İki od arasında: Azərbaycan Ukrayna-Rusiya savaşında...

İki od arasında: Azərbaycan Ukrayna-Rusiya savaşında...

İki od arasında: Azərbaycan Ukrayna-Rusiya savaşında...

Rusiya Ukrayna müharibəsinin getdikcə geniş miqyas aldığı bir məqamda Azərbaycanın beynəlxalq hüquq prinsipləri ilə tərəfləri dialoqa çağırması ölkəmizin ümümbəşəri hüquq prinsiplərinə göstərdiyi sayğının və etimadın nümunəsidir.

Qoşulmama Hərəkatının üzvü olan Azərbaycanın BMT Baş Assambleyasındakı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi kampaniyada səsverməyə qatılmaması, bir daha tərəfləri mümkün dialoqa və sülhə çağırmaq prinsiplərinə özündə ehtiva edir.

Lakin buna baxmayaraq, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu məsələdə Ukraynanın yanında olduğunu bildirib.

Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, Azərbaycanın tutduğu mövqe Azərbaycan dövlətçiliyinə uyğun bir mövqedir:

Türkiyənin mövqeləri ilə üst-üstə düşməliyik

“Mən, ümumiyyətlə, tərəfdarıyam ki, bu hadisələrdə, Rusiya-Ukrayna müharibəsində Azərbaycan Türkiyə ilə bir yerdə olsun və Türkiyənin mövqeyi ilə üst-üstə düşsün”.

Millət vəkili Məlahət İbrahimqızı isə deyir ki, Azərbaycan hər zaman Ukraynanın əraiz bütövlüyünü dəstəkləyir:

“Azərbaycan üçün hər zaman Rusiya və Ukrayna dost ölkələrdir. Təbii ki, biz heç bir zaman istəmərik ki, dost olan ölkələr arasında münaqişə olsun”.

Deputat Elman Nəsirov məsələni belə şərh edib:

“Məlum həqiqətdir ki, bu günləri Rusiya və Ukrayna arasında müharibə gedir və bu müharibəyə faktiki olaraq iqtisadi, informasiya və diplomatik baxımdan, eləcə də, bir çox parametrlər üzrə dünyanın bir çox ölkələri qatılıb. Xüsusən də ABŞ, NATO və Aİ üzvləri. Bu vəziyyətdə ayrı-ayrı dövlətlərin mövcud davranışı diqqətdən yayınmır”.

Müharibəyə bir çox ölkələr qatılıb

Vahid Əhmədov BMT Baş Assambleyasındakı səsvermədə Azərbaycanın iştirak etməməsini Qoşulmama Hərəkatına sədrliyimiz ilə əlaqələndirir:

“O ki qaldı BMT-dəki səsverməyə, Azərbaycan bildiyiniz kimi, Qoşulmamaq Hərəkatının üzvüdür, həm də ona sədrlik edir. Bu məsələ onunla əlaqədardır ki, Azərbaycan səsvermədə iştirak etmir. Amma Azərbaycan bu gün faktiki olaraq humanitar yardım da göstərir, dövlət başçıları arasında telefon zəngləri, eləcə də, münasibətlər də var”.

Humanitar yardımlar

“Hətta möhtərəm Prezidentimiz İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini barədə də fikirlər səsləndirib, hər zaman bunu elan edib. Hətta bu yaxınlarda ölkə başçımız Ukraynaya səfər etmişdi və orada da Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyibdir.

Dövlətimiz müharibənin üçüncü günü Ukraynaya böyük humanitar yardım göstərdi. Həmçinin bununla yanaşı SOCAR-ın oradakı fövqəladə hallar və təcili yardım maşınlarını yanacaqla təmin etməsini də qeyd etmək lazımdır”, - deyə M. İbrahimqızı əlavə edib.

Elman Nəsirov da öz növbəsində BMT Baş Assambleyasında baş tutan səsverməyə də toxunub:

Azərbaycan səsverməyə qatılmadı

“Bildiyiniz kimi, BMT Baş Assambleyasında səs vermə oldu Azərbaycan bu səsverməyə qatılmadı. Bu həm də Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranışının nəticəsidir. 

Azərbaycan dövləti mövcud müharibənin beynəlxalq hüquq normaları və pirnsipləri çərçivəsində həllini istəyir. Azərbaycan ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında istənilən münaqişənin həlli mövqeyini dəstəkləyir. 

Bu, Rusiya və Ukrayna arasındakı müharibəyə də aiddir. Bizim mövqeyimiz belədir”.

Vahid Əhmədov bu günkü Ukrayna-Rusiya görüşlərinə də toxunub:

“Bildiyiniz kimi, Ukrayna prezidentinin rəhbərliyi altındakı danışıqlar da başlayacaq. Rusiya nümayəndələri gedib Ukraynaya. Bu gün görüşlərin ikinci raundu olmalıdır. Son olaraq, Azərbaycanın dövlət olaraq bu məsələdəki mövqeyi mən belə deyərdim ki, normaldır”.

Məlahət İbrahimqızının sözlərinə gəldikdə isə bir faktı qeyd etmək yerinə düşər. Dövlət başçısının Ukrayna səfərindəki səsləndirdiyi fikirlər:

Məsələni müxtəlif tərəflərə yönəltmək

“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. İstər ikitərəfli, istərsə də çox tərəfli görüşlərdə. İndi müəyyən adamlar çalışırlar ki, bunu müxtəlif yönlərə yönəltsinlər, amma hesab edirəm ki. bu, düzgün deyil. Biz bərmanalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.

Mən bir daha qeyd edirəm, bundan öncə də dövlət başçımız Ukraynaya səfər etdi və orada da açıq-aşkar Azərbaycan dövlətinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini ortaya qoydu”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.  

İki od arasında: Azərbaycan Ukrayna-Rusiya savaşında...