Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəldi

Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəldi

Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəldi

Martın 18-də Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polemika.az-a verilən məlumata görə, vitse-spiker Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə onları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib.

Vitse-spiker qonaqlara Azərbaycanın müstəqillik tarixindən söz açıb, iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Fəzail İbrahimli, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb, bu formatın qardaş ölkələr arasında tərəfdaşlığın inkişafına xidmət etdiyini bildirib.

Pakistan İslam Respublikası Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Sədaqət Əli Abbasi görüşə görə təşəkkürünü bildirib, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin salamlarını çatdırıb, Novruz Bayramı münasibətilə təbriklərini ifadə edib. Qonaq ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Milli Assambleyanın İqtisadi məsələlər komitəsinin sədri Xan Məhəmməd Camali, deputatlar Saifi Qazala, Fozia Behram, Sayid Xan, Xan Zulfiqar Əli yüksək qonaqpərvərliyə görə təşəkkür ediblər, Novruz bayramı münasibətilə təbriklərini səsləndiriblər, Azərbaycanda gördükləri iqtisadi inkişaf və tərəqqiyə görə sevindiklərini dilə gətiriblər. Parlamentarilər Azərbaycan və Pakistan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Kəmaləddin Qafarov, İlham Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəldi