Gorus-Qafan yolunda gömrük postu: Nə baş verir? - Deputatdan açıqlama

Gorus-Qafan yolunda gömrük postu: Nə baş verir?

Gorus-Qafan yolunda gömrük postu: Nə baş verir? - Deputatdan açıqlama

Ermənistan və Azərbaycan Gorus-Qafan yolunda gömrük postları yaratmağa qərar verib. 

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib:

"Bu gün Azərbaycan tərəfi bizə məlumat verib ki, bu gecə saat 00:00-dan Gorus-Qafan avtomobil yolunun onların ərazisinə düşən hissələrində sərhəd və gömrük nəzarəti funksiyalarını yerinə yetirəcəklər, yəni gömrük məntəqələri yaradılacaq.

Ermənistan tərəfi də sözügedən yolda gömrük və sərhəd məntəqələri yaradacaq. Artıq iş gedir", - deyə Armen Qriqoryan vurğulayıb.

Məsələ ilə bağlı Polemika.az-a açıqlama verən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, həmin yolda gömrük postlarının qurulması çox vacib məsələdir:

“Gorus-Qafan yolunda bundan qabaq  Daxili İşlər Nazirliyinin postu qurulmuşdu. İndi ola bilər ki, gömrükçülər də orada olsun. Çünki bu yol İrandan Ermənistana gedən əsas yoldur. Dünən bu yolda çox ciddi bir əməliyyat keçirildi və kifayət qədər böyük məbləğdə narkotik maddə ilə doldurulmuş yük maşını saxlanıldı. Bu barədə məlumat dünən DİN tərəfindən yayıldı”.

Millət vəkili əlavə edib:

“Hesab edirəm ki, bu yolun nəzarətə götürülməsi bizim üçün çox vacibdir. Ona görə də, burada qeyri-adi bir şey görmürəm. Normal olaraq burada gömrük nəzarəti mütləq həyata keçirilməliydi və oldu.

Düşünmürəm ki, gömrük postlarının olması, gediş-gəlişin olacağı anlamına gəlsin. Burada söhbət əsasən Gorus-Qafan yolundan keçir. Hansı ki, burada yükdaşıma işləri daha çox gedir. İrandan Ermənistana əsas yükdaşıma yoludur həmin yol. Bizim DİN onsuz da yoxlayırdı ki, oradan nə qədər yüklər keçir və s. Doğrudur, post qoyulandan sonra vəziyyət gərginləşdi, amma bu düzgün qərar idi. Çünki o yol mütləq nəzarətimizdə olmalıdır”.

Rafi MÜSLÜMOV

Gorus-Qafan yolunda gömrük postu: Nə baş verir? - Deputatdan açıqlama