Tokayev və Əliheydər Qarayev təfəkkürü

Tokayev və Əliheydər Qarayev təfəkkürü

Tokayev və Əliheydər Qarayev təfəkkürü

Bir müddət əvvəl təsadüfən əlimə düşən kitabı oxudum: “Onlar türklərdir”. Kitab Azərbaycan mühacirət ədəbiyyatından bəhs edir.  Ön sözdə müəllifin kimliyinin qeyri-müəyyən olduğu qeyd edilir və “Rana” imzası ilə çap olunub.

Əsər Azərbaycan türklərinin qırmızı imperiyanın ayaqları altında tapdanması, uzaq Sibir çöllərindəki sürgün düşərgələri və İkinci Dünya Müharibəsi zamanı bu toplumun başına gələn müsibətlərə həsr olunub. Roman hadislərin içində olan şəxsin dilindən yazıldığı (və ya elə həmin şəxsin özü tərəfindən) üçün yaşanan ağrı-acı cümlələrə hopub və onu həyəcansız oxumaq mümkün deyil.

Kitabda qısa da olsa, həmin illərdə Qazaxıstanda baş verən hadisələrə də toxunulur.

Bu mövzuda yüzlərlə əsər yazılıb. Ona görə yazılıb ki, biz millət olaraq yaxın keçmişimizdən dərs alaq. Bilək ki, bu faciələr bizim uzaq keçmişdəki ulu babalarımızın başına gəlməyib. O günləri öz doğma baba və nənələrimiz yaşayıb. Yaxın tarixdə. Aradan ötən müddət heç bir əsr də deyil.

1920-ci ildə Qızıl Ordu Azərbaycana daxil oldu. Onları ölkəmizə - müstəqil cümhuriyyətə Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri dəvət etmişdi. Bu zaman isə Əlheydər Qarayev və Çingiz İldırım Mikoyandan da çox canfəşanlıq göstərmişdilər. Onların dəvəti olmasaydı, Qızıl Ordu Azərbaycana daxil olmayacaqdımı? Əlbəttə, daxil olacaqdı. Amma bu işğala don geyindirmək lazım idi. O donu da qarayevlər, ildırımlar böyük sənətkarlıqla biçdilər. Yenicə ağ günə çıxmış Azərbaycanı təkrar qara libasa bürüdülər. Ölkəmiz faktiki işğal olundu. Milyonlarla vətənpərvərimiz, ziyalımız sürgünlərdə can verdi, namərd gülləsinin qurbanı oldu.

Sovet imperiyası qurulan zaman eyni və ya oxşar hadisələr bütün ittifaq ölkələrində baş verdi. Qazaxıstanda da...

Aradan düz 100 il keçib. Qazaxların Əliheydər Qarayev libasını geyinmiş lideri Tokayev 2021-ci ilin ilk günlərində KTMT adı altında rus ordusunu öz ölkəsinə dəvət etdi. Bir əsr əvvəlki strategiya yenə də qüsursuz işlədi. Proseslərin necə davam edəcəyi bilinmir. Sadəcə, görünən odur ki, bolşevik təfəkkürü rus ordusunun, Lenin ideyaları Putinin timsalında öz oyanışını yaşayır. Qazax küçələrində mülki və günahsız insanlar qətlə yetirilir. Dövləti Putinin, yoxsa Tokayevin idarə etdiyi bəlli deyil.

Bir çox rus şovinistləri hadisədən sonra böyük iştahla ağızlarını marçıldatmağa başlayıblar. Ağzı köpüklənmiş şovinistlərin marçıltısından qulaq tutulur. Bu mənzərə adamı həm də iyrəndirir. Tarixdə heç vaxt qazax dövlətinin olmadığını deyirlər, bu torpaqların Rusiya ərazisi olduğunu iddia edirlər. Sərsəm siyasətçiləri qazax xalqını təhqir etməyə belə cəhd göstərirlər. Ayının leş qoxuyan ağzından qan damcılayır...

Bu arada ağıllı analitiklərin hər birinin demək olar ki, ümumi fikri belədir: “Bu hadisə bütün postsovet ölkələri üçün dərs olmalıdır”.

Biz dərsimizi yaxşı öyrənməyən toplum kimi tanınırıq. Elə özümüz də özümüzü belə tanıyırıq. Amma çox arzulayıram ki, heç olmasa son bir əsrdəki dərsimizi yaxşı öyrəndiyimizi göstərək. Həm də ağıllı addımlar ataq.

Qazaxıstan məsələsi isə artıq ölkənin daxili işi olmaqdan çıxıb. Bu ilk növbədə türkdilli dövlətlərin və dünyanın məsələsidir. Tarix təkrar olunmamalıdır. Ayıya bu şansı tanımaq, damino daşları ilə oynamasına imkan vermək olmaz.

İndi ayıya dayı demək zamanı deyil...

Elnur Məmmədli

Tokayev və Əliheydər Qarayev təfəkkürü