Polis əməliyyat zamanı 100 min dollar götürüb – Sensasion iddia + Video

Polis əməliyyat zamanı 100 min dollar götürüb – Sensasion iddia + Video

Polis əməliyyat zamanı 100 min dollar götürüb – Sensasion iddia + Video

Aslanovlar ailəsi Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən onların yaşadıqları evdə qanunsuz olaraq əməliyyat-axtarış keçirildiyini və onlara məxsus 100.000 dollar məbləğində pulu əsassız olaraq əməliyyat zamanı iştirak edən polislər tərəfindən götürüldüyünü iddia edirlər.

“Polemika.az” xəbər verir ki, bu haqda Legitim.az saytına müraciət edən ailə üzvləri deyib. Aslanov Zeynal Bəylər oğlu bildirib ki, sonradan götürülən puldan 50.000 dollar geri qaytarılsa da, qalan hissəsi hələ də qaytarılmayıb. Ailə başçısının bildirdiyinə görə, götürülən pulla bağlı əlaqədar orqanlara şikayət edildiyi üçün sözügedən polis əməkdaşları onların övladlarını əsassız olaraq bir neçə maddə ilə ittiham edərək həbsinə nail olublar.

Z. Aslanov sayta müraciətində deyib: 

22.11.2021-ci il tarixdə, saat 13:41 radəsində Daxili İşlər Nazirliyi və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu mənim və ailə üzvlərimin müvəqqəti kirayədə yaşadığımız Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 126, mənzil 130 ünvanına qapını sındırmaqla daxil olublar. 

Bu zaman mənzildə cinayət törətməkdə təqsirləndirilmiş, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş oğlum, Rusiya Federasiyası vətəndaşı Bəylərli Zaur Zeynal oğlu polis əməkdaşlarına müqavimət göstərmədən təslim olmuş, polis əməkdaşları mənzildə axtarış apararaq evin bütün əşyalarını dağıtmış, geyim əşyalarının saxlanıldığı şkafın üzərinə qoyduğumuz, birində 5 paket 100-lük ABŞ dolları olan və açıq-boz rəngli salafana bükülmüş və pul üçün istifadə olunan rezin iplə bağlanmış 50000 ABŞ dolları və ikincidə də 5 paket 100-lük ABŞ dolları olan və açıq-yaşıl rəngli salafana bükülmüş və pul üçün istifadə olunan rezin iplə bağlanmış 50000 ABŞ dolları, ümumilikdə 100000 ABŞ dolları məbləğində pulu və özümə aid sənədli ov silahını və digər əşyaları götürmüşlər.

Pulu götürən zaman yoldaşımın telefonu ilə həmin anın videoyazısını apardığını görən, polis əməkdaşlarından Firdovsi adlı şəxs yoldaşımın qolunu burmaqla telefonu əlindən aldı. Sonradan öyrəndim ki, həmin şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisidir. 

Polis əməkdaşları pulu özləri ilə aparmaq istəyəndə mən pulu sayıb götürməklərini təkidlə tələb etsəm də, polis əməkdaşları götürdükləri pulu heç bir sənədləşmə aparmadan, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində olduğu kimi qaytaracaqlarını bildirərək, mənzili tərk etdilər. 

Polis əməkdaşları mənzili tərk edərkən mənim pulun 100000 ABŞ dolları olduğunu, pulu sayıb götürmələrini yenidən tələb etsəm də, yenə də əhəmiyyət vermədən pulu, yoldaşımın pulun götürüldüyü anın videoyazısını apardığı telefonu və digər əşyaları da özləri ilə apardılar.

Mənzili tərk etdikdən sonra mən və həyat yoldaşım da bunların ardınca mənzildən çıxdıq. Bu zaman polis əməkdaşlarından üzərində pulu götürmüş əməkdaşdan başqa hamısı 14-cü mərtəbədən liftə minib, aşağı düşdülər. Polis əməkdaşları liftə minərkən pulu götürmüş əməkdaşa da liftə minməyi tələb etsələr də, həmin əməkdaş 14-cü mərtəbədən piyada düşdü. Pulu üzərində götürən polis əməkdaşı əməliyyatda iştirak etmiş digər polis əməkdaşlarından təxminən 1 saat sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə çatdı, mən və həyat yoldaşım həmin vaxt Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin qarşısında gözləyirdik. 

