Azərbaycan dünyanın xilası missiyasında

Azərbaycan dünyanın xilası missiyasında

Azərbaycan dünyanın xilası missiyasında

Təxminən XIX əsrin ortalarında baş vermiş sənaye inqilabı və kütləvi istehsal havaya buraxılan sənaye qazlarının həcmini kəskin artırdı. Bu qazlar binaların isidilməsi və işıqlandırılmasında, o cümlədən, hər gün yediyimiz kənd təsərrüfatı məhsullarının istehsalında istifadə etdiyimiz istilik və elektrik enerjisinin yan məhsullarıdır.

Bu qazların çoxu istixana effektinə malikdir. İstixana, bildiyimiz kimi, yeri qızdıran günəş şüalarını qəbul edir, bu istiliyin çölə çıxmasına isə imkan vermir, sanki onu öz şəffaf divarları arasında həbs edir.

Sənaye qazlarının atmosferə yayılması istixana effektinin bütün planet miqyasında baş verməsinə səbəb olur. Metan, karbon dioksid (və ya CO2), su buxarı və digər sənaye emissiyaları Yerə gəlib çatan günəş istiliyini toplayır, geri buraxmır və planetdə orta temperaturun artmasına səbəb olaraq yavaş-yavaş, amma dayanmadan bizi "qızardır".

150 il ərzində sənaye qazları emissiyasının, demək olar ki, durmadan artması Yerdəki temperaturun artıq orta hesabla təxminən 1,1 dərəcə artmasına səbəb olub.

Düşünmək olar ki, hə, nə olsun? 1 dərəcəlik artım - bu ki xırda məsələdir!

Halbuki məsələ çox ciddidir. Birincisi, ona görə ki, buz həmişəki kimi 0 dərəcədə əriməyə başlayır (dəniz buzu isə mənfi 2 dərəcədə).

Bu isə o deməkdir ki, ilin çox hissəsini qar və buz altında keçirən, ya da donu heç açılmayan şimalda və dağlıq ərazilərdə 1 və ya 1,5 dərəcə əlavə istilik kritik vəziyyət yarada bilər.

Ərinti suları çöllərə doğru axır və nəticə etibarilə dünya okeanına tökülür, bu isə okeanın səviyyəsini artırır, sahilyanı ərazilər su altında qalır.

İkincisi, 1,1 dərəcə artım ortalama rəqəmdir. Planetin bəzi hissələrində istiləşmə daha çox, bəzilərində daha azdır.

Qlobal istiləşməyə qarşı mübarizə məqsədilə 30 il öncə BMT tərəfindən COP (Conference of Parties), yəni tərəflərin konfransı adlı qurum yaranıb. COP-da 197 ölkənin nümayəndələri hər il toplaşıb qlobal iqlim dəyişikliklərini müzakirə edirlər və qlobal fəlakətin baş verməməsi üçün istər dövlət səviyyəsində, istərsə də fərdi şəkildə hansı şərtlərə əməl olunması haqda razılığa gəlməyə çalışırlar.

Sammit BMT-nin 30 il əvvəl Yer kürəsinin bütün ölkələri və əraziləri tərəfindən imzalanmış, insanın iqlimə təsirini məhdudlaşdırmağa yönəlmiş iqlim dəyişikliyi konvensiyası - beynəlxalq razılaşma çərçivəsində keçirilir.

COP26 isə razılaşmanın qüvvəyə mindiyi 21 mart 1994-cü ildən bəri sayca 26-cı toplantıdır. Bu il sammit Şotlandiyanın Qlazqo şəhərində, 1-12 noyabr tarixlərində keçirildi.

COP26 bu sahədə əsas nizamlayıcı sənədin - Paris İqlim Sazişinin imzalandığı 2015-ci ildən bu yana iqlim böhranından çıxmaq üçün görülən və görülməyən işlərin müzakirəsinə həsr edilmiş ilk toplantı oldu.

Həmin sənəddə iqlim fəalkətinin qarşısını almaq üçün 175 ölkənin imzaladığı strategiya öz əksini tapıb. Bu ölkələrin hər biri qeydsiz-şərtsiz qəbul edirlər ki, qlobal istiləşmə davam etsə və planetin orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə artsa, "geriyə dönüş" nöqtəsi arxada qalmış olacaq: son onilliklər ərzində iqlimdə baş vermiş fəlakətli dəyişiklikləri aradan qaldırmaq mümkün olmayacaq.

Bu strategiyanın (necə ki, bütün startegiyaların) nəticə verməsi üçün ona əməl etmək lazımdır və prosesə məhz COP26 nəzarət edir. Sammiti bütün dünyadan olan nümayəndələrin qurultayı da hesab etmək olar - onlar taktiki qərarları müzakirə edib bütün iştirakçıların bu istiqamətdə çalışdığına əmin olmalıdırlar.

Məsələ ilə bağlı Polemika.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, COP26 çərçivəsində Azərbaycanın hədəfləri yüksəkdir:

“2021-ci il 31 oktyabr – 11 noyabr tarixlərində Böyük Britaniyanın Qlazqo şəhərində BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 26-cı Konfransı (COP 26) keçirildi.

COP26 çərçivəsində Azərbaycan iqlim dəyişmələrinə təsirlərin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə beynəlxalq səyləri dəstəkləyərək aşağıdakı təşəbbüslərə qoşuldu:

1.     Meşə və torpaqlardan istifadə üzrə Qlazqo Liderlər Bəyannaməsi;

2.     Yaşıl Şəbəkə Təşəbbüsü - Bir Günəş, Bir Dünya, Bir Şəbəkə;

3.     Qlobal Okean Alyansı;

4.     Kömürdən təmiz energetikaya keçid Bəyanatı;

5.     Beynəlxalq miqyasda ədalətli keçid üçün şərtlərin dəstəklənməsi;

6.     100% Sıfır Emissiyalı Avtomobillərə Keçidin Sürətləndirilməsi;

7.     İqlim Dəyişmələrinə Uyğunlaşma və Dayanıqlıq üçün Ambisiyaların Artırılması;

8.     Qlazqo Nailiyyətləri.”

E. Qarabağlı bu sammitdə Azərbaycanın qarşısına qoyduğu məqsədləri analiz edərkən deyib:

“Qeyd edək ki, iqlim dəyişmələrinə təsirlərin azaldılması üzrə qlobal səylərə töhfə olaraq, Azərbaycanın Paris Sazişi çərçivəsində yeni niyyəti, yəni müasir texnologiyalara əlçatanlığın təmin edilməsi və Konvensiyanın müvafiq mexanizmlərinin, həmçinin maliyyə institutlarının dəstəyi olacağı təqdirdə, 2050-ci ilə qədər emissiyaların səviyyəsində 40 % azaldılma hədəfi bəyan edilmişdir”.

“Eyni zamanda işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş bir sıra mühüm qərarların, o cümlədən "Yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı" şəhərlər, "ağıllı" kəndlər yanaşmalarının təqbiqinin, minlərlə hektar sahədə meşələrin bərpasının həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcəyi vurğulanaraq, həmin ərazilər 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası elan edilmişdir”, - deyə mütəxəssiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi;” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycan dünyanın xilası missiyasında