Rüşvət niyə gözəl görünür?

Rüşvət niyə gözəl görünür?

Rüşvət niyə gözəl görünür?

Başlıqdakı gözəl sözünü yanlışlıqla dırnaqsız yazmamışam. Həqiqətən də bəzən elə şərait yaranır ki, rüşvət əsrarəngiz görünür. İnsanlar rüşvəti sevdikləri üçün bu yola əl atmırlar. Sadəcə seçimlər arasında ən yaxşı variant məsələnin rüşvətlə həlli olduğu üçün bu yolu seçirlər. Yəni alan da, verən də razı qalır.

Misallar göstərək. 

Tanıdığım şəxslərdən biri qanunları pozub. Bu pozuntuya görə onu ən azı 800 manat pul cəriməsi, əlavə də olaraq yüngül cəza gözləyirdi. Adam nə etdi? Həmin problemi cəmi 100 manat rüşvətlə həll etdi. Yerindəcə. Nə şiş yandı, nə də kabab. 

Rüşvət vermək də, rüşvət almaq da cinayətdir. Nə qədər təzad olsa da, qanun pozuntusunu cinayətlə həll etmək isə adətdir. Özü də pis adət. Bu adət də ona görə mövcuddur ki, buna şərait və tələbat var.

Bir müddət əvvəl “Polemika.az”da Naxçıvanda ASAN xidmətin fəaliyyətə başlaması haqqında material dərc etmişdik. Materialda bu xidmətin yerli əhalinin işini asamlaşdıracağı, rüşvətsiz fəaliyyətə şərait yaradacağı bildirilirdi. Yazı pozitiv notlarla dolu idi. 

Bir gün sonra telefonuma Naxçıvandan zəng gəldi. Zəng edən şəxs gözünü yumub ağzını açdı ki, orada yazılanlar boş sözdən başqa bir şey deyil. Əslində, burada ASAN xidmət fəaliyyətə başlayandan işimiz daha da çətinləşib. Və ədalət naminə onu da qeyd etdi ki, bu problem ASAN Xidmətdən qaynaqlanmır. Məsələnin arxasında başqa niyyətlər dayanır. 

Düz 20 dəqiqə danışdı. Problemi o qədər gözəl təsvir etdi, sözlərlə elə vizuallaşdırdı ki, sanki o problemi özüm də yaşadım.

Mövzunu bir az açmaq üçün detallara diqqət yetirək. Öncədən bildirim ki, iddianın nə qədər həqiqət olub-olmadığını araşdıra bilmədim. 

Müraciət edən şəxs deyir ki, əvvəllər dövlət rüsumundan 5-10 manat artıq pul verib subaylıq haqqında arayışı dərhal ala bilirdi. Deyir ki, Türkiyəyə gedəndə bu arayış lazım olur. Amma Naxçıvandakı ASAN xidmətdən sözügedən arayışı almaq mümkün deyil. Nəinki ASAN xidmətdən, ümumiyyətlə, son vaxtlar MR-da ölkə üzrə subaylıq haqqında arayış əldə etmək olmur. Yalnız MR üzrə bu arayış verilir, Azərbaycan Respublikası üzrə isə yox. Səbəbsə odur ki, müvafiq nazirlik elektron sistemə MR-dan daxil olmaq icazəsini bloklayıb.

“İndi mən arayış almaq üçün Naxçıvandan Bakıya gəlməliyəm. Təsəvvür edin, bir arayışa görə mən gediş-gəliş üçün təyyarə bileti almalıyam, bir gün Bakıda oteldə qalmalıyam və bu da mənə 200-300 manata başa gələcək. İndi sual edirəm: Mənə 5-10 manat rüşvət verib rahat yolla sənəd almaq daha uyğun deyildimi?”.

Naxçıvan sakininin sualı haqlı sualdır. Əgər rüşvətsiz idarəçilik istəyiriksə, o zaman rüşvət üçün ümumiyyətlə meydan olmamalıdır. Sistem elə qurulmalıdır ki, insanlar üçün qanuni yollar daha asan olsun və heç kim dağa-daşa düşməsin. Yəni indi olduğu kimi ağzımızı dağa dirəməsinlər...

Elnur Məmmədli

Rüşvət niyə gözəl görünür?