"Qadına şiddətə yox" şousu

"Qadına şiddətə yox" şousu

"Qadına şiddətə yox" şousu

Bir neçə gündür “Qadına şiddətə yox” kampaniyası başlayıb. Cəmiyyətin ən müxtəlif təbəqələrindən tanınmış şəxslər bu kampaniyaya dəstək verir. Biz kampaniya həvəskarı olan toplumuq. Harada kampaniya varsa, orada “bitməyə” meyilliyik. Day o kampaniyanın alt qatında nə var, nə yox bilmirik. Çox vaxt heç bilmək də istəmirik. O kampaniyanın həsr olunduğu problemlərin köklərini araşdırmadan kütləyə qoşuluruq. Axı araşdırmaq zəhmət tələb edir. Bir az da ağıl və təfəkkür.  Görünür, çox "ağıllı" olsaq da, özümüzə əziyyət vermək istəmirik...

Nəinki qadına, istənilən canlıya şiddət iyrəncdir. Amma kimsə düşünürsə ki, bunun iyrənc olduğunu deməklə və ya “Qadına şidddətə yox” kampaniyası aparmaqla, qrant layihəsi həyata keçirməklə və yaxud dövlət proqramı tətbiq etməklə problem həll olunacaq, yanılır. Olmayacaq. Bu qeyri-insani davranışı ortaya çıxaran onlarla səbəb var, bu səbəblərə enmədikcə, onların həlli istiqamətində heç bir addım atılmadıqca şiddət şiddət dalınca, kampaniya da kampaniya dalınca gələcək. Əmin olun. 

Səbəblər isə onlarladır və hər bir ailə üçün təəssüf ki, unikaldır, fərqlidir. Burada sosial, psixoloji məsələlərdən tutmuş əxlaqsızlığa qədər hər şey tapmaq mümkündür. Ona görə də ümumi kampaniyalarla hətta bir ailəni belə xilas etmək mümkün deyil. Ailəni yalnız o ailənin iki fərdi - ər və arvad xilas edə bilər. Bu da o halda mümkün olar ki, onların ikisi də bu niyyətdə olsun və bu niyyət üçün fədakarlıq etsinlər. Qohumların, qonşuların, “həmsədrlərin” vasitəçiliyi ilə həll yolu yoxdur. Belə həll yolu tapılsa da, nə vaxtsa yenə şiddət hakim olacaq. Bu qaçılmazdır.

Deməyim odur ki, insan özü özünü xilas etməsə, başqa yol o qədər də faydalı olmur. Onun xilası üçün uzadılan əl başlıq fotosu çəkiləndən sonra geri qayıdacaq. Çünki adı kampaniyadır...

Bir vaxtlar məndə ciddi qan təzyiqi xəstəliyi yaranmışdı. Elə gün yox idi ki, bundan əziyyət çəkməyim. Artıq yavaş-yavaş bu xəstəliklə birgəyaşayışa hazırlaşırdım. Amma o öz təzyiqini günü-gündən artırırdı. Bir gün özümü yaxınlıqdakı poliklinikaya çatdıranda həkimlər mənim necə sağ qaldığıma, xəstəxanaya tək getməyimə heyrət etdilər. Qan təqziyi həddindən artıq (+200) yüksək idi. Sağ olsunlar, məni 2 saata qədər poliklinikada saxladılar, normallaşandan sonra müalicə almağımı tövsiyə edib yola saldılar. Təbii ki, bu tövsiyəyə əməl etmədim.

Və qısa müddət sonra yenə də eyni vəziyyətdə həmin həkimlərin yanına yetirdim özümü. Bu dəfə poliklinikadan çıxanda əlimdə resept vardı. Müalicəni aldım. Amma nəticə az idi. Hətta o qədər az idi ki, üçüncü dəfə də eyni vəziyyətdə polklinika qapısının qarşısına sərildim. Artıq bu həyəcan siqnalı idi. Və həkimlər bir də bu vəziyyətə düşəcəyim halda sağ qalma ehtimalımın az olduğunu dedilər. 

Həmin ərəfədə başqa bir yaxın adam da qan təzyiqi səbəbindən ağır duruma düşdü və aylarla komada qaldı. Məni də o gələcək gözləyirdi. Qərar qəbul etməli idim. Sadəcə qan təzyiqi xəstəliyini müalicə etmək çıxış yolu deyildi. Bu aşkar görünürdü. Bəs təzyiq nədən yaranırdı? Stress...

Stress onlarla xəstəliyin birbaşa və ya dolayı yaradıcısıdır. Mədə xorasından tutmuş beyin xərcənginə kimi... 

Sənə aidiyyatı olan və olmayan hər bir hadisəyə əsəb keçirməyin özü bir xəstəlikdir. Fərqi yoxdur bu stressi nümayiş etdirirsən və ya daxilində keçirirsən. Amma elmin gəldiyi qənaət budur ki, daxili stressin fəsadları daha ağır olur.

Mən təzyiqdən xilas olmaq üçün stressi məhv etməli idim. Və etdim. Son bir həftə ərzində mənə stress yaşatmış hadisələrin siyahısını tutdum. 30 hadisəni xatırlayıb vərəqə yazdım. İlahi, burada nələr yox idi. Liftdən gələn siqaret iyindən tutmuş, yoldakı tıxaclara qədər. Redaksiyaya zəng edib bizi söyənlərdən tutmuş ölkənin ucqar yerində baş vermiş hadisəyə qədər. Bu 30 səbəbdən 25-nin üstündən dərhal xətt çəkdim. Bunların heç biri şəxsən mənimlə bağlı deyildi. Bunlara ümumiyyətlə reaksiya verməmək lazım idi. Yerdə qalan 5 səbəbi də analiz etdim. Bunlar isə mənim həyatımla bağlı idi. Amma o problemlərin heç birinin həll açarı mənim əlimdə deyildi. Deməli, stress keçirmək problemi həll etmirdi. O zaman niyə axı bunlara belə reaksiya verirəm? Cəhənnəm olsun!

Hətta həmin vaxt özümə sual verdim: Tutaq ki, mənə stress yaşadan bir problemin həlli mənim özümdədirsə, o zaman stress niyə? Sakit şəkildə problemin həlli ilə məşğul olmaq daha ağıllı yol deyilmi?!

İndi həmin Elnur yadıma düşündə onu ələ salıb gülürəm. Qan təzyiqi? Yoxdur. Ən sevdiyim yumurtanı görəndə təzyiqim qalxırdısa, indi 3-nü birdən yeyirəm. Yumurta deyir ki, görürsən, o iş mənlik deyildi...

Bunu sadəcə bir nümunə kimi xatırlayıram. Bu mənim təcrübəm idi. Biz nə qədər ki, özümüzü müalicə etmək üçün məsuliyyəti öz üzərimizə götürməyəcəyik, kor dairədə fırlanacağıq. Bir il sonra da, 10 il sonra da “Qadına şiddətə yox” kampaniyaları keçiriləcək. Bu bəla toplumun problemindən daha çox fərdi məsələdir. Fərd mənəvi olaraq güclü, anlayışlı və məqsədləri üçün qurban vermək xarakterində deyilsə, boş verin. Və həyatınızı kampaniyalar üçün xərcləməyin!

Elnur Məmmədli

"Qadına şiddətə yox" şousu