“Mahirə bir yumruq vurulubsa, digərlərinə 10-u vurulmalı idi” - Rəşad Sadıqov

“Mahirə bir yumruq vurulubsa, digərlərinə 10-u vurulmalı idi” - Rəşad Sadıqov

“Mahirə bir yumruq vurulubsa, digərlərinə 10-u vurulmalı idi” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”da komanda yoldaşı olmuş Mahir Emreli ilə bağlı fikirlərini bildirib.

Polemika.az xəbər verir ki, gənc mütəxəssis İTV-nin “Bol idman” verilişinin dünənki buraxılışında Emreli ilə klubu “Legiya” (Polşa) arasında yaranan problemə toxunub.

R.Sadıqov deyib ki, ilk dəfədir Mahirin hansısa qalmaqallı vəziyyətində onu anlayışla qarşılayır:

“Azarkeşlərlə onun arasında hadisə baş verdikdən 2 gün sonra özü ilə də danışdım. Əvvəlcə elə bildim ki, mətbuat bu məsələni şişirir. Çünki bir dəfə də “Legiya”nın futbolçuları azarkeş hücumuna məruz qalmışdı. Ancaq bu dəfə Mahirə avtobusda əl atıblar. Onunla hadisəni detallı danışdım. İlk dəfədir ki, onun qərarını dəstəkləyirəm”.

R.Sadıqov bu hadisəyə görə “Legiya” rəhbərliyini günahlandırıb. Onun fikrincə, klub bu məsələdə gec hərəkət edib: “Buna qədər bir dəfə ciddi təhdid olub. Ümumiyyətlə, “Legiya” azarkeşləri sərtliyi ilə məşhurdur. Azarkeşi qınamıram. Bu, onların öz yanaşması, tərbiyə metodudur. Buna görə klub idarəçilərini qınayıram. Artıq bir dəfə belə hadisə baş vermişdi. İkinci olayda isə komanda bazasına gələrkən onları orada azarkeş kütləsinin gözlədiyi məlumatı kluba daxil olmayıb? Görürsünüz ki, təhdidlər var, niyə təhlükəsizlik təmin olunmur? Komandanın qapısı niyə asanlıqla açılır və azarkeş ora daxil olub Mahirə və digər futbolçuya əl qaldırır? Niyə buna heç bir futbolçu və ya məşqçi müdaxilə etmir? Bəlkə məşqçi və ya hansısa təcrübəli futbolçu aşağı düşüb onlarla söhbət eləsə, heç avtobusa da girməyəcəklər. Üstəlik, hadisə klub tərəfindən ictimailəşmədi, futbolçulara üzrxahlıq edilmir, onlarla xüsusi görüş keçirilmir. Mahir məşqlərdən imtina etdikdən sonra artıq onlarla görüş olur. Bu hadisələrin baş verməsində günahı klubun İdarə Heyətində görürəm. Fərqli münasibət olmalı, futbolçularla dərhal görüşüb, onların könlü alınmalı idi”.

R.Sadıqovun fikrincə, bu hadisədən sonra Mahir “Legiya”ya qayıtmamalıdır: “Məşqçilərinin açıqlamasını oxudum ki, çətin günlərdə xarakter nümayiş etdirmək... Hansı xarakterdən danışırsan? Çətin günlərdə hamı sakit oturdu yerində, Mahirə əl qaldırıldı. Xarakter onda göründü. Bu, kollektivdir. Niyə təkcə Mahirə əl qaldırılır? Mən olum Mahirin yerində. Ora necə qayıdıb çıxış edim? Yəni Mahirin tutduğu mövqeni düzgün sayıram. Klub da ona anlayış göstərməli və Mahirin ayrılmaqla bağlı qərarını dəstəkləməlidir. Çünki günah klubun özündə oldu”.

Rəşad Sadıqov onu da əlavə edib ki, Mahir Emreli mövsümün geridə qalan hissəsində “Legiya”nın ən yaxşı futbolçusudur: “Mahirə gələn təklifləri nəzərə alsaq, görərik ki, baş verən hadisə onun CV-sinə mənfi təsir etməyəcək. Hamı hadisənin necə baş verdiyini bilir. “Legiya”nın azarkeş qrupu böyük qüvvədir. İnanmıram ki, 10 azarkeş Mahirin qarşısına çıxsa, 1-2 mühafizəçinin onu qoruyacaq. 35 nəfərin içində girib onu vurublar. Niyə qorumurdular? Maraqlıdır ki, uğursuz komandada futbolçuların içində ən uğurlusu Mahir idi. Əgər Mahirə bir yumruq vurulubsa, digər oyunçulara 10-u vurulmalı idi. Futbolçuların uğursuz çıxışına görə belə bir cəza tətbiq olunursa, digərlərinin cəzası daha ağır olmalıdır. Komanda çempionatda çöküşdədir. Bunun cəzası yalnız Mahirə kəsilirsə, ədalətsizlikdir”.(qol.az)

“Mahirə bir yumruq vurulubsa, digərlərinə 10-u vurulmalı idi” - Rəşad Sadıqov