“Arutyunyan Rusiyada da həbs edə bilər” 

“Arutyunyan Rusiyada da həbs edə bilər” 

“Arutyunyan Rusiyada da həbs edə bilər” 

Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylilin “Polemika.az”a müsahibəsi:

- Ötən gün Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki, separatçıların rəhbəri Arayik Arutyunyanın yaxın vaxtlarda istintaqa təhvil verilməsi təmin ediləcək. Qarabağda Arayikin həbs olunması üçün Azərbaycan xüsusi xidmət orqanları indiki şəraitdə əməliyyat keçirə bilərmi?

- Birinci növbədə, bilirsiniz ki, Azərbaycan Cinayət Qanunvericiliyi bütövlükdə Arayik Arutyunyanın əməllərini cinayət aktı kimi tövsif edib və bununla bağlı cinayət işi qaldırılıb. 

İkinci bir mərhələdə isə o, “İnterpol”a verilib. Bütövlükdə bu məsələnin arxasında dayanan məqam bundan ibarətdir ki, həmin şəxs Azərbaycan dövləti qarşısında cinayətlərə əl atıb, terrorçudur. Bu baxımdan, onun həbs olunması və Azərbaycan Qanunvericiliyi üzrə mühakimə olunması qanuni bir haldır.

Əməliyyat zonası mütləq şəkildə Azərbaycan ərazisi daxilində olmalıdır və təbii ki, həmin adam Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisində fəaliyyət göstərir, yaşayır, Azərbaycan qanunlarına məhəl qoymur. Bu baxımdan da, Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində bu adamın fəaliyyət göstərdiyi yerdə həbs olunması qanuni bir haldır. Sadəcə, bunu reallaşdırmağa zaman var idi. Bəyanatın verilməsinin arxasında bu məqsəd dayanır ki, bir həbs halı baş verərsə, hansı ki, hazırlanır, buna hüquqi əsas hazırlansın. İkincisi, bu, artıq əməliyyat zonasının dəqiq Azərbaycan ərazisi olmasına işarədir. Üçüncüsü isə, ola bilsin ki, Azərbaycan xüsusi xidmət orqanları heç də onu Azərbaycan ərazisində həbs etməsin. Misal üçün, Rusiyada həbs edə bilər. Bildiyiniz kimi, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları, o cümlədən, daxili xidmət orqanlarının ekstradisiya ilə bağlı müqaviləsi var. Bu müqavilə əsasında o həbs olunub Azərbaycana təhvil verilə bilər.

- Bəs bu əməliyyat keçirilsə, bölgədəki Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılma olmalıdırmı?

- Sülhməramlıların bağlı olduğu nəzarət rejimi, yalnız mülki əhali ilə əlaqədardır. Misal üçün, Arayik Arutyunyan deyir ki, mən Qarabağda yaşayan ermənilərdən başqa burada fəaliyyət erməni “ordusu”nun da “rəhbəri”yəm.

Birinci növbədə, biz 10 noyabr razılaşmasının 4-cü bəndinə istinad etməliyik. Belə ki, 4-cü bənddə nəzərdə tutulur ki, müvəqqəti şəkildə bölgəyə daxil olan Rusiya sülhməramlılarına paralel olaraq, bölgədə olan erməni silahlıları bölgədən çıxmalıdır. Bütövlükdə, 10 noyabr razılaşmasının bütün bəndlərinə əməl olunub və bir dənə həmin bənd qalıb. Çünki bildiyiniz kimi, bölgədə erməni terrorçuları var. Yəni bu o deməkdir ki, bölgədəki rus əsgərlərinin nəzarət rejimi mülki əhalini əhatə edir, nəinki oradakı terrorçuları.

İkincisi, Azərbaycan orada bu əməliyyatı keçirə bilərmi? Bəli, ora Azərbaycanın daxili ərazisidir və orada Azərbaycan tam şəkildə əməliyyat keçirə bilər. Yəni Azərbaycan xüsusi xidmət orqanlarının burada əməliyyat keçirməsinə hər hansı bir faktor mane olmur. Sadəcə məlumat verə bilərmi deyəndə isə, bu, o prizmadan əhəmiyyətlidir ki, bu ərazidə nəzarət mexanizmi sülhməramlılardadır. Ona görə də, hər hansı məlumatlar bölüşülə bilər.

Bir daha qeyd edirəm, Azərbaycan onu məhz terrorçu kimi həbs edəcəksə, bunun qarşısını heç kəs ala bilməz.

- Siz qeyd etdiniz ki, Moskvada Arayik Arutyunyanın həbs edilməsi mümkündür. Azərbaycan hətta Arayiki “Interpol” xətti ilə axtarışa da veribdir. Belə olan halda biz onu xaricdə, yəni Rusiyadan kənarda, başqa bir ölkədə həbs edə bilərikmi? Abdullah Öcalan nümunəsində olduğu kimi…

- Hadisələrin mahiyyəti eyni olsa da, burada situasiyalar fərqlidir. Çünki MİT onu ələ keçirmədi. Orada elə bir əməliyyat planı hazırlandı ki, bu adam Yunanıstanın Keniyadakı səfirliyindən çıxıb təyyarəyə gedərkən yolda marşrut dəyişdirildi və onu gətirdilər MİT kəşfiyyatçılarına təhvil verdilər. Əməliyyatın ümumi gedişi bundan ibarət idi. Özü də bunu “FBI”ın əməkdaşları etdilər. Çünki onun arxasında kəşfiyyatdan çox həmin dönəmdə diplomatik iradə mühüm rol oynamışdı. Bu əməliyyata da o zamanlar Türkiyənin Baş naziri Bülent Ecevit rəhbərlik edirdi.

Bizdə bunun mahiyyəti nədən ibarətdir? Azərbaycanın xüsusi xidmət orqanları heç bir halda xarici ölkə ərazisində əməliyyat keçirə bilməz. Yalnız iki halda keçirmə hüququ var: Bir, həmin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə, iki, onların icazəsi əsasında. Yəni bu iki hal olmasa, mümkün deyil.

Rusiyada bu prosesin baş vermə ehtimalı daha çoxdur. Çünki biz hamımız da bilirik ki, Qarabağdakı separatçı rejimi “idarə edən” şəxslər müəyyən maraqlar üçün müvəqqəti şəkildə istifadə olunurlar. Azərbaycan isə öz siyasətini müvəqqəti və epizodik faktorlar üzərindən qurmayıb. Yəni 5 illiyə, 10 illiyə, daha iri çaplı, meqa bir düşüncə var burada. Azərbaycan bölgədə infrastrukturu qurur, yollar, qaz, işıq çəkir, su verir ki, əhalini oraya köçürsün. Nəticə etibarilə, orada yaşayan ermənilərin də statistik baxımdan saylarının azalması onsuz da bu problemin müəyyən şəkildə həll edilməsinə imkan yaradacaq. Sadəcə daha qlobal maraqlar toqquşur deyə, bu kiçik epizodlar arasında bu gün Arayik Arutyunyanın səsi daha çox çıxmağa başlayıb. Azərbaycan tərəfi də onu başa salmağa çalışır ki, daxili qanunvericiliklə səni Azərbaycanda həbs edə bilərik. Özü də bilirsiniz ki, onun əməlləri terrorçuluqla bağlıdır bu və bölgələrdə ağır cinayətlər üzrə məhkəmələr var. Ələ keçsə, heç də onu Bakıya gətirməyəcəklər. Lənkəranda, eləcə də, Gəncədə və s. yerlərdə olan məhkəmələrdə Arayik birinci instansiyada mühakimə olunacaq.

-  Prokurorluğun belə bir açıqlama ilə çıxış etməsini artıq Arutyunyan, eləcə də, digər separatçılar barəsində hər hansı bir əməliyyatların başlanması siqnalı kimi qiymətləndirmək olarmı?

- Mən təsadüfən demədim ki, bu, zəmin yaratmaq üçün verilmiş açıqlamadır. Bu bir. Açıqlamanın ikinci hədəf nöqtəsi isə Rusiya ilə bağlıdır. Üçüncü hədəf nöqtə, onların terrorçu kimi qanun qarşısında məsuliyyətinin olmasına işarədir. Dördüncü isə, Azərbaycanın həyata keçirəcəyi əməliyyatların indidən hüquqi bazasının yaradılması və leqallaşdırılmasıdır. Buna görə də, bu prosesin geriyə dönüşü yoxdur və qaçılmazdır. Proses baş verəcək.

Rafi MÜSLÜMOV

“Arutyunyan Rusiyada da həbs edə bilər”