İndi bildiniz, Azərbaycan Qarabağı niyə tam azad edə bilmədi?! 

İndi bildiniz, Azərbaycan Qarabağı niyə tam azad edə bilmədi?! 

İndi bildiniz, Azərbaycan Qarabağı niyə tam azad edə bilmədi?! 

İndi bildiniz, Azərbaycan Xankəndini, Xocalını, Xocavəndi niyə işğaldan azad edə bilmədi?! Düşünürəm ki, ilyarımdır beynimizi yeyən suallara nəhayət ki, cavab tapa bildik. Əslində, bir az məntiqi olan adamlar Şuşaya “İsgəndər” atılanda, Xırdalanın üstündə raket partlayanda nəyin baş verdiyini anlamışdılar. Ona görə həmin adamlarda heç bir sual yox idi. Cavab gün kimi ortadaydı. 

Amma təəssüf ki, içimizdə reallıq hissini itirənlər vardı. 4 ildə işğal olunan torpaqlarımızın 44 gündə azad olunması insanlarımızda eyforiya yaratmışdı. Elə bilirdik ki, hamını əzib keçə, heç kimlə hesablaşmaya bilərik. Halbuki, hətta sözdə olsa belə nə Avropa, nə Amerika bizim arxamızda dayanmamışdı. Özümüz idik. Zelenski dediyi kimi: Tək qalmışdıq. Bircə Türkiyə yanımızda idi...

İki gündür Rusiya Ukraynanı viranə qoyur. Bizim 30 il ədalət gözlədiyimiz dünya birliyi real heç nə etmir. Böyük bir xalqı rus tankının altına atıb. Hamı sakitcə bu mənzərəni izləyir. Onu tankın altından çıxarmaq üçün heç nə etmir. Özü də Avropanın düz göbəyində. Və eyni zamanda öz xristian qardaşlarını...

Bayden bu iki gündə neçə dəfə çıxış edibsə hamısında bu ifadəni təkrar edir: Biz Ukraynaya ordu göndərməyəcəyik. Dəfələrlə bunu təkrar etməkdə bu superdövlətin lideri hansı mesajı vermək istəyir? 

İndi sual edirəm. Təsəvvür edin ki, bu hadisələr Azərbaycanda baş verir. Qafqazda yerləşən bir kiçik dövlətin ərazisində. Siyasi baxımdan Avropa hesab olunsa da, coğrafi baxımdan Asiyada yerləşən bir ölkədə. Özü də əhalisi müsəlman olan bir cümhuriyyətdə. Baydenin, Avropanın, NATO-nun hansı mövqe tutacağını düşünməyə belə dəyməz. Rusiyanın amansız və Allahsız olduğunu bilməyən yoxdur. Çünki bunu bu imperiyanın liderləri tarix boyu dəfələrlə sübut ediblər. Nə vaxt ki, dünya bunu yaddan çıxarmağa çalışır, dərhal rus tankı yaddaşları təzələyir. İndi də eyni prosesdir.

Sağ qalmaq önəmlidir. Bir ölkənin, şəhərin viran olmasından dəhşətli heç nə yoxdur. Ərazilərimizin işğaldan azad olunmasından ilyarım vaxt keçir və bu müddətdə hələ bir kənd də bərpa olunaraq istifadəyə verilməyib. Çünki ağır prosesdir. Onillərlə vaxt tələb edən məsələdir.

Geosiyasi olaylar sübut edir ki, Azərbaycanın tutduğu rəsmi dövlət siyasəti bu günə kimi uğurlu olub. Qərblə də, şərqlə də, şimalla da normal münasibətlər qurmağa çalışıb. Buna nail ola bilib. Ortaya saysız-hesabsız problemlər də çıxıb. Amma bunların hamısı diplomatik yolla həll edilib. İranla, Rusiya ilə bağlı kifayət qədər böhranlı hadisələri yada salmaq mümkündür.

Bu gün isə sağ qalmaq lazımdır. Dövlətin sağ qalması mühümdür. Təbii ki, bu stress əbədi davam etməyəcək. Dünya dəyişəcək. İnsanlar nə zamansa sülh şəraitində yaşamaqdan gözəl münasibət olmadığını dərk edəcəklər. Amma bu gün hələ ki zor işlədilir. 

Sözsüz ki, nə zamansa rus imperiyası parçalanacaq. O zaman güc nisbəti bərabər olarsa, kəllə atarıq. Yoxsa, divarın qalınlığını ölçmədən kəllə atmaq adamı başından da edər. Dünyadan isə ədalət gözləmək nağıllara inanmaqdır. Nağıllardan uzaq olaq. Ukraynanın timsalında gördüyümüz kimi, reallııqlar heç də nağıla oxşamır. Heç qorxulu nağıla da oxşamır...

Elnur Məmmədli

İndi bildiniz, Azərbaycan Qarabağı niyə tam azad edə bilmədi?!