Bankda ələ salınan qoca

Bankda ələ salınan qoca

Bankda ələ salınan qoca

Bakı. Kapital Bankın Nərimanov filialının qarşısı. Soyuq bir gün...

Bank binasının qarşısında uzun növbə var. Həmişəki kimi. Küçədə dayanan adamlar soyuqdan ayağının birini götürüb o birini qoyur. Üşüyürlər. Bank əməkdaşları isə içəridə qarşılarında isti kofe, tələsmədən, bir müştəri ilə ən azı yarım saat vaxt “öldürürlər”. Bayırdakı növbə isə böyüməkdə davam edir. Qaş-qabaqlı, yorğun adamlar bir-birinin araxsınca düzülürdü...

Bankın giriş qapısında polis və mühafizə xidmətinin əməkdaşları dayanıb. Mühafizə xidmətinin əməkdaşı gələnlərdən banka hansı iş üçün gəldiyini soruşur, sonra içəri girib elektron növbə sistemindən uyğun xidmət üçün növbə nömrəsi götürür və həmin şəxsə verib deyir: “Pəncərədən içəridəki ekranı izləyin, növbəniz çıxanda qapıya yaxınlaşın”.

Pəncərənin də qarşısı adamla doludur. Hər kəs öz növbəsinin həsrətindədir. Növbə isə “random” prinsipi ilə işləyir. Gah bu xidmət, gah o xidmət...

Bu zaman yaşlı bir ağsaqqal bankın qarşısına yaxınlaşır. Əlində əsa, əlləri və ayaqları əsir, əynində cırıq pencək, ayaqlarında dağılmaq üzrə olan qaloş, şalvarı didik-didik. Kimsəsizliyin rəsmi idi sanki...

Qocalıq, ömrün bu son akkordunu hər kəs istədiyi kimi yaşaya bilmir. Əksər halda bu istəkdən də asılı olmur. Saysız-hesabsız səbəblər var. Çox zaman ailə, naxələf övladlarla bağlı hadisələr belə bir tablonu yaradır. Səfillik bu həyatın dibində məskən salıb. Bu ağsaqqal da həmin dibdən gəlmişdi.

Qulağı ağır eşidirdi, buna görə də qışqıra-qışqıra danışırdı. Danışında, müraciətində həyata nifrəti hiss olunurdu. Elə eyni nifrət və səs tonu ilə də polisə banka girmək istədiyini deyərək “Pensiyalar nə vaxt vurulacaq?” soruşdu.

Polis digər müştərilərə göstərdiyi nəzakəti bu ağsaqqala göstərmədi. Öncə görməzdən gəldi. Belə olanda qoca sualı təkrarladı. Yenə də eyni reaksiyasızlıq. Belə olanda ağsaqqal qapını açıb içəri girmək istədi. Polis bu dəfə reaksiyasız qalmadı, onu itələyib qapıdan uzaqlaşdırdı. Amma bu səfil qoca polisin hərəkətini çilik-çilik olmuş qüruruna sığışdırmadı. Əsasını yuxarı qaldırdı: “Səni çəliyin altına salaram...”

Polis isə başını önə əyib “Vura bilirsən, vur, vur...” deyərək onu təhrik etdi. 

İyrənc bir mənzərə idi...

Əgər bir insanda vicdan deyilən ali hiss yoxdursa, onda heç insanlıq da yoxdur. Mən həyatda fikirlərin, yanaşmaların və dəyərlərin nisbi olduğuna inanıram. Ədalət də, inanc da nisbi ola bilər. Amma vicdan elə bir dəyərdir ki, onun nisbisi olmur, deyə düşünürəm. O, ya var, ya da yoxdur. Hətta bəzən Tanrının vicdan formasında mövcud olduğunu düşünməkdəyəm. 

Yuxarıda təsvir etdiyim hadisədə isə vicdan itmişdi. Qocanın hay-harayına mühafizə xidmətinin əməkdaşı da müdaxilə etdi. O isə quşu lap gözündən vurdu. Ağzını ağır eşidən ağsaqqalın qulağına dayayıb qışqıra-qışqıra dedi: “Get. Saat 7-də gələrsən...”.

Qoca inandı. Saatına baxdı və geri qayıtdı. Bankın iş vaxtı isə saat 5-də bitirdi. Qapılar bağlanırdı. 

Sağ olsun gözəl insanlar. Bu polis-mühafizə cütlüyünün yaşlı adamı ələ salmasına biganə qalmadılar. Öncə onlara “evinizdə yaşlı atanız yoxdurmu?!” deyə ağızlarından gələni dedilər. Xüsusilə gənc bir qız onların olmayan abrını ətəyinə bükdü. Sonra həmin gənc xanım bank əməkdaşlarının görməli olduğu işi gördü. Qocaya yaxınlaşıb onu aldatdıqlarını, saat 7-də bankın bağlı olacağını bildirdi. İzah etdi ki, pensiyalar hələ vurulmayıb və 1-2 gün səbr etsin.

Qoca çəliyini taqqıldada-taqqıldada getdi. 

Azərbaycan aydını Niyazi Mehdi Allaha inanan və inanmayan adamların olduğunu deyir. Eyni zamanda bu ikisinin arasında başqa bir zümrənin də varlığından danışır. Onlar şübhə edənlərdir. Aydınımız onları “bəlkə də Allah var” deyə düşünənlər adlandırır. Və bu zümrədən olanların tez-tez xeyriyyəçilik, yaxşı əməllər gördüyünü də qeyd edir. O məqsədlə ki, “bəlkə Allah var” fikrindədirlər.

Mən Allaha səmimi olaraq iman gətirib amma vicdan hissindən xəbəri olmayan insanlar çox görmüşəm. Lakin belə imanın nə faydası? 

Həmin qoca geri qayıdarkən gözümün qabağına Hikmət baba gəldi. 44 günlük müharibə zamanı pensiyasını orduya bağışlayan Hikmət baba. Bütün millətimizə dövlətin var olma düsturunu göstərən Hikmət baba...

Bəs, bu gənc polis və mühafizəçi hansı örnəyi göstərdilər? 

Nə göstərdiklərini yazdım. Mən bura, mələklər isə öz çiyinlərinə...  

Elnur Məmmədli

 

Bankda ələ salınan qoca