Bölgələrdə nə vaxt normal internet olacaq? – 2024-ün hədəfi...

Bölgələrdə nə vaxt normal internet olacaq? – 2024-ün hədəfi...

Bölgələrdə nə vaxt normal internet olacaq? – 2024-ün hədəfi...

XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bütün dünya ölkələri hazırda informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanırlar. Azərbaycanı da bu ölkələr arasında görmək hər birimiz üçün sevindiricidir.

Polemika.az-a danışan tanınmış jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu sahədəki problemlərə də toxunub:

“Əlbəttə regionlarda internetin sürətində müəyyən dərəcədə problemlərin olduğunu bilirik. Ancaq internetin əl çatanlığı Bakıda o qədər də problemli deyil. Ancaq ümumi işi qurmaq və yaradıcılıq baxımından demək lazımdır ki, mediamız rəqəmsallaşır. 

Artıq çap platfroması öz yerini internet resurslarına verib və oxucular xəbərin oxunuşundan daha çox səsinə və görüntüsünə önəm verir. Bu da rəqəmsal texnologiyanın inkişafına bağlı olan bir məsələdir. Bu sahədə inkişaf etdirələcək parametrlər ortada olmalıdır. Rəqəmsal İnkişaf Nazirliyi də bu sahədə işini aparmalı və alternativ internet provayderləri ölkəyə gəlməlidir”.

Mütəxəssis qeyd edib ki, peşəkar medianın, artıq bəlli standartları var və bu bəlli standartlardan kənara çıxmaları biz sosial media şəbəkələrində görürük:

“Artıq jurnalistikanın bəlli, klassik, nəzəri düsturlarından kənar yeni bir fəaliyyət sferası var. Dil qaydalarından tutmuş, yazı örnəklərinə, üsluba qədər artıq dəyişikliklər var. Əvvəlcə, biz qəzet dilini tədris edib öyrənirdik. Artıq yeni bir sayt, mesaj, hətta şou dili yaranıb Azərbaycan jurnalistikasında ki, bu da rəqəmsal jurnalistikanın gətirdiyi sürət amilinə bağlıdır. Eyni zamanda rəqabət anlamında bu məsələlərə yanaşılır və bunun təhlili bu cür verilir.

Əlbəttə, burada Azərbaycan dilinin qayda-qanunlarına əməl olunması, yazı mədəniyyətinin qorunub saxlanılması çox önəmli məsələdir. Bu baxımdan dövlətin özünün də müəyyən bir konsepsiyası var. MEDİA da bu sahədə qəzetlərə, ənənəvi tipalogiyaya malik olan media strukturlarına öz maddi dəstəyini göstərir. Ancaq bu kifayət deyil. Yetişən yeni bir gənclik, artıq formalaşmış yazı qaydalarından kənarlaşıb və yeni bir media dili ilə üz-üzədir. O media dili texnoloji dil olsa, bunu anlamaq olar. Lakin burada təkcə texnoloji dil deyil. Artıq bizim publisistikamıza, yazılarımıza, hətta bədii ədəbiyyat nümunələrinə belə təsirsiz ötüşmür”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, əlbəttə, media çalışmalıdır ki, öz peşəkarlığını, bəlli standartları qoruyub saxlasın:

“Akademiyanı biz tənqid edirik, lakin Akademiya bu sahəyə diqqət yönədəcək yeganə elmi qurumdur. Lakin gördüyümüz odur ki, adətən, TV-lərdə dil qaydaları müzakirəyə çıxarılır. TV-lərlə yanaşı saytlar da var axı. Müəyyən internet resurusları var, “YouTube”da olan videolar var. Bütün bunların hamısı analiz olunmalıdır ki, Azərbaycan dili zədələnməsin.

Ancaq yeniliklər də var. Yeniliklər də bundan ibarətdir ki, cəmiyyət daha asan informasiyaya ulaşa bilər. Bizim kifayət qədər ciddi problemlərimizin olmasına baxmayaraq, bu yeniliklər sevindiricidir”.

İKT üzrə müstəqil ekspert Elvin Abbasov isə ifnromasiya və kommunikasiya sahəsində olan yeniliklərdən söz açıb:

“Bu məsələdə 2021-ci ildə cənab nazir Rəşad Nəbiyev ümumi açıqlama etdi ki, 2023-2024 planlarında Bakı və bölgələrdəki cari vəziyyət nədir və Bakı bölgələrdə internetin yaxşılaşdırılması üçün yeni qurulacaq infrastruktur hansı qaydada olacaq. Bu barədə, artıq plan var və bu mətbuatda geniş müzakirə olunub. Planın hazırkı statusu odur ki, yenidənqurma, xətlərin çəkilməsi, bərpa işləri və avadanlığın dəyişilməsi məsələləri hələ ki, davam edir. Bunun nəticəsini bir neçə aydan sonra biz görəcəyik.

İkinci məsələ, media resurslarına çıxışın əldə edilməsidir ki, bunun bağlı ümumi statistikanı nəzərinizə çatdırım ki, hazırda bütün media saytlarının və aparılan analitikaların nəticəsididir ki, insanlar daha çox mobil vasitələrlə ineternetə çıxış edirlər. Bu günləri bir çox xəbər saytlarının verdiyi və “Google Analytics”dən baxdığımız statistikalarda görürük ki, sosial şəbəkələrə, eləcə də, internetə çıxışda 90% mobil, 10% isə “destkop”, yəni kompyuter və yaxud noutbuklardan istifadə olunur”.

E. Abbasov əlavə edib: “Mən razı deyiləm ki, rayonlarda internetin sürəti zəifdir. Çünki rayonlarda hazırda sosial media və digər xəbər saytlarına daha çox mobil telefonlarla çıxış edirlər. Mobillər də daha çox “GSM” interneti üzərindən həll olur və rayonlarda “GSM” internetində problem yoxdur. “GSM” operatorları Bakıda necə fəaliyyət göstərirlərsə, rayonlarımızda da elə çalışırlar. 

Ola bilsin ki, ucqar kəndlərdə, dağ yerlərində qoyulan baza stansiyaları uzaq məsafədə ola bilər, amma əksər rayon və kəndlərimizdə mobil internet tam təmin olunubdur. Amma ki, fiziki internet, yəni fiber optik kabellə çəkiləcək olan internet, hələ 2023 və 2024-də tam nəticələnəcək. Onunla əlaqəli, artıq ortaya nazirlik tərəfindən plan qoyulub və planla əlaqəli statusları daim yeniləyirlər. Ona görə də, cari vəziyyətlə əlaqəli bir az səbrli olmalıyıq, amma mən bir İT mütəxəssis kimi vurğulamaq istəyirəm ki, bu günləri əhalinin əksər qisminin internet resurlarına çıxışı mobil üstündəndir. Hətta, artıq bütün dövlət qurumları da öz servislərini “mobil application” şəklində çıxarıbdır.

Bu rakursdan biz baxanda Azərbaycanda provayderlər baxımından rayonlarda problemlər var. Bakı ərazisində bu yoxdur, lakin Bakı ətrafı kəndlərdə də müəyyən yerlərdə problemlər mövcuddur. Bakıda “G point” texnologiyası qurulubdur, bir çox yerlərdə fiber optik internet var, amma Bakı kəndlərində, eləcə də, bundan əlavə digər rayonlarda problemlərimiz var. Buna görə də, yenidənqurma işləri sürətlə gedir və qoyulan planlar davam etdirilir”, - deyə ekspert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

 

Bölgələrdə nə vaxt normal internet olacaq? – 2024-ün hədəfi...