr doğuracağını bilir və bu baxımdan qapalı iclasda Paşinyanın Mirzoyandan fərqli danışacağı istisna deyil.virtualaz.org

Bakının 5 bəndlik sülh təklifi: Mirzoyanın cavabı bəlli oldu, bəs Paşinyan?