Təxminən yarım saat sonra isə, bizi həmin idarəyə çağırıb, pulun götürüldüyü vaxt yoldaşımın videoyazı apardığı telefonu, həmin videoyazı silinmiş vəziyyətdə və götürdükləri pulun 50.000 dollarını bizə qaytardılar. Mən həmin vaxt digər 50000 ABŞ dollarının da qaytarılmasını tələb etsəm də, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin Firdovsi adlı rəisi götürülmüş pulun 50000 ABŞ dolları olduğunu və bizə başqa pul qaytarılmayacağını bildirildi. 

Mən və həyat yoldaşım həmin gün dəfələrlə 102 xidmətinə zəng vurub bu barədə şikayət etdikdən sonra Daxili İşlər Nazirliyinin əməliyyata rəhbərlik etmiş əməkdaşı həyat yoldaşıma yerdə qalan pulun, yəni 50000 ABŞ dollarının tezliklə bizə qaytarılacağını və bunun araşdırıldığını bildirdi. Həmin vaxtdan hal-hazıradək bizə heç bir pul məbləği qaytarılmamışdır. 

Maraqlısı isə odur ki, pulu üzərində götürmüş polis əməkdaşı 22.11.2021-ci il tarixdə əməliyyat yekunlaşdıqdan saatlar sonra, yəni saat 18:40 radəsində yenidən bizim yaşadığımız Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 126 saylı binaya getmiş və bir müddət həmin binada qaldıqdan sonra oranı tərk etmişdir. Bütün bunlar binanın mühafizə kameralarında qeydə alınmışdır.

Belə ki, polis əməkdaşları mənzilə daxil olduqdan sonra oğlum Zabil Aslanovu heç bir əsaslı səbəb olmadan, polisə tabe olduğu halda körpə uşaqlarının və hamilə olan həyat yoldaşının yanında döymüş, körpə uşaqlar ciddi psixoloji travma almışdır. Hamilə olan həyat yoldaşının səhhətində isə ciddi problemlər yaranmışdır.

Bu hal və polisin özünü soyğunçu kimi aparıb götürdüyü pulu qaytarmaması Azərbaycan polisinin adına ləkə və ciddi qanun pozuntusu olmaqla yanaşı, insanların dövlətə və hüquq-mühafizə orqanlarına inamının sarsılmasına səbəb ola bilər.

Sonradan əldə etdiyimiz məlumata görə, özünü Firdovsi və Əli adı ilə təqdim edən polis əməkdaşlarının həmin əməliyyat qrupunda iştirak etmək üçün əmrlərinin olmadığını öyrəndik. Həmin şəxslər əməliyyat zamanı heç bir hal şahidi olmadan, məhkəmə qərarı təqdim etmədən evimizə zorla daxil olmuşlar.

İnanıram ki, dövlətinə və dövlətçiliyinə şərəf və ləyaqəti ilə bağlı olan məmurlarımız bu qanun pozuntularına lazımi qiymət verəcək və tutduğu vəzifənin məsuliyyətini dərk edə bilməyən, özünü cinayətkar kimi aparan vəzifəli şəxslərə öz yerlərini göstərməklə yanaşı, bizim də pozulmuş hüquqlarımızı bərpa edəcəkdir.

Buradan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, çox hörmətli Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyeva, Daxili İşlər Naziri Vilayət Eyvazova qeyd olunan qanun pozuntularının ciddi şəkildə araşdırılması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi, ailəmizin illərlə hallal zəhməti hesabına qazandığı, polis əməkdaşları tərəfindən götürülüb qaytarılmayan 50000 ABŞ dollarının ailəmizə qaytarılması üçün göstəriş vermələrini xahiş edirəm. Bizim dövlətimizə və hüquq-mühafizə orqanlarımıza olan güvənimiz sonsuzdur.

Hadisə ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Polis əməliyyat zamanı 100 min dollar götürüb – Sensasion iddia + Video