Müdafiə Nazirliyindəki mühasiblər: Onlar necə general olub?

Müdafiə Nazirliyindəki mühasiblər: Onlar necə general olub?

Müdafiə Nazirliyindəki mühasiblər: Onlar necə general olub?

“Ümumiyyətlə, istənilən güc strukturunun maliyyə, tibb xidməti, eləcə də mətbuat xidməti və s. şöbələrində çalışan şəxslərin hərbi qulluqçu olması, yəni hərbi rütbə daşıması məcburidir. Çünki aidiyyəti bölmələrdə çalışan şəxslər, həm də sirr daşıyan şəxslərdir və onlar hərbi qulluqçu olaraq bu öhdəliyi öz üzərlərinə götürürlər”.

Bu sözləri Polemika.az-a açıqlamasında hərbi eskpert Ramil Məmmədli deyib.

O, Müdafiə Nazirliyində baş verən həbslərdən sonra “Güc strukturlarında çalışanların rütbə alması vacibdirmi” sualına cavab verərkən deyib:

“Əslində, burada qeyri-qanuni heç bir şey yoxdur. Yəni maliyyə xidmət rəisinin hərbi qulluqçu olması normal bir şeydir. Sadəcə olaraq, maliyyə xidmət rəisinin işləri hansı şəkildə qurması, fəaliyyət göstərməsi, yaxud tabe olduğu komandanlığın hansı formada işi idarə etməsi, bax, bu əsas məsələdir. Bu sualın yaranmasının əsas səbəbi Müdafiə Nazirliyində saxlanılan şəxslərlə bağlıdır. İndi əlbəttə, həmin şəxslərin hələ günahı sübuta yetirilməyib, sadəcə olaraq barələrində həbs qətimkan tədbiri seçilib və ibtidai istintaq gedir. Məhkəmə istintaqında artıq onların təqsirkar olub-olmadığı üzə çıxacaq.

Yenə deyirəm ki, burada qeyri-qanuni və narahatlıq yaradan məqam yoxdur. Hərbi xidmətdə olan şəxslər bilirlər ki, hərbi hissənin maliyyə sahəsinə cavabdeh olan şəxsin və yaxud da həkimin hərbi qulluqçu olması zəruridir. Hərbi hospitallar, hərbi tibb müəssisələrində çalışanların da hərbi rütbədə olması məqsədəuyğundur”.

R. Məmmədli əlavə edib:

“Doğrudur, orada mülki təyinatlı sahələr də var. Məsələn, təsərrüfat və s. Amma bu əvvəldən də belə olub və bütün ölkələrin güc strukturlarında belədir. Maaliyyə, tibb, eləcə də, mətbuat xidməti şöbəsində çalışanlara hərbçi olmalıdır.

Sıradan bir jurnalisti, çox peşəkar bir mətbuat nümayəndəsini Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi qoymaq nə qədər düzgün olar? Çünki o hərbi terminalogiyanı, güc strukturlarının daxili qaydalarını, ordunun strukturunu bilmir. Yəni sualları cavablandırarkən, press-relizi hazırlayarkən standartları bilmirsə, o adamı necə oraya işə götürsünlər?! Ona görə də, bu sahədə də hərbçilərin olması vacibdir”.

“Digər tərəfdən də, hələ sovet dövründə bu istiqamətdə hərbi-siyasi fakültələr var idi. Hərbi-siyasi fakültə ordu üçün, keçmiş dillə desək “zampolit”, yəni siyasi məsələlər üzrə təbliğat-təşviqat təlimatçısı ştatı idi. Sonralar bunu Azərbaycan ordusunda tərbiyəvi işlər üzrə müavin adı ilə müəyyənləşdirdilər. Bu insanlar həqiqi hərbi xidmət keçir və həmin o istiqamətdə xidmət edən şəxslər də sonradan mətbuat xidməti sahəsində fəaliyyət göstərirlər. Çünki hər bir ordunun mətbuatla əlaqəli bir qurumu var və onlar bu sahədən məlumatlı olmalıdırlar. Yəni bu insanların hərbçi olması və rütbə alması normaldır”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Müdafiə Nazirliyindəki mühasiblər: Onlar necə general olub?