"Heç kim Rusiyaya kömək etməyə çalışmasın" - Dövlət Departamenti

"Heç kim Rusiyaya kömək etməyə çalışmasın" - Dövlət Departamenti

"Heç kim Rusiyaya kömək etməyə çalışmasın" - Dövlət Departamenti

ABŞ Çinə xəbərdarlıq edib ki, Qərbin iqtisadi sanksiyaları qarşısında Moskvanı xilas etmək qərarına gəlsə, bunun nəticələri olacaq.

Polemika.az “Amerikanın səsi”nə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Romada Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Yan Jieçi ilə görüşdən sonra belə bəyanatla çıxış ediblər.

“ABŞ-ın milli təhlükəsizlik müşaviri və nümayəndə heyətimiz Çinin işğaldan əvvəl Rusiyaya dəstəyindən və bu cür dəstəyin Çinin təkcə bizimlə deyil, digər ölkələrlə də münasibətlərinə təsir edəcəyi ilə bağlı narahatlığımız haqqında birbaşa və birmənalı olub”, - deyə Prays vurğulayıb.

O bildirib: “ÇXR və ya hər hansı digər ölkənin Rusiyaya hər hansı formada dəstək olub-olmamasını çox diqqətlə izləyirik: maddi, iqtisadi, maliyyə. Dünyanın istənilən yerindən istənilən belə dəstək bizi çox narahat edər. Biz Pekinə biganə qalmayacağımızı açıqladıq. Biz imkan verməyəcəyik ki, heç bir ölkə Rusiyaya itkilərini kompensasiya etsin”.

Ağ Ev bəyan edib ki, Sallivan və Yan Cieçi Romada keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər:

“Görüş prezident Bayden və Çin lideri Si Zinpin arasında noyabrın 15-də keçirilən virtual görüşün davamı idi. Sallivan Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı əsaslı müzakirələrlə ABŞ-Çin münasibətlərində bir sıra məsələləri gündəmə gətirib. Onlar, həmçinin ABŞ və Çin arasında kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyini müzakirə ediblər".

"Heç kim Rusiyaya kömək etməyə çalışmasın" - Dövlət Departamenti