Elçibəy AMEA-nı ləğv etmək istəyib? - Keçmiş baş nazirdən açıqlama

Elçibəy AMEA-nı ləğv etmək istəyib?

Elçibəy AMEA-nı ləğv etmək istəyib? - Keçmiş baş nazirdən açıqlama

“1992-ci ilin sentyabr, ya da oktyabr aylarında “Millət” qəzetində bir informasiya dərc olunmuşdu. Mənim adımdan yox, ümumiyyətlə, AMEA-nın Rəyasət Heyətinin bir neçə üzvünün belə bir müraciəti olmuşdu ki, Elçibəy iqtidarı Akademiyanı ləğv etmək istəyir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib. Onun sözlərinə görə, bununla əlaqədar Prezidentə müraciət olmuşdu:

“Prezident də o vaxtı məni və humanitar məsələlər üzrə dövlət müşaviri Rafiq İsmayılovu Rəyasət Heyətinə göndərdi. Sonra da Elçibəy Akademiyanın prezidenti və Rəyasət Heyətinin üzvlərini qəbul etdi və belə bir fikrin həqiqətə uyğun olmadığını bildirdi. Prezidentin tapşırığı ilə o vaxt Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə ayrıldı və digər başqa tədbirlər görüldü.

Əslində, bu, müəyyən siyasi dairələr tərəfindən Akademiya əməkdaşlarını iqtidarın əleyhinə qaldırmaq məqsədilə ortaya atılmış bir informasiya təxribatı idi. AXCP hakimiyyətə gəlməmişdən əvvəl də, hakimiyyəti dövründə də bu tip fikirlər səsləndirildi, ancaq bu barədə AXCP hakimiyyətdə olarkən dövlət rəsmiləri heç bir fikirlər səslənməyib. Lakin Akademiyanın keçmiş sovet-totalitar dövrə məxsus bir elm təşkili forması olduğunu, islah edilərək yenidən qurulmasını və hətta Akademiyanın ləğvinə qədər radikal dəyişik edilməsini təklif edirdilər. Belə fikirlər irəli sürülürdü ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində olduğu kimi, elm-tədqiqat mərkəzləri universitetlərə keçməlidir. Müxtəlif islahat layihələri irəli sürüldü, o cümlədən, Xalq Cəbhəsinin Akademiya Şöbəsinin bir qrup üzvü hələ 1993-cü ildə belə layihələrlə, yəni Akademiyanın əsasnaməsinin dəyişdirilməsi təklifi ilə çıxış etmişdilər. Lakin təkrar edirəm ki, bu, Akademiyanın ləğvini nəzərdə tutmurdu”.

P.Hüseyn əlavə edib: “Məsələn, ilk dəfə olaraq Qazaxıstanda 1991-ci ildə Akademiyada islahat aparılmışdı və müzakirələr zamanı elm və təhsil siyasətinin birləşdirilməsi, Təhsil və Elm Nazirliyinin yaradılması, şübhəsiz ki, ali məktəblərdə elmin inkişafı üçün proqramların nəzərdə tutulması və həyata keçirilməsi, eyni zamanda, Elmlər Akademiyasının da saxlanılması nəzərdə tutulurdu. Sonralar AXCP hakimiyyətdən getdikdən sonra Akademiya əvvəlki formasında saxlanıldı.

AMEA totalitar-kommunist rejimi şəraitində elmin bir forması idi və elmin inkişafı baxımından 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi görüşlər tərəfindən effektiv sayılmırdı. Amma yadda saxlanılmalıdır, Azərbaycanda, o cümlədən, keçmiş SSRİ-nin digər ölkələrində həm demokratik hərəkatın, həm də milli azadlıq hərəkatlarının əsas mərkəzi, eləcə də, Azərbaycanda, Qarabağda erməni separatizminə qarşı milli müqaviməti AMEA-nın əməkdaşları təşkil edirdi. Bu baxımdan, o dövrdəki bu mühafizəkar və geriqalmış instusional xarakterlə yanaşı, Elmlər Akademiyasının milli və demokratik hərəkatda, onun ideologiyasının hazırlanmasında və təşkilatlanmasında müstəsna mərkəzi rolu da qeyd edilməlidir. Bu da həm də Elmlər Akademiyasında və orada toplanmış elmi potensiala qayğı ilə yanaşılmasını şərtləndirirdi”.

“Sözün düzü, AMEA-da ciddi bir islahatın aparılması və ümumiyyətlə, Azərbaycan dövlətinin elm siyasətinin ciddi şəkildə yenidən qurulmasının zəruriliyini qəbul edərək və Akademiyanın da bu islahatın bir predmeti olduğunu nəzərdə tutaraq, hazırkı diskussiyalar şəraitində Akademiyanın ləğvinin, orada toplanmış elmi və intellektual potensialın zərər görməməsi şərtilə aparılması tərəfdarıyam. Prinsipcə birdən-birə ləğv kimi yanaşmanı indiki halda doğru hesab etmirəm”, - deyə müsahimibiz fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Elçibəy AMEA-nı ləğv etmək istəyib? - Keçmiş baş nazirdən açıqlama