"Prezident gəlib müəllimlərin yerinə dərs keçməlidir?!" - Seyran Səxavətdən sərt sözlər

"Prezident gəlib müəllimlərin yerinə dərs keçməlidir?!"

"Prezident gəlib müəllimlərin yerinə dərs keçməlidir?!" - Seyran Səxavətdən sərt sözlər

“Milli şüurumuz sıfırdan bir az aşağıdır. Heç kim heç kimi düşünmür. Bütün dünyada rüşvətxorluq və korrupsiya olsa da, Azərbaycan bu tendensiyaların paytaxtıdır”. 

Bu sözləri Polemika.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.

Ustad milli şüurun azlığından gileylənib. Bu məsələnin kökündə dayan problemlərin həllini isə belə qiymətləndirib:

“Milli şüuru cilalayan nədir? Təhsil. Təhsilimiz də yoxdur, çünki təhsimliz ölüb və yerdədir, onu da yerdən götürən lazımdır.

Öz aramızdır, gəlin, düz danışaq da, bu gün Azərbaycanda gözəl məktəblər tikilir, ən müasir avadanlıqlara təchiz olunur. Bu işlər gözümüzün qabağındadır, axı niyə yalan danışaq? Məni tanıyanlar onsuz da tanıyır, mən nə istəsəm danışa bilərəm. Bütün bunların hamısını dövlətimiz edir, Prezident başda olmaqla. Yaxşı, indi Prezident gəlib müəllimlərin yerinə də dərs keçməlidir? O dərs deməməlidir axı. Təhsili qaldırmaq lazımdır, amma bu yolla inanmıram təhsil qalxsın. Məşhur bir məsəldə deyildiyi kimi, “hər şeyi pozub, başdan başlamaq lazımdır”. Sıfırdan başlamalıyıq, sıfırdan”.

S. Səxavət özünəməxsus şəkildə misal gətirməyi də unutmayıb.

Məsələn mənim bir kitabım var. Adı “Daş evlər”dir. Orada belə bir səhnə var ki, hadisələr Bakının balaca evlərindən başlayır. Bir həyətdə də təxminən 5-10 ailə yaşayır və o həyətdə Zəminə adlı bir alverçi qadın da olur. Orada müxtəlif personajlar da var: taksi şoferi, quşbaz, cavan oğlan və s.

Hərnəysə, bir gün bu Zəminə vəfat edir. Alverçi olduğuna görə də o diqqət mərkəzində olur, məhlədə tanınır. Zəminə dünyasını dəyişəndən sonra onu aparırlar dəfn etməyə. Qəbrstanlığa yaxınlaşa-yaxınlaşa tabutun dalınca gedənlərin daxili monoloqunu vermişəm orada.

Məsələn, taksi şoferi yolu gedərkən fikirləşir ki, “bir dəfə rəhmətlik Zəminə mənə demişdi ki, məni təcili vağzala apar, mən də dedim ki, az, get də başqa maşınla. Heyf, kaş onu aparardım”. Başqa bir qonşu fikirləşir ki, “bir dəfə Zəminə gəldi məndən 3 saatlıq 5 min manat borc istədi, məndə də pul çox idi, amma vermədim. Gərək verəydim”. Cavan oğlan da fikirləşir ki, “bir dəfə Zəminə xala mənə demişdi ki, a bala, özümü pis hiss edirəm, qaç, get, mənə dükandan çörək al, nə olar. Dedim özün get də, mən niyə sənə çörək almalıyam? Kaş alaydım”.

Xülasə, aparıb dəfn edirlər qadını, qayıdanda yenə onların daxili monoloqu səslənir. Qəbrstanlıqda o sözü deyənlər, artıq başqa şeylər düşünür. Oğlan deyir, “mən niyə ona çörək almalıydım?” Şofer deyir “mən niyə onu aparmalıydım, yaxşı etmişəm, başqa maşın qəhət idi” və s. Artıq qəbrstanlıqdan çıxıblar axı? Ölüm təhlükəsi, ölümün qorxusu qaldı orada. Oradan çıxan kimi hamısı tərsinə fikirləşir.

Yəni bu misalı ona görə çəkdim ki, bu, ümumbəşəri psixoloji bir durumdur”.

“O ki qaldı sualınızın konkret ünvanı məsələsinə, mən deyərdim ki, dünyada bu hal yayılıb. Bu psixoloji durum və yanaşma, həyat oyunu arasındakı insan ömrü bütün dünyada var, amma mən belə hesab edirəm ki, Azərbaycan bu düşüncələrin, bu cür fikirlərin mərkəzidir. Hansı ki, mən qəbrstanlıqda olanları nümunə gətirdim. Bir daha təkrar edirəm, bütün dünya belədir, amma bu cür yanaşmaların, ideyaların paytaxtı təəssüf ki, Azərbaycandır”, - deyə ekspert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 

"Prezident gəlib müəllimlərin yerinə dərs keçməlidir?!" - Seyran Səxavətdən sərt sözlər