"Mahiri ruhdan salmaq olmaz" - "Yoldan keçən birinin onun haqqında..."

"Mahiri ruhdan salmaq olmaz" - "Yoldan keçən birinin onun haqqında..."

"Mahiri ruhdan salmaq olmaz" - "Yoldan keçən birinin onun haqqında..."

Son günlər Polşa mətbuatı azərbaycanlı legioner Mahir Emreli haqqında xoşagəlməz məlumatlar yayır.

Mahir Emreli “Legiya”ya transfer edilən zaman onun haqqında xoş xəbərlər eşidirdik, indi isə əksinədir. 

O, ulduz xəstəliyinə tutulub, yoxsa xaricdə oynamaq üçün çoxmu zəif idi?

Tanınmış idman yazarı Aydın Bağırov mövzu ilə bağlı Polemika.az-a açıqlama verib. “Futbolçumuzun gündəmə gətirilməsi müsbət haldır” deyə,o, bildirib:

“Polşada futbola və futbolçulara ictimai nəzarət çox yüksək səviyyədədir. Həm media, həm də azarkeşlər tərəfindən futbolçular izlənilir. Bu gün Mahirin üzərində nəzarət olması, gündəmə gətirilməsi müsbət haldır. Çünki onunla hesablaşırlar, o, ad salıb ki, onunla belə maraqlanırlar. 

Mahir Emreli ilə bağlı xəbərləri mən də oxuyuram. Lakin məni təəccübləndirən yerli mediada yoldan keçən bir insanın belə Mahir haqqında olan tənqidi fikirlərinin tirajlanmasıdır. 

Belə yanaşmalardan və mövqedən qaçmaq lazımdır. Çünki Mahir Emreli bizim medianı yaxından izləyir. Onun öz vətənindən belə münasibət görməsi, Mahiri ruhdan sala və psixologiyasına təsir edə bilər.

Mən həmkarlarımı belə məlumatlardan qaçmağa çağırıram. 

O ki, qaldı içki masasına, gecə klubunda çəkilən bir şəkil onun içki içməsi anlamına gəlmir. Orada kola və ya fanta da içə bilər. Ümumiyyətlə, məlum deyil ki, bu şəkil nə vaxt çəkilib. Oyundan əvvəl ya sonra bunu araşdırmaq lazımdır.

Əgər oyundan sonra bir futbolçu gedib gecə klubunda dincəlirsə, cüzi dərəcədə spirtli içki içirsə, burada təəccüblü heç nə yoxdur. Biz məsələyə peşəkar kimi yanaşmalıyıq. Çünki futbolçu daim oyun gərginliyi içərisində olur. Onlara qadağalar qoyulur. Komandanın təlim məşq toplanışında olur və ya evdən çölə çıxmır. Futbolçunun uğur qazandığı oyundan sonra gedib stress atması, təəccüblü deyil. O da bizim kimi bir insandır. Əylənmək, nədənsə zövq almaq hüququ var. Əlbəttə, bu aşırı dərəcədə olmamalıdır”.

Bağırov futbolçunun ulduz xəstəliyinə tutulub-tutulmaması haqqında da danışıb:

“Mahir ulduz xəstəliyinə tutulmayıb. Mətbuatda yayılan şəkil avqust ayında çəkilib. Avqust ayından sonra Mahirin kifayət qədər yaxşı oyunları olub. “Lester” kimi komandaya qol vurub, “Legiya”da yaxşı nəticələr göstərib. Mahirin oyununda geriləmə olduğunu düşünmək nöqsanlı yanaşmadır. Mahir öz üzərində daima çalışır, fiziki baxımdan çox yaxşı vəziyyətdədir. Heç kim təminat verə bilməz ki, hücumçular hər oyun qol vurmalıdır. 

Polşa kimi ölkələrdə oyunçu üzərində nəzarət güclü olur və  tələbləri yüksəkdir. 

Mahir bu günə qədər uğurlu çıxış edib, bundan sonra da uğurla davam edəcək. Qarşısına hədəf qoyub və o hədəfə doğru inamla irəliləyir.  Mahir XXI-ci əsr legionerlərinin ən uğurlusudur”.

Mehri Qurban 

"Mahiri ruhdan salmaq olmaz" - "Yoldan keçən birinin onun haqqında..."