Qlobal yanacaq böhranı dərinləşir, neft-qaz bahalaşır

Qlobal yanacaq böhranı dərinləşir, neft-qaz bahalaşır

Qlobal yanacaq böhranı dərinləşir, neft-qaz bahalaşır

Qlobal yanacaq böhranı səngimir, əksinə, sürətlənir. Şimal yarımkürəsində hələ qış başlamamış yaranan təbii qaz çatışmazlığına və qiymətlərin beş dəfə artmasına neft qıtlığı da əlavə olunub. Qlobal iqtisadiyyat koronavirus latergiyasından oyanandan sonra qaza tələbat sürətlə artdı və bu, qiymət artımına gətirib çıxardı. Hərçənd bəzi xırda səbəblər də vardı: yaşıl enerjiyə keçiddən tutmuş keçənilki soyuqlara görə anbarlardakı ehtiyatların tükənməsinə qədər. Qazı az olan ölkələr kömür və neft məhsulları da daxil olmaqla, daha “çirkli” yanacaq növlərinə keçməli oldular.

Beynəlxalq Energetika Agentliyi (İEA) xəbərdarlıq edir ki, nəticədə gündəlik neft tələbatı 500 min barelə yüksələcək, 2021-ci ilin sonrakı aylarında isə dünya üzrə sutkalıq kəsir 200 yox, 700 barel təşkil edəcək.

OPEK+ ölkələrinin ixracı artırmaq vədini yanvar ayına qədər gözləmək lazım gələcək.

Azərbaycan bu problemin qarşısında nə etməyi düşünür. Yaranmış vəziyyət neft-qaz ölkələrini təhdidmi edir, yoxsa onlara daha çox para qazandıracaq? Ekspertlərimiz sürəci necə dəyərləndirir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, enerjidaşıyıcılarının bahalaşması  hasilatçı ölkələrə yaxşı təsir edə bilər: “Ümid edirəm ki, ən qısa müddətdə enerji bazarında qiymətlərin optimallaşması ilə bağlı müəyyən həllər təklif olunacaq. Eyni zamanda OPEC  və OPEC + formatı çərçivəsində ölkələr bu sahə üzrə öz məsuliyyətlərini yerinə yetirməyə çalışacaq. Çünki optimal səviyyədən yuxarı qiymət artımları qlobal iqtisadiyyat üçün gözlənilən böyümə tempinə mənfi təsir göstərir. Eyni zamanda inflyasiya səviyyəsini ciddi şəkildə artırır və bu, ilk dövrlərdə Azərbaycan da daxil olmaqla, resurs istehsal edən ölkələrə müsbət təsir göstərə bilər. Neftdən daxilolmalar artacaq, xarici ticarət saldosu artacaqdır və eyni zamanda tədiyyə balansında profisit yaranacaq. Milli valyutaların möhkəmlənməsi imkanı ola bilər. Resurslardan əldə olunan gəlirlərin Azərbaycanda yenidən dövlət büdcəsinə daha çox yönəldilməsi istiqamətində mövqe dəyişikliyi baş verə bilər”.

Ekspertin sözlərinə görə, hökumət neft vəsaitlərindən xərcləmələri də artıra bilər: “2022-ci dövlət büdcəsi sənədindən bizə məlum olan ondan ibarətdir ki, hökumət əslində bu istiqamətdə daha konservativ mövqe ortaya qoymağa çalışır.  Gələcəkdə neft vəsaitlərinin büdcədə payını azaltmağa çalışır. Amma təbii ki, gəlirlər artacaqsa, Neft Fondunun ehtiyatları artacaqsa, bu zaman hökümətin yenidən təkrar ekspansiya siyasətinə müraciət etməsi, xərcləmələri artırması ehtimalı çox yüksəkdir. Yəni proses bu istiqamətdə davam edəcək”.

İqtisadçının sözlərinə görə, əvəzində dünyada Azərbaycana idxal olunan bütün mal və xidmətlərin qiymətləri bahalaşacaq: “Dolayısı ilə bu vəziyyətdən bəzi sosial qruplar və hökumət müəyyən qədər yararlansa da, əhalinin böyük əksəriyyəti, yəni daha böyük sosial qruplar, o cümlədən aztəminatlı insanlar əziyyət çəkəcəklər. Çünki artıq onların gəlirləri idxal olunan inflyasiya fondunda dəyərsizləşəcək. Buna görə də ümid edirəm ki, ən qısa müddətdə qiymətlərin optimallığı ilə bağlı müəyyən bir ortaq mövqe dəqiqləşdirəcək, 70-75 dollar ətrafında olacaq. Bundan qaynaqlanan risklər Azərbaycana transfer edilməsi, hökumətin rahatlaması, fiskal genişlənməyə meylliyinin artması və bunun gələcəkdə yaradacağı fəsadlardan müəyyən qədər qorunacağıq”.

 

Qlobal yanacaq böhranı dərinləşir, neft-qaz bahalaşır