Ermənistanın insanlıq əleyhinə cinayətləri: Azərbaycan bütün faktları toplayıb

Ermənistanın insanlıq əleyhinə cinayətləri: Azərbaycan bütün faktları toplayıb

Ermənistanın insanlıq əleyhinə cinayətləri: Azərbaycan bütün faktları toplayıb

Müasir dövlətlərarası münasibətlər sistemində sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. İllərdir BMT tribunasından bir sıra dövlətlər onlara qarşı həyata keçirilən qanlı cinayətləri bütün dünyaya ifşa olunmuş, amma təssüflər olsun ki, dünya ictimaiyyəti tərəfindən bu məsələlərə adekvat bir cavab verilməmişdir.

Qlobal anlamda bəşəriyyət üçün xüsusi təhlükəli hesab olunan belə əməllərə bəzən müxtəlif siyasi “arqumentlərlə” bəzi dövlətlər tərəfindən bəraət qazandırılır, habelə universal və regional təşkilatlar səviyyəsində transmillicinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinə laqeyd münasibət bəslənilir. Qlobal oyunçuların bir çoxu öz siyasi ambisiyalarına görə bu kimi qanlı cinayələti gözardı edirlər.

Elə bu səbəbdən də, müasir dünyada silahlı toqquşmaları doğuran elementlər, dövlətlərarası münaqişələrin yaranmasının başlıca səbəbi olan ərazi işğalı, müharibə və insanlıq əleyhinə cinayətlər, soyqırımı faktları, dövlət suverenliyinə və siyasi müstəqilliyə qəsdlər artmaqda davam edir. Bu gün beynəlxalq sistemdəki harmoniyanı sarsıdan belə əməllər sırasında özünün xarakter və təhlükəlilik dərəcəsinə görə yalnız bir və ya bir neçə dövlətin deyil, bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və ümumi sülhün qorunub saxlanmasına təhdid kimi dəyərləndirilən beynəlxalq cinayətlərdən biri də təcavüzdür.

1988-ci ildən başlayaraq Qarabağın dağlıq hissəsində qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və işğal olunmuş digər ərazilərində  yaşayan Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr  verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə  cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilib.

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq növbəti hərbi təxribat törədərək iriçarplı artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi etdi. Sözsüz ki, bu cəhdlər, ordumuzun sayıqlığı nəticəsində dəf olundu və düşmənə ağır zərbələr endirildi.

Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər edib.

Azərbaycanın dinc əhalisinə qarşı yönələn cinayətlər qeydə alınaraq hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilib, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilib.

Hazırda müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi qazıntı işlərindən sonra bölgədə bir neçə kütləvi məzarlar tapılıb.

Bunlardan biri də Kəlbəcərin Başlıbel kəndində baş verən ümumbəşəri cinayət hadisəsidir.

Kəlbəcərin işğaldan azad olunmasından sonra aparılan qazıntı işlərində müəyyən edilib ki, 3 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar.

“Polemika.az”la fikirlərini görüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, müharibə kortəbii aparılan, düşmənin məhvinə yönələn proses deyil, döyüşün özünün də qaydaları var və Haaqa və Cenevrə hüquqları ilə tənzimlənir:

“Hər iki hüquq həm döyüşün aparılması qaydaları, həm müharibənin gedişatında istifadə olunan silahlara, seçilən taktikaya, döyüşən və təslim olan kombatantlara, əsirlərə, hədəf alınan obyektlərə, habelə, non-kombatantlara, eyni zamanda aktiv döyüş əməliyyatlarından sonra insanlara, məkana rəftar və münasibəti tənzimləyir.

Ermənistan bir il öncə başa çatdırdığımız münaqişənin tarixinin bütün mərhələlərində nə Cenevrə, nə də Haaqa hüququnun tələblərinə məhəl qoymayıb. Aktiv müharibə dövründə dinc əhali ilə amansız davranışa dair çoxsaylı sənədləşdirilmiş sübutlar, lent yazıları var. Habelə, əsirlərlə amansız  rəftarı təsdiq edən çoxsaylı sübutlar, o cümlədən, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var. Yəni, bu gün Azərbaycan mediası və ictimaiyyəti Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinə dair çox böyük və tutarlı mənbəyə malikdir.”

Deputatın sözlərinə görə, bir məqamı unudulmamalıdır ki, müasir beynəlxalq hüquq insana, insan hüquq və azadlıqlarına yönəlmiş istənilən qəsd cəhdini dövlətlərin daxili işi hesab etmir:

“Bu mənada Ermənistanın 30 il ərzində dövlət səviyyəsində, o cümlədən ayrı-ayrı hərbi-siyasi rəhbərlərin birbaşa iştirakı və göstərişi ilə törədilən cinayətlər, habelə erməni hərbiçilərin ayrı-ayrı ekstsessləri azərbaycanlılara yox bütövlükdə bəşəriyyətə yönələn cinayətkar qəsdlərdir. Bu mənada hətta tərəfsizliyi şübhə altında olan beynəlxalq təsisatların özünü belə fakt qarşısında qoyaraq danışmağa, konkret fakta münasibət bildirməyə məcbur edə bilərik”.

Siyasətçi onu da vurğulayıb ki, oxşar nümunəni biz daim qərəzli mövqeyi ilə seçilən insan hüquq müdafiə təsisatları ilə bağlı 44 günlük müharibə dövründə gördük:

“Məhz Azərbaycan tərəfinin, konkret olaraq Birinci  vitse-prezident Mehriban xanım Əliyevanın bir başa təşəbbüsü ilə, bu təsisatlar konkret faktlar qarşısında qalaraq qərəz hiss olunsa da, hesabat dərc etməyə məcbur oldular. Baxmayaraq ki, indiyədək Azərbaycanın bu kimi təşəbbüslərinə cavab olaraq onlar münaqişələrlə bağlı məsələnin onların mandatına aid olmadığını iddia edirdilər. Əlbəttə, bu kimi məsələlərdə dövlətin hərəkətverici qüvvəsi vacibdir, lakin etiraf etməliyik ki, beynəlxalq ictimai qınaq formulunda media strukturlarının şansları dövlət orqanlarından daha çoxdur”.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;” istiqaməti üzrə hazırlanmışdır.

Ermənistanın insanlıq əleyhinə cinayətləri: Azərbaycan bütün faktları toplayıb