"Beşinci kolon arzulayır ki, kaş bura da rus tankları gəlsin"

"Beşinci kolon arzulayır ki, kaş bura da rus tankları gəlsin"

"Beşinci kolon arzulayır ki, kaş bura da rus tankları gəlsin"

“Kimsə Rusiyaya dəstək verə bilər, bunun müxtəlif səbəbləri ola bilər, Biri beşinci kolondur və ya arzulayır ki, kaş bura da rus tankları gəlsin, biz yenə sovet hakimiyyətində yaşayaq...” 

Bu sözləri Polemika.az-a media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib.

Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək verən həmyerlilərimiz barədə danışan professor Rusiyanın bu addımını birmənalı olaraq işğal adlandırıb:

“Hesab edirəm ki, Ukrayna-Rusiya müharibəsində Ukrayna öz azadlığını, suverenliyini, müstəqilliyini qoruyan tərəf kimi çıxış edir. Rusiya isə köhnə imperiya iddiaları ilə onu öz əhatə dairəsində, öz təsiri, nüfuzu altında saxlamaq istəyir. Sosial şəbəkələrdə kimsə Rusiyaya rəğbətini bildirə bilər, amma gözümüzün qarşında bütün dünya Ukraynaya dəstək verir, yardım göstərir. Hətta ötən gün BMT Ukraynaya təcavüz haqqında xüsusi qətnamə qəbul edib və ona 141 ölkə səs verib. Kimsə Rusiyaya dəstək verə bilər, bunun müxtəlif səbəbləri ola bilər,  Biri beşinci kolondur, başqa biri nostalji duyğularla yaşayır, arzulayırlar ki, kaş bura da rus tankları gəlsin, biz yenə sovet hakimiyyətində yaşayaq və s. Hesab edirəm ki, bu absurddur. Rusiyanın davranışı birmənalı şəkildə təcavüz və işğal faktıdır, müstəqil, suveren dövlətə qarşı müdaxilədir, onun suverenliyinə qəsddir. Ona görə də normal insanlar bunu rəğbətlə qarşılaya bilməzlər”.

Professor Putini haqlı hesab edənlərin müxtəlif bəhanələrə sığındığını bildirib:

“Təbii ki, Putini haqlı hesab edənlər də var ki, o, NATO-nun öz sərhədlərinə yaxınlaşmasından qorxur, Ukraynanı neytral bir dövlət kimi görmək istəyir və s. Məncə, bunlarım hamısı bəhanədir. Ukrayna prezidenti Zelenski çıxışında bu suala qəti cavab verdi: Biz Rusiyanın təsiri altında, onunla birgə yaşamaq istəmirik, biz müstəqil, azad Ukrayna olmaq istəyirik dedi. Bundan sonra Rusiyanın tərəfini kim saxlayırsa, özü bilər, amma fikrimcə, bütün bəşəriyyət, vicdanlı insanlar, mütərəqqi xalqlar Ukraynanın tərəfindədir və Rusiyanı pisləyir. Bu, birmənalı şəkildə belədir”.

Q.Məhərrəmlinin sözlərinə görə, müharibə uzun müddət davam edərsə, bu, Rusiyanın təhlükəsizliyini də şübhə altına alacaq:

“Müharibə xeyli uzana bilər. Əgər Ukrayna duruş gətirə bilsə, bu vəziyyətin uzanmağı birmənalı şəkildə Rusiyanın daxili təhlükəsizliyi üçün ciddi fəsadlar törədəcək. Rusiya gözləyirdi ki, Qazaxıstan və işğal təcrübəsinin olduğu başqa ölkələrdəki kimi gəlib Ukraynanı da alacaq, özünə tabe edəcək. Amma Rusiya qoşunlarını geri çəkib, döyüşü dayandırmasa, müharibə uzun çəkəcək. Çünki Ukrayna kiçik bir ölkə deyil. Hətta Kiyev süqut etsə, belə hakimiyyət ölkənin şimalına çəkilə biləcək, Lvov istiqamətində və başqa yerlərdə öz hakimiyyətlərini sürdürəcəklər, döyüşlərə davam edəcəklər.

Müharibə ilə birlikdə məlum oldu ki, Ukrayna ordusu kifayət qədər hazırlıqlıdır. Ölkə səmasını da qoruya bilir, ballistik raketləri də vura bilir, tankları da yandıra bilir, piyadaları da əsir götürə bilir. Ukraynanın gücü çoxdur, indi də bir tərəfdən NATO mütəxəssisləri ona kömək edir, Avropanın bəzi ölkələri ona silahla yardım edir. Nəzərə almaq lazımdır ki, burada Qərbin də çox ciddi marağı savaşı dayandırmaqda deyil, daha çox Rusiyanı iqtisadi cəhətdən zəiflədib çökdürməkdı, bu rejimi tamamilə iflasa uğratmaqdan ibarətdir. Ona görə də düşünürəm ki, 3-5 günün ərzində Rusiya bu müharibəni yekunlaşdıra bilməsə, proseslər uzanacaq və Ukrayna Rusiya üçün ikinci Əfqanıstana çevriləcək”.

Əsmətxanım Rzazadə 

"Beşinci kolon arzulayır ki, kaş bura da rus tankları gəlsin"