“Paris Sülh Konfransı Zəngəzur, Dərələyəz və Göyçənin Azərbaycana aid olduğunu ortaya qoyur”

“Paris Sülh Konfransı Zəngəzur, Dərələyəz və Göyçənin Azərbaycana aid olduğunu ortaya qoyur”

“Paris Sülh Konfransı Zəngəzur, Dərələyəz və Göyçənin Azərbaycana aid olduğunu ortaya qoyur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan lideri ilə birgə Füzuli və Zəngilana səfəri zamanı səslənən bəyanatların ardınca Ermənistan rəhbərliyinin mövqeyində yumşalma hiss olunur. Paşinyan aylar öncə kommunikasiyaların açılması ilə bağlı 10 noyabr Bəyanatında hər hansı razılaşmaların olduğunu inkar etdiyi halda, 27 oktyabrda fərqli mövqe sərgilədi, belə bir razılaşmanın olduğunu dedi və bildirdi ki, Ermənistan anlaşmalara razıdır. İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı ilə müsahibəmizə elə bu mövzudan başladıq.

- Qafar bəy, rəsmi İrəvanın mövqe dəyişikliyi nədən xəbər verir? Sizcə, bu, növbəti erməni hiyləgərliyidir, yoxsa geridönüş mümkünsüz olmasının nəhayət, dərk olunmasıdır?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın olduğu bir gerçəkdir. Hətta kommunikasiyaların açılması ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində komissiya yaradılıb və onların da təkliflər irəli sürdükləri məlumdur. Paşinyanın bu dəhlizlə bağlı fərqli fikirlər irəli sürməsi Ermənistandakı siyasi proseslərlə bağlı idi və daxilə hesablanmış fikirlər idi. Ermənistanda indinin özündə də belə fikir var ki, bu dəhlizin açılması Ermənistan ərazisini iki yerə böləcək və Qərbi Zəngəzurda əhalinin yaşaması mümkün olmayacaq. Paşinyan bu fikrə qarşı gedə bilmirdi və belə bir razılaşmanın olmadığını deyərək daxildəki qüvvələri sakitləşdirmək istəmişdi. Elə onun özü tərəfindən alternativ bir layihədən bəhs edilməsi də həmin məqsədi güdürdü. O layihə Hindistandan başlanacaq, Ermənistanı da əhatə edəcək variant idi və onun qeyri-mümkünlüyü çox tezliklə ortaya çıxdı. Hətta Hindistan XİN rəhbərinin Ermənistan səfəri buradaki qüvvələri ürəkləndirmişdi ki, nəhayət, belə bir yolun çəkilməsi Zəngəzurla bağlı Ermənistanı imtina siyasətinə qədər aparıb çıxara bilər. Amma region ölkələrinin, xüsusən Rusiyanın bu yolla bağlı israrı Ermənistandakı qüvvələri xəyal qırıqlığına düçar etdi. Əslində Paşinyan bu məsələ ilə bağlı çətin durumdan çıxdı. O, indiki bəyanını iki həftə edə bilməzdi və indiki anda hələ tam demək olmaz ki, Paşinyanın liderliyindəki hakimiyyət buna razıdır. Ermənistan daxildəki həm parlament, həm də parlamentdənkənar müxalif qüvvələrlə hesablaşmaq zorundadır. Sabah Paşinyan başqa bir fikir bildirsə, mən ona da təəccübləmərəm. Onda dövlət başçısı ciddiliyi yoxdur.

Bəzən də ermənilər elə hesab edirlər ki, qarşısındakını asanlıqla aldada bilərlər. Bu, erməni xarakteridir. Bundan əvvəlki erməni liderlər də belə olublar, tarixə nəzər salsaq, görərik ki, öndə olan, dövlət aparatında işləyən ermənilərin heç birində sabit mövqe, xarakter, kişilik olmayıb. Məsələn, 1918-ci ildə bir tərəfdən Osmanlı hakimiyyətini qətliamda suçlayan erməni lider Aram Manukyan İrəvanda Xəlil Qut paşanı qəbul edib, şərəfinə ziyarət verib, ona yaltaqlanıb. Bir erməni heyəti İstanbula gedib orada Ənvər paşa, Tələt paşa və başqa Osmanlı böyükləri ilə görüşüb. Erməni Xatisov Ənvər paşadan xahiş edib ki, Nuri paşadan xahiş etsin, Azərbaycan Ermənistana taxıl versin. Bütün bunlar o dövrün erməni mətbuatında yer alıb.

“Paris Sülh Konfransı Göyçə, Zəngəzur, Dərələyəz və başqa ərazilərin Azərbaycana aid olduğunu ortaya qoyur”

- Kifayət qədər ciddi arqumentlərlə erməni məkrini ifşa etdiyiniz üçün təşəkkürlər! Qafar bəy, noyabrın ilk ongünlüyündə liderlərin görüşəcəyi və hətta sülh sənədinin imzalanacağı barədə məlumatlar yayılsa da, Ermənistan bunu qətiyyətlə təkzib edir. Necə bilirsiniz, sülh sazişi yaxındadırmı? Məntiq onu deyir ki, hələ razılaşdırılmayan çox məsələlər var. Bu mənada bəlkə də prosesin uzanması Azərbaycanın faydasına olar, elə deyilmi?

- Hələ sülh sazişindən danışmaq məncə, tezdir. Ermənistanla Azərbaycan və Türkiyə arasında olan problemlər aradan qaldırılmayıb. Hələ 10 noyabr 2020 və 11 yanvar 2021 öhdəliklərini yerinə yetirilməsindən söhbət gedir. Sülh sazişinin imzalanmasına Ermənistan hazır deyil, bunun üçün bu ölkə Konstitusiyasını dəyişməlidir, məsələyə Ermənistandan baxsaq, həm də onlar belə bir tezisi ortaya atırlar ki, Qarabağ ermənilərinin taleyi həll olunmadan buna gedə bilməzlər. Onların nəzərində Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağdan imtina etmək deməkdir. Paşinyan qarışıq, bütün erməni cəmiyyəti gözləyir ki, Minsk Qrupu fəaliyyətə başlasın, bu çərçivədə danışıqlarla və beynəlxalq qüvvələri bu işə cəlb etməklə işğaldan azad olunmamış ərazilərdə ermənilərə hansısa haqq alsın. Onlar buna “status” deyirlər, amma eyni zamanda dərk edirlər ki, artıq problemə əvvəlki ölçülərlə baxıla bilməz. Azərbaycanla Ermənistan arasında hər hansı saziş bütün bunların üstündən xətt çəkə bilər deyə, hələ buna risk etmirlər. Paşinyan da “xain ” olmaq istəmir. Bu mənada Ermənistan sülhə hazır deyil. Bu prosesin uzanması indiki halda Ermənistanın xeyrinə işləyir. Bizim xeyrimizə o anlamda xeyirdir ki, Ermənistanla bağlı həll edə bilmədiