Oqtay Əsədovla bağlı məsələ böyüyür: Cəmi 4 iclasda iştirak edib

Oqtay Əsədovla bağlı məsələ böyüyür: Cəmi 4 iclasda iştirak edib

Oqtay Əsədovla bağlı məsələ böyüyür: Cəmi 4 iclasda iştirak edib

Parlamentin keçmiş spikeri Oqtay Əsədovla bağlı məsələ böyüyür. Onun deputat olmasına baxmayaraq, parlamentin işində iştirak etməməsi bir yana qalsın, təmsil etdiyi dairənin seçiciləri ilə maraqlanmaması da narazılıq yaradıb.

“Polemika.az” xəbər verir ki, Abşeron rayonundan olan seçicilər Oqtay Əsədovun qəbuluna düşə bilmədiklərini bildiriblər. Onlar Milli Məclisə dəfələrlə getsələr də, sabiq spikerlə görüşə nail olmayıblar.

Problemlə bağlı Manset.az saytı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə əlaqə saxlayıb. S. Mirzəyevin açıqlamasını olduğu kimi təqdim edirik: "Oqtay Əsədov Milli Məclisin iclaslarında iştirak edir. Elə axırıncı plenar iclasa da qatılmışdı. Seçicilərinin onunla bağlı nəsə şikayətləri varsa, mənə desinlər, mən də onların cavabını verim. Bu nə deməkdir, seçicilər sizlərə niyə şikayət edirlər? Qoy kimin nə şikayəti var, mənə müraciət etsin".

S. Mirzəyevin açıqlaması əlavə suallara səbəb olub. Belə ki, əgər deputat öz funksiyasını yerinə yetirmirsə, o zaman Milli Məclisin Aparat rəhbəri onun yerinə cavab verməlidirmi? Seçici parlamentdən, deputatdan cavab ala bilmirsə, o zaman onun mediaya müraciət etməsi, məsələni icimailəşdirməsi normal deyilmi?

Başqa bir məsələ: Səfa Mirzəyev Oqtay Əsədovun iclaslarda iştirak etdiyini deyir. Amma “Polemika.az”ın əldə etdiyi məlumat bunun əksini göstərir. Xəbərdə bildirilir ki, parlamentin yeni tərkibdə fəaliyyətə başladığı son 2 ildə O. Əsədov cəmi 4 iclasda iştirak edib. “O da qatıldığı iclasların yalnız birinci hissəsində iştirak edir və sonra ərköyüncəsinə çıxıb gedir” deyə məlumat verən mənbə qeyd edir. Bu da “Milli Məclisi deputatının statusu haqqında” qanuna ziddir. Qanunda deputatların fəaliyyət sahələri konkret olaraq göstərilir. Əgər bunlardan biri Milli Məclisin işində iştirakdırsa, digəri də seçicilərlə işdir.

Bəlli olur ki, Əsədov bunların heç birini etmir. Belə olan halda isə həmin qanuna görə parlamentin İntizam Komissiyası məsələni müzakirə edir və müvafiq qərar qabul olunur. 

Məsələ ictimai müzakirəyə çıxarıldığı üçün yaxın günlərdə parlamentin bu haqda tədbir görəcəyi ehtimal olunur. 

Oqtay Əsədovla bağlı məsələ böyüyür: Cəmi 4 iclasda iştirak edib