“Nazarbayevə qarşı çox vandal hərəkətlərə yol verilib”

“Nazarbayevə qarşı çox vandal hərəkətlərə yol verilib”

“Nazarbayevə qarşı çox vandal hərəkətlərə yol verilib”

“Qazaxıstanda baş verənlər bu ölkənin apardığı müstəqil siyasətə son vermək və Rusiyadan asılılığını təmin etməkdir”. 

Bunu “Polemika.az”a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, hadisələrin gedişini izlədikcə görünür ki, çox kobud bir ssenari hazırlanır:

“Bu ssenariyə uyğun olaraq müasir Qazaxıstan dövlətinin yaradıcısı olan, türk dünyasının liderlərindən biri kimi tarixə düşən, Azərbaycanla yüksək münasibətlər quran, Ermənistanın KTMT-da Azərbaycana qarşı hazırladığı məkirli planları həyata keçirməsinə imkan verməyən Nursultan Nazarbayev ölkədən kənarlaşdırıldı və onun qurduğu dövlət, qoyduğu siyasi yol təxribat xarakterli qabarıq ssenari ilə heçə endirildi. Bu hadisələr təəssüf doğurur, hər birimizi üzür. Qazaxıstan KTMT-nin aparıcı dövlətlərindən biri idi. Bu aparıcılığa da ciddi problemlər yaradıldı”.

Qazaxıstanda baş verənlərin qaranlıq tərəfi

F. Ağamalı Qazaxıstanda baş verən hadisələrin qaranlıq məqamları haqda da danışıb. Qeyd edib ki, Nursultan Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasının qanunvericiliyinə uyğun olaraq ömrünün sonuna kimi Təhlükəsizlik Şurasının sədri seçilib:

“Hazırda onun istefası ortalıqda yoxdur. Yazılı şəkildə müraciət etməyib, şifahi şəkildə müraciət etməsi haqqında da məlumat yoxdur.

Burada məlum olan sadəcə bir məsələ var. Qazaxıstan prezidenti Tokayev onun azad olunduğunu və vəzifəni özü daşıyacağını bəyan edib”.

“Nazarbayevin susması da ciddi məsələlər olacağından xəbər verir”

Deputatın sözlərinə görə, artıq bir həftədir Qazaxıstanda davam edən proseslər zamanı Nazarbayevə qarşı çox vandal hərəkətlərə yol verilib, heykəli dağıdılıb: “Bir sözlə, ona qarşı dəhşətli aqressiya var. Səbəbi isə Tokayevin Rusiya ilə bərabər hazırladığı ssenaridir. Qazaxıstan çox ağır durumdadır, bu məsələ burada bitməyəcək”.

F. Ağamalı deyir ki, Erməni silahlılarının Qazaxıstana getməsi xalqa və dövlətçiliyə təhqirdir: “ KTMT sülhməramlıları Qazaxıstana göndərilib. Lakin onlar hərşeyi qaydaya sala bilməyəcək.

Özünə gün ağlaya bilməyən, 44 günlük müharibədə darma-dağın edilən, rəzil duruma düşən Ermənistan bu məsələlərdə moderator rolunu oynayır. 70 nəfərlik silahlı qüvvələrini də Qazaxıstana göndərib. Bu qazax xalqı və dövlətçiliyi üçün böyük təhqirdir”.

F. Ağamalı bildirir ki, qazax xalqı kifayət qədər milli-mənəvi dəyərlərə, milli şüura sahib olan qardaşlarımızdır: “Onlar bu proseslərə dözməyəcək. Hələki prosesin əvvəlindəyik. Nazarbayevin susması da ciddi məsələlər olacağından xəbər verir.

Əminəm ki, Qazaxıstan milli dövlətçiliyinə və müstəqil dövlət idarəçilik sisteminə Nazarbayevin cızdığı yol xəritəsinə uyğun olaraq davam edəcək”.

Mehri QURBAN

“Nazarbayevə qarşı çox vandal hərəkətlərə yol verilib”