2.5 milyonluq ittiham: Ya Əbülfəs…

2.5 milyonluq ittiham: Ya Əbülfəs…

Azərbaycanda yüksək çinli məmurların cinayət məsuliyyətinə cəlb edilməsi halları yetərincədir. Onlardan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu, keçmiş Baş prokuror və səfir Eldar Həsənovu, nazir müavinləri, bir neçə icra başçısını misal göstərmək olar. Onların bəziləri hələ də istintaq altındadır, bir neçəsi isə məhkəmə instansiyalarında barələrində verilmiş hökmün ləğv olunması üçün mübarizə aparır. 

Azərbaycanda daha bir təcrübə ondan ibarətdir ki, mütəşəkkil cinayətkarlıq, irimiqyaslı korrupsiya halları baş vermiş dövlət qurumlarının rəhbərləri cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələn, keçmiş rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən azad edilsələr də, həbs edilməyiblər. Baxmayaraq ki, adıçəkilən dövlət qurumlarının yüksək rütbəli məmurları ən ağır cinayətlərdə ittiham edilərək, məhkum edilib. Bu ittihamlar sırasında dövlətin yüz milyonlarla əmlakını mənimsəmə, quldurluq, adam oğurluğu, vəzifə saxtakarlığı və s. kimi əməllər var. 

İstintaq və məhkəmə prosesləri zamanı bu məmurların cinayətə bulaşdıqlarını təsdiq edən konkret sübutlar təqdim edilib, şahid ifadələri səsləndirilib. Amma məhkəmə və dövlət ittihamını müdafiə edən prokurorluq orqanları məmurlar barəsində heç bir hüquqi addım atmayıblar. 

Bu günlərdə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı eyni situasiya yaranıb. Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun istintaqa ifadələri açıqlanıb. Z.Sultanov istintaqa deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib. O, mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.

Zakir Sultanovun Əbülfəs Qarayevə xidməti otağında verdiyi pulların məbləğini təşkil edən epizodlar bunlardır:

– 2018-ci ildə layihənin həyata keçirilməsinə şərait yaradılması üçün podratçı şirkətdən aldığı 900 min manatdan 700 min manatı;

– Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə görə icraçı şirkətdən aldığı 533 min manat, Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisini həyata keçirəcək icraçı şirkətdən aldığı 218 min manat, beləliklə, iki layihə üçün ümumilkdə aldığı 751 min manatdan 600 min manatı;

– Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 300 min manatdan 240 min manatı;

– Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 200 min manatdan 160 min manatı;

– Bərdə şəhərində Allah-Allah türbəsinin təmir-bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 450 min manatın 360 min manatı;

– Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 80 min manatdan 60 min manatı;

– 2014-cü ildə isə daha bir layihə üzrə bağlanmış müqaviləyə əsasən icraçı şirkətdən aldığı 240 min manatdan 192 min manatı və s. 

Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı.

Maraqlıdır, ortada konkret cinayət faktları ola-ola Əbülfəs Qarayev haqqında niyə araşdırma başlamır? Eldar Həsənov, Səlim Müslümov kimi məmurlar həbs olunduğu halda, keçmiş nazir və onun adları yuxarıda çəkilən həmkarlarına qarşı niyə ayrı-seçkilik edilir?

Hüquqşünas Ələsgər Məmmədli Pressklub.az-a bildirib ki, Azərbaycanda şəxsin həbsi, cinayətə görə məsuliyyətə cəlb edilməsi siyasi razılıqla həll edilir: “Təəssüf ki, qanunlara baxan yoxdur. Qanuna əsasən Əbülfəs Qarayevə də cinayət işi açılmalı idi. Çünki ən üst səviyyədə siyasi və hüquqi məsuliyyət daşıyan tərəf odur və üstəlik, sübutlar da göstərir ki, olayın içərisində olub”.

Ələsgər Məmmədli daha sonra keçmiş nazirin əməllərini Cinayət Məcəlləsinin hansı maddələri ilə qiymətləndirilməli olduğunu açıqlayıb: 

“311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 3.11.3.2. təkrar törədildikdə; 

311.3.3. külli miqdarda törədildikdə; 

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə— əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində “külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. 

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq) 

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə: 

308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: 

hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 

dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 

xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 

beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar”.

Pressklub.az

 

2.5 milyonluq ittiham: Ya Əbülfəs…