Putin SSRİ-ni bərpa etməyə çalışır? 

Putin SSRİ-ni bərpa etməyə çalışır? 

Putin SSRİ-ni bərpa etməyə çalışır? 

“Rusiya, xüsusilə Putin dövründə keçmiş SSRİ sərhədlərində geopolitik təsir dairəsini bərpa etməyə çalışır. Ehtimala görə, bu, SSRİ formasında ola bilər. Bunun üçün həlledici həlqələrdən biri Ukraynadır. Ukrayna Rusiyanın təsir dairəsində olmadan belə bir geopolitik layihəni həyata keçirmək mümkünsüzdür. Bu baxımdan Moskva çoxdandır ki, Ukraynada ruspərəst hakimiyyətin bərqərar olması və Kiyevin Rusiyanın təsir dairəsində olan ölkələr qrupuna daxil edilməsi üçün iş aparır. Krımın ilhaqı, Donetsk və Luqanskın işğalı da bu strateji planın tərkib hissəsidir”.

“Polemika.az” xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

Partiya sədri bildirib ki, bu prosesin isti müharibə, yoxsa soyuq müharibə formasında davam edəcəyini zaman göstərəcək: “Hazırda biz informasiya, texnologiya, hibrid müharibə müşahidə edirik. Bu, faktiki olaraq soyuq müharibədir. Lakin hərbi baxımdan müharibənin olub-olmayacağını proqnozlaşdırmaq çətindir”.

P. Hüseynin təxminlərinə görə, NATO-Rusiya müharibəsi real deyil: “Çünki bu, nüvə silahına malik güclər arasında savaş olardı və bunun da nə ilə nəticələnəcəyi bəllidir. Amma Ukrayna ərazisində lokal hadisələrin baş verməsi mümkündür. Bu halda Qərbin Rusiyaya hansı reaksiya verəcəyi dəqiq məlum deyil. Qərbin xətti belədir ki, müharibəyə girişməyəcək, sanksiyalar vasitəsilə Rusiyaya zərbə endiriləcək”.

P. Hüseynin fikrincə, Rusiya müharibə olacağı təqdirdə ona qarşı tətbiq ediləcək sanksiyaların təsirlərini hesablayır: “Rusiya hərbçiləri, iqtisadçıları və rəhbərləri Qərbin tətbiq edəcəyi sanksiyalarla bağlı hesablama aparsalar və müəyyən etəsələr ki, bu sanksiyalar Rusiyanın mövcudluğuna dağıdıcı təsir etməyəcək, bu halda Ukrayna məsələsində Putin qəti addımlar atacaq. Burada söhbət birbaşa hücumdan, total əməliyyatlardan getmir. Lokal hərbi döyüşlər, ildırımsürətli addım, hərbi çevriliş və digər müxtəlif variantlara cəhd edə bilərlər.

Aydındır ki, Putinin geopolitik strategiyası Ukraynanın Rusiya təsir dairəsində olmadan mümkün deyil. Ukraynanın buradakı yeri bu baxımdan həlledicidir. Şübhəsiz ki, Rusiya bu istiqamətdə səylərini davam etdirəcək. Moskva əmin olsa ki, Rusiya ona tətbiq ediləcək sanksiyalardan çıxa bilər, bu halda daha real addımlar atılacaq. Yox, əgər daxildə qənaət olsa ki, sanksiyalar dağıdıcı təsirlər göstərəcək, bu halda riskə getməyəcəklər”.

 

Putin SSRİ-ni bərpa etməyə çalışır?