Barmaqlar tətikdə: Ukrayna "rus ayısı"nın pəncəsindən qurtula biləcək?

Barmaqlar tətikdə: Ukrayna "rus ayısı"nın pəncəsindən qurtula biləcək?

Barmaqlar tətikdə: Ukrayna "rus ayısı"nın pəncəsindən qurtula biləcək?

Fransa prezidenti Emmanuel Makronla Vladimir Putin arasında keçirilən Moskva görüşündən sonra yaxşılığa doğru heç nə dəyişməyib. Dünyanın Kreml masasının uzunluğunu şərh etdiyi bir vaxtda gözdən qaçan bir məqam da var: Putinin müharibəyə meylli çıxışları.

Bu görüşü formal sayan ukraynalı rəsmilər, öz növbəsində ehtiyatı əldən verməyərək, bu ölkəni cəbhəxanaya çevirməkdən də vaz keçmirlər. Putinin müharibəyə meylli davranışları, artıq Kremlin koridorlarında, eləcə də, Rusiya ictimai mühitində onun özünün nüfuzunu salacaq fikirlərin oyanmasına rəvac verib. Bu günlərdə məşhur “Insider” nəşri də bu barədə yazaraq qeyd edib ki, Putinin bu davranışları 2024 seçkilərində onun Rusiya ictimaiyyətində nüfuzunun getdikcə düşməsinə səbəb ola bilər.

Bəs müharibə baş verərsə, nəticə necə olacaq? Bu barədə siyasi kluarlarda müzakirələr səngimək bilmir. “Novorossiya” xəyalları ilə yaşayan millətçi kəsimdən fərqli olaraq, milli etnoginezlərinə önəm verən xalq, ukraynalı qardaşları ilə müharibə etmək məsələsinə elə də isti baxmır. Elə Makron da Putini bu fikirindən daşındırmaq üçün Moskvaya səfər etmişdi. Lakin qış yuxusundan erkən oyanan “rus ayısı”nın, artıq dişinə qan dəyib və o dünyanı qarşısına almağa meyllidir.

Putin isə Ukrayna böhranını NATO-Rusiya konflikti kontekstində qələmə verir və burada bir başa “günah keçisi”ni Qərb olaraq göstərir. Əslində, 30 il ərzində sərhədlərinə qədər dirənən NATO-dan ehtiyat edən Rusiyanın sırf bu məsələdə "NATO kozırı"nı ortaya atması da anlaşılandır. Çünki Rusiya öz nüfuzunu bu bölgədə itirmək istəmir. 2005-ci il Gürcüstan "məxməri iqnilabı"ndan sonra 2014-cü ildə Ukraynada da fiaskoya uğrayan Rusiya, artıq daha qəddar və aqressiv siyasət yürütməkdən də çəkinmir. Buna misal olaraq yenə də Kreml görüşündə rusiyalı dövlət başçısının jestikulyasiyalı hərəkətləri və müharibəyə meylli çıxışlarını nümunə gətirə bilərik. Doğrudur, 2020-ci ildə Belarusda da eyni hadisələr başladı və xalq “Avropanın son diktatoru”nu devirmək istədi, lakin “ağızı iki dəfə yanan” Rusiya, artıq buna mane oldu və zor gücünə Aleksandr Lukaşenkonu iqtidarda saxladı. Belarusda məğlub olan Qərb isə bütün ümidini yenidən Ukraynaya bağladı.

Elə bu məqamda Qərblə Rusiya arasındakı məngənədə sıxışan Ukraynanın da tək çıxış yolu ölkəsini cəbhəxanaya çevirməkdən başqa bir şey deyil. Sözsüz ki, müharibə böyük fəsadlara, eləcə də, Rusiyada daxili münaqişələrin başlamasına səbəb ola bilər. Onsuz da illərdir daxilindəki separatizmi güc yolu ilə yatırmağa çalışan Rusiyanın Qərb tərəfindən ona qarşı istifadə edə biləcəyi ən müvafiq “silahı” məhz bu ola bilər.

İndi gözlər Qara dənizin şimalına doğru zillənib. Kimsə bilmir nə olacaq, amma bir reallıq var ki, əgər bir şey olsa, dünyanın mənzərəsi başdan ayağa dəyişə bilər.

Rafi MÜSLÜMOV

 

 

Barmaqlar tətikdə: Ukrayna "rus ayısı"nın pəncəsindən qurtula biləcək?