“Sonrakı epidemiya indikindən çox-çox pis ola bilər” - SOS 

“Sonrakı epidemiya indikindən çox-çox pis ola bilər” - SOS 

“Sonrakı epidemiya indikindən çox-çox pis ola bilər” - SOS 

"AstraZeneca" peyvəndinin memarlarından biri olan professor Sara Gilbert deyir ki, növbəti epidemiyalar Covid-19-dan daha ölümcül ola bilər.

Britaniyada 44 ildir davam edən ənənəyə görə, ölkənin məşhur radio-televiziya işçisi Riçard Dimblebinin xatirəsi il ərzində incəsənət, mədəniyyət, elm və ya iqtisadiyyat sahəsində hər hansı uğura imza atmış şəxslərdən birinin çıxışıyla yad edilir. Builki çıxışçı Sara Gilbert olub. O, bazar ertəsi BBC-1 telekanalında yayımlanan çıxışı zamanı növbəti epidemiyalara hazır olmaq üçün indiki nailiyyətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Gilbert indiki peyvəndlərin "Omicron" ştammına daha az təsir edə biləcəyini bildirib, bu ştammla bağlı məlumatlar dəqiqləşənə qədər ehtiyatlı davranmağı tövsiyə edib.

Sara Gilbert "AstraZeneca" vaksini üzərində koronavirus Çində aşkar ediləndən dərhal sonra işləməyə başlamışdı. Hazırda 170-dən çox ölkədə tətbiq edilən bu peyvənd dünyada koronavirusa qarşı ən çox istifadə olunan preparatdır.

"Bu, həyatımızı və gəlir mənbələrimizi təhdid edən son virus deyil. Sonrakı epidemiya indikindən çox-çox pis ola bilər - ya daha yoluxucu, ya daha öldürücü, ya da daha yoluxucu və öldürücü. Buna indidən hazırlaşmalıyıq. Pandemiya dövründə yaşadıqlarımızdan, çəkdiyimiz əziyyətlərdən sonra, böyük iqtisadi itkilər ucbatından hələ də epidemiyalara hazırlaşmaq üçün vəsait qıtlığı problemi ilə qarşılaşmamalıyıq. Qazandığımız tərəqqi və əldə etdiyimiz biliklər itirilməməlidir," - Gilbert belə deyib.

Professor Gilbert protein çıxıntılarındakı mutasiyalara görə yeni ştammda yoluxuculuğun artdığını xatırladıb: "Amma başqa mutasiyalar da var. Bu, o deməkdir ki, virusa yoluxma və ya peyvənd vurdurma nəticəsində yaranmış antitellər kifayət qədər effektli olmaya bilər. Yeni ştamm daha yaxşı öyrənilənə qədər təmkinli olmalı və yayılma sürətini azaldacaq addımlar atmalıyıq".

Professor həmçinin qeyd edib ki, "Omicron"a yoluxma riskinin artması xəstəliyin daha ağır və ya daha ölümcül olması kimi anlaşılmamalıdır. O, peyvəndlərin və digər preparatların hazırlanması istiqamətindəki nailiyyətlərin lazımi sürətlə davam etməli olduğunu bildirib.

"Omicron" aşkar edildikdən sonra bəzi Afrika ölkələrini qırmızı siyahıya salan Britaniya hökuməti ötən həftədən etibarən bu ölkəyə səyahət edən 12 yaşdan yuxarı bütün sərnişinlərdən uçuşdan əvvəl 48 saat ərzində PZR və ya sürətli antigen testi tələb edir.

Ancaq alimlər səyahət məhdudiyyətlərinin gecikmiş tədbir olduğunu deyirlər. Böyük Britaniya hökumətinin məsləhətçisi, Epidemik Qrip Elmi Modelləşdirmə Qrupunun üzvü, professor Mark Vulhaus BBC-yə verdiyi müsahibədə "Omicron"un ölkədə "kifayət qədər sürətlə" yayıldığını bildirib:

"Britaniya və Cənubi Afrikada yayılma sürəti qarşıdakı həftələrdə və aylarda da davam edərsə, "Omicron" dünyada dominant ştamma çevriləcək".

 

“Sonrakı epidemiya indikindən çox-çox pis ola bilər” - SOS