“Hamamda buğ var, kisəçi var, çox şey var...” - Xeyrəddin Qoca

“Hamamda buğ var, kisəçi var, çox şey var...”

“Hamamda buğ var, kisəçi var, çox şey var...” - Xeyrəddin Qoca

Artıq 3 gündür ki, Azərbaycanda hamamların fəaliyyətinə icazə verilib.

Bu Nazirlər Kabinetinin dekabrın 11-də xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb. 

Yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

Hamamların açılmasını məzhəkə obyektinə çevirənlər az olmadı. Lakin sevinənlər və bu xəbəri səbirsizliklə gözləyənlər də var idi. Onlardan biri də yazıçı-publisist Xeyrəddin Qocadır.

Xeyrəddin Qoca Polemika.az-a açıqlamasında hamamların gec açılmasından təəssüfləndiyini bildirib:

“Təəssüf edirəm ki, bunu çox gec etdilər. Birincisi hamının evində hamam yoxdur. Elə adamlar var ki, həyət evidir. Orada hamam yoxdur. Keçmişdə olduğu kimi vannada çimirlər”.

X.Qocanın sözlərinə görə, hamam məhfumunu qarışdırmaq olmaz:

“Hamam ayrı, evdə duş qəbul etmək ayrı. Mən 60 ildir ki, hər gün səhər tezdən duş qəbul edirəm. Duş qəbul etməsəm əynimə paltar geyinməyim, saçımı daramağım mümkün deyil. Sanki özümü tozun-torpağın içində hiss edirəm. Bu toz yumaqdır.

Hamamda isə quru və sulu buxar var, buğ var, kisəçilər var, çox şey var. Orda adam sanki yenidən doğulur. Hamamın nə olduğunu bilməyən yoxdur. Bunu bilərəkdən açıqlayıram ki, lağ edənlər qoy başa düşsünlər ki, səhv edirlər”.

Xeyrədddin Qoca qeyd edib ki, hər şeyə qadağa qoyulsa da, hamamların fəaliyyətini dayandırmaq olmaz:

“Hamam xalqa mütləq lazımdır. Hər şeyi qadağan etmək olar, amma hamamı yox! Hamamda kiminsə xəstələnməsini nə eşitmişəm, nə də görmüşəm. Hamamların açılması məni və çox adamı sevindirdi. İnsanların bu münasibətlə bir-biriini təbrik etdiklərini gördüm.

Bununla yanaşı, hamamların bağlanması 10 000 adamın işsiz qalmasına səbəb olmuşdu. Hamısı pulsuz, parasız qalıb. Bəs bunlar nə etsinlər. Ona görə də hamamın açılması yaxşı işdir. Qərargaha da təşəkkür edirəm ki, gec də olsa hamamların fəaliyyətinə icazə verdilər”.

Nəzrin Vahid 

“Hamamda buğ var, kisəçi var, çox şey var...” - Xeyrəddin Qoca