Soçi GÖRÜŞÜ: Azərbaycan güclənən mövqeyini,  Ermənistan isə...

Soçi GÖRÜŞÜ: Azərbaycan güclənən mövqeyini,  Ermənistan isə...

Soçi GÖRÜŞÜ: Azərbaycan güclənən mövqeyini,  Ermənistan isə...

"Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi".

Bu fikirləri Polemika.az-a Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

"Görünən budur ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, bu reallığın fonunda gələcəyə baxmaq üçün geniş imkanlar yaransa da bəzi qüvvələr işğalçı Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək verərək guya problemin həll olunmadığı, status məsələsinin gündəmdə olduğu barədə əsassız müzakirələrə yol açır, bununla da nəyəsə nail olacaqlarını düşünürlər. Amma unudurlar ki, Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 il imitasiya naminə danışıqları səbirlə davam etdirsə də 44 gündə işğalçı Ermənistana layiq  olduğu dərsi verdi. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın gücünün, qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, yenilməz Sərkərdəlik qabiliyyətinin, ordumuzun rəşadətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin təqdimatı oldu. Əvvəldə qeyd etdiyim Bəyanatlar Azərbaycanın siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olmaqla yanaşı, ölkəmizin artıq diktə edən tərəf olmasının da təsdiqidir” - deyə, o vurğulayıb.

V.Rəhimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna işıq saldı:

“Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub.Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyiyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan  arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili  bütövlükdə müsbət səciyyələndirə bilərik".

"Ümumilikdə Azərbaycan  Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə  Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan  təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik” - söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın nitqində yer alan fikirlər də təsdiqləyir:

“Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla  hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar  Ermənistana daha böyük faciələr gətirə bilər. Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsi isə  öz növbəsində  10 noyabr  2020-ci il Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə,  kommunikasiyaların açılması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllinə  təsirsiz ötüşməyəcək. Rusiya Prezidenti Vladimir Putinin üştərəfli görüşdəki nitqində, həmçinin bu görüşün sonunda imzalanan Bəyanatda da bu müddəalar öz əksini tapıb ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib.  Rusiya  Azərbaycan  ilə Ermənistan  arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin  məlumatında da bildirilir ki,  26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”.

Soçi GÖRÜŞÜ: Azərbaycan güclənən mövqeyini,  Ermənistan isə...