Nazir özünü təcrid edib, məktəblərdə isə virus “at oynadır”

Nazir özünü təcrid edib, məktəblərdə isə virus “at oynadır”

Nazir özünü təcrid edib, məktəblərdə isə virus “at oynadır”

Azərbaycanda yoluxma sayında müşahidə olunan artım sosial məhdudiyyətlərin yenidən tətbiq olunacağıyla bağlı ehtimalları gücləndirib. Bu sırada təhsil və iaşə müəssisələrinin adı başda çəkilir. Fevral ayının 16-dan, yəni ali məktəblərdə yaz semestrinin başladığı tarixdən etibarən universitet, kollec və orta ümumtəhsil müəssisələrində distant təhsilə keçiləcəyi bildirilir.

Polemika.az xəbər verir ki, xüsusilə son günlər bu istiqamətdə çağırışların sayı artıb. Təkcə valideynlər deyil, təhsil ekspertləri, ayrı-ayrı həkimlər və tanınmış ziyalılar da məktəblərin ən azı iki-üç həftəlik bağlanmasını təklif edirlər. Yoluxma sayının artması fonunda uşaqların, yeniyetmə və gənclərin sağlamlığının təhsildən daha vacib olduğunu düşünənlərin sırası sürətlə genişlənir.

Qeyd edək ki, yoluxma sayının artması ilə əlaqədar olaraq Təhsil Nazirliyində vətəndaşların qəbulu tamamilə dayandırılıb. Təhsil naziri Emin Əmrullayev və müavinləri artıq xeyli müddətdir ki, şikayətçilərlə canlı ünsiyyətdən imtina ediblər. Nazir və müavinləri vətəndaşları ayda bir dəfə onlayn qəbul edirlər. Onlayn qəbula düşə bilməyən şikayətçilərə isə yazılı qaydada müraciət etmək tövsiyə olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində də analoji "təcrübədən" istifadə olunur. BŞTİ rəisi və müavinləri uzun müddətdir vətəndaşları ancaq onlayn qaydada qəbul edirlər. Onlar koronavirusa yoluxmaqdan ehtiyatlandıqları üçün kənar şəxslərlə təmasları minimuma endiriblər. Canlı təmaslar idarə əməkdaşları ilə və nadir hallarda baş tutur.

Təhsil Nazirliyində və BŞTİ-də canlı ünsiyyət minimuma endirildiyi halda ali və orta ümumtəhsil müəssisələrində, peşə liseylərində, kolleclərdə ənənəvi təhsilin davam etməsi müəllim və şagirdləri çıxılmaz vəziyyətdə qoyub. Son günlər müəllim və şagirdlər arasında yoluxma sayı kəskin artıb. Rəsmi məlumatlara görə, ölkədə 300-ə yaxın sinifdə üzbəüz tədris dayandırılıb. Müstəqil ekspertlər təhsil işçiləri arasında yoluxanların sayının daha çox olduğunu iddia edirlər. Onların qənaətinə görə, Təhsil Nazirliyi real statistikanı cəmiyyətdən gizlədir. Şagirdlər arasında dərsə davamiyyətin aşağı olması bu şübhələri daha da artırır.

Ortaya sual çıxır: Təhsil naziri Emin Əmrullayev və müavinləri koronavirusa yoluxmaqdan ehtiyat edərək vətındaşların qəbulunu dayandırırlarsa, hansı haqla müəllimləri 30-40 şagirdin bir arada olduğu siniflərdə dərs keçməyə məcbur edirlər? Nazir niyə öz canının qeydinə qaldığı kimi vətəndaşların da sağlamlığının qeydinə qalmır? Gənc nazirə kim deyib ki, müəllimlər canını çöldən tapıb?..

Nazir özünü təcrid edib, məktəblərdə isə virus “at oynadır”