“Putinə qarşı ordu generaliteti tərəfindən bir saray çevrilişi mümkündür...” - ŞOK İDDİA

“Putinə qarşı ordu generaliteti tərəfindən bir saray çevrilişi mümkündür...”

“Putinə qarşı ordu generaliteti tərəfindən bir saray çevrilişi mümkündür...” - ŞOK İDDİA

V. Putinin əmri ilə Rusiya ordusunun Ukraynaya genişmiqyaslı və faktiki dinc əhalinin qətliamıyla müşayiət olunan hücumu onu göstərir ki, Kreml rəhbəri qarşısına qoyduğu mənfur məqsədlərə çatmayınca dayanmaq fikrində deyil. Qərb, ABŞ, NATO da azğınlaşmış Rusiya rejimi ilə birbaşa savaşa girməyin dünya - nüvə müharibəsi ilə nəticələnəcəyindən ehtiyat edir. Deməli, yeganə ümid Ukrayna dövləti, ordusu və xalqının müqavimətinə və bununla paralel Rusiya xalqının hərbi əməliyyatlara kütləvi etirazları səbəbiylə Putin rejiminin devrilməsinədir. Bəs görəsən, hazırkı durumda Putinə qarşı gözlənilmədən hərbi-siyasi çevriliş həyata keçirilə bilərmi? Buna Rusiyada real şərait varmı?..

Moderator.az bu sualla bir neçə siyasi şərhçiyə müraciət edib.

“İndiki şəraitdə  Rusiyada 1991-ci ildəki “QKÇP” zamanı Qorbaçovun başına gələn Faros tədrici formasında  çevriliş mümkündür...”

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov: 

- Bəlkə də indiki şəraitdə  Rusiyada 1991-ci ildəki “QKÇP” zamanı Qorbaçovun başına gələn Faros tədrici formasında  çevriliş mümkündür...  Putinin zəif yeri  əlaqələrdir. Yəni, tutaq ki, o, bunkerdə olan vaxt ətrafla rabitəsi kəsilsə, ölkə artıq digər qüvvələr tərəfindən idarə olunacaq. Hər halda Ukraynada hücumlar davam etsə, rus ordusu hətta Kiyevi götürsə belə, ümumi vəziyyət dəyişməyəcək.  Artıq görünür ki, Ukrayna xalqı həm Rusiya, həm Qərb üçün gözlənilmədən işğalçıları ölkə ərazisindən çıxarmağı milli hədəf kimi qarşısına qoyub. Milli, dini mənsubiyyətə, siyasi maraqlara və s. baxmayaraq hamı birləşib. Və dediyim kimi, hətta iri şəhərlər işğal olunsa belə, Ukraynada güclü partizan müqaviməti başlayacaq ki, bu da Putin rejiminin sonunu yaxınlaşdıracaq...

Düşünürəm ki, Putinin Rusiya daxilindəki yeganə  daha ciddi opponenti məhz ordudur... Bu, yaxın bir il ərzində mümkün olacaq bir ssenaridir...”

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu: 

- Əslində  Ukraynadakı ədalətsiz savaş və Kremlə qarşı güclü sanksiyalar fonunda  Rusiyada saray çevrilişi aktuallaşıb. Biz əvvəldən gördük ki, Rusiya ordusunda yüksək generalitet Putinin nə orduya rəhbər təyinatları, nə ordu ilə davranışları, nə də xüsusilə Ukraynaya hücum əmri ilə razı deyil. Və orduda baş alıb gedən korrupsiya, özbaşınalıq, hakimiyyət elitasına yaxın adamların biznes kanallarıyla mənimsəmələri, təbii ki, Rusiya generalitetində qıcıq yaradır. Onu da unutmayaq ki, bu, rus ordusudur. Hətta indiki zəif, acınacaqlı durumunda da o, kifayət qədər güclü ordudur. Xüsusən də ölkənin daxilində... Ona görə də hesab edirəm ki, Putinin Rusiya daxilindəki yeganə  daha ciddi opponenti məhz ordudur. Və Rusiya liderinə qarşı ordu generaliteti tərəfindən hər hansı bir saray çevrilişi mümkündür. Mən düşünürəm ki, bu, yaxın bir il ərzində mümkün olacaq bir ssenaridir...

“Putin vaxtilə dünyanın ən güclü kəşfiyyat və təhlükəsizlik qurumu olmuş “KQB”-nin polkovnikidir və təhlükəsizliyi də ciddi şəkildə qorunur...”

Politoloq Cümşüd Nuriyev: 

-Xeyr, hesab edirəm ki, indi bu, mümkün deyil. Mən bir az araşdırdım bu variantı... Bildiyimə görə, yalnız istefada olan iki general: İvaşov və Sobolev Putin rejiminə qarşı sərt çıxışlar edir.  Rusiyanın hərbi elitasına gəldikdə, müdafiə naziri Şoyqu türk mənşəli olsa da, ətrafına daha çox xristianları yerləşdirib, ukrayna mənşəliləri isə tamamilə kənarlaşdırıb. Onun da ətrafı Şoyqunu Putinin davamçısı kimi görürlər... Bir sözlə, zənnimcə, hazırda Putini devirə biləcək Rusiya yoxdur...

Hazırda şişirdilmiş bir şar kimidir Rusiya... Və artıq  partlamaq üzrədir. Amma iş ondadır ki, bunun ölüsü də təhlükəli olacaq... Putinin hakimiyyətdə olduğu 20 ildən çox dövrdə Rusiyada dəhşətli dərəcədə şovinizm baş qaldırıb. Hələ jurnalist olan Kiselyov deyir ki, əgər Rusiya yoxdursa, Rusiyasız dünya  kimə lazımdır.  Hegelin məşhur fəlsəfi prinsipi yada düşür: mənsiz dünya yoxdur... Və belə görünür ki, Kremlin şovinist rəhbərliyi də bu vəziyyətdən çıxmaq üçün mütləq nüvə silahından istifadə edəcəklər. Ona görə də hesab edirəm ki, hazırkı durumda bütövlükdə Rusiya cəmiyyətində Putini devirmək məsələsi gündəmdə deyil. Bu adam bir vaxtlar dünyanın ən güclü kəşfiyyat və təhlükəsizlik qurumu olmuş “KQB”-nin polkovnikidir və ətrafındakı əsas strateji postlar həmin sistem əməkdaşlarının əlindədir. Odur ki, Putinin təhlükəsizliyi də ciddi şəkildə qorunur...

“Putinə qarşı ordu generaliteti tərəfindən bir saray çevrilişi mümkündür...” - ŞOK İDDİA