"Bələdiyyə sədri seçilmək üçün Vilyam Hacıyevə 10 min manat vermişəm"

"Bələdiyyə sədri seçilmək üçün Vilyam Hacıyevə 10 min manat vermişəm"

"Bələdiyyə sədri seçilmək üçün Vilyam Hacıyevə 10 min manat vermişəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Qəhrəman Qəhrəmanov bildirib ki, Neftçala rayonunda bələdiyyə sədri işləyib.

O deyib ki, bu vəzifəyə keçmək üçün V.Hacıyevə 10 min manat rüşvət verib: "Mən 3 kənd üzrə bələdiyyə sədri təyin olundum. Bankdan kredit götürüb pulunu verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa, SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərilmişdi. Vilyam Hacıyev ümumi iclasda medalı mənə təqdim etmək üçün 1000 manat pul istədi. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri vəzifəsinə qanunsuz seçilmişəm".

V.Hacıyev şahidin ifadəsinə etiraz edib. Onun sözlərindən məlum olub ki, bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib: “Bu adam yalan danışır. O, qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona məhkəmə qərarı ilə həbs cəzası verilib”.

Məhkəmədə elan edilib ki, Q.Qəhrəmanov barəsində məhkəmə qərarı var və o, 15 sutka həbs edilməklə yanaşı, 2 min manat da cərimələnib".

Daha sonra Neftçala RİH-in şöbə müdiri Mirzə Quliyev dindirilib. O söyləyib ki, vəzifəsi kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etməkdir: "İstintaqa ifadəmi təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kənd icra nümayəndəsi təyin olunmaq 5 min, icra nümayəndəsinin müavini təyin edilmək isə 2 min manat idi. Bir dəfə də dövlət şirkəti tərəfindən köçürülən 150 min manatı bankdan götürüb, Vilyam Hacıyevə vermişəm”.

Məhkəmədə ifadə verən Neftçala RİH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev deyib ki, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün V.Hacıyevin köməkçisinə 2 min manat pul verib.

Proses fevralın 21-də davam etdiriləcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

 

 

"Bələdiyyə sədri seçilmək üçün Vilyam Hacıyevə 10 min manat vermişəm"