Məktəbdə “döyüş”: Səngərdə qadınlardır! - Kişilər niyə yoxa çıxıb? 

Məktəbdə “döyüş”: Səngərdə qadınlardır!

Məktəbdə “döyüş”: Səngərdə qadınlardır! - Kişilər niyə yoxa çıxıb? 

Ötən həftə məktəblərlə bağlı yayılan videogörüntülər ciddi müzakirələrə səbəb oldu. Bəziləri bunu məktəblərdə kişi müəllimlərin sayının az olması ilə əlaqələndirdi. Onların fikrincə, şagirdlər, ələlxüsus da oğlanlar qadın müəllimlərindən çəkinmədikləri üçün bu cür neqativ halların sayı sürətlə artır.

Maraqlıdır, məktəblərdə kişi müəllimlər niyə azdır? Bunun səbəbi nədir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Polemika.az-a açıqlamasında deyib ki, kişilər daha çox pul qazanmaq istədikləri üçün müəllimlikdən imtina edirlər:

“Hesab etmirəm ki, son günlər baş verən hadisələr sırf  kişi müəllimlərin az olması ilə bağlıdır. Bu amilin az da olsa, rolu var. Lakin birbaşa bununla bağlı deyil. Bir çox səbəbləri var.

Kişi müəllimlərin sayının azlığına gəlincə, deyə bilərəm ki, bu gün bu peşəni daha çox qadınlar seçir. Son illər maaşlar xeyli qaldırılıb. Bir çox qurumlarla müqayisədə məktəbdə maaşlar daha yaxşıdır. Lakin kişilərimiz daha çox pul qazanmaq üçün özəl şirkətlərdə fəaliyyət göstərməyə xüsusi önəm verirlər. Bu kimi meyllər daha çox özünü göstərir. Təbii ki, kişilərin azlığı məktəblərdə qabarıq formada hiss olunur”.

Deputatın sözlərinə görə, güzəştlər, cəlbetmə xüsusiyyətləri olmalıdır:

“Maaş məsələsinə imkan daxilində yenidən baxılmalıdır. Bununla yanaşı, müəllimlərə müəyyən güzəştlər olunmalıdır. Onlar üçün stimullaşdırıcı vasitələr olmalıdır. Bu məsələ müəllimlikdə yox, digər sahələrdə də olmalıdır. Müəllimi bu peşədə saxlayacaq vasitələr tətbiq edilməlidir. Məsələn , güzəştli şərtlərlə ev ala, kredit götürə bilərlər. Biz müəyyən mexanizmlər fikirləşməliyik ki, həmin peşəni seçənlərin sayı artsın. Maaşı nisbətən az olsa da bilsin ki, onun müəyyən güzəştləri olacaq”.

Ceyhun Məmmədov qeyd edib ki, baş verən neqativ hallarda kişi müəllimlərin sayının azlığını əsas səbəb kimi göstərilməsi primitiv yanaşmadır:

“Bunun bir  neçə səbəbi var. Səbəblərdən biri valideyn müdaxiləsidir.Valideynlər məktəbin işinə həddindən artıq müdaxilə etməməlidir. Şiddət, zor-güc tətbiqi varsa, məktəb rəhbərliyinə müraciət edilməlidir. Əgər hər hansı bir reaksiya yoxdursa, Təhsil Nazirliyinə, hüquq mühafizə orqanlarına müraciət edilə bilər. Valideynin məktəbə hücum edib, müəllimlə mübahisəsi yolverilməzdir. Valideyn soyuqqanlı olmalı, uşağına bu kimi prosesləri aşılamalıdır. Müəllim tərbiyyəçidir. Sən müəllimlə yüksək etika ilə danışmalısan. Valideynlər özləri də övladlarına kifayət qədər vaxt ayırmalı, maariflənidirci işlər aparmalıdırlar. İndi valideynlər telefon və internetlə daha çox məşğul olurlar. Demək olar ki, son dövrlərdə ünsiyyət azalıb. Bu da uşaqların tərbiyəsinə ciddi şəkildə təsir edir”.

Nəzrin Vahid 

Məktəbdə “döyüş”: Səngərdə qadınlardır! - Kişilər niyə yoxa çıxıb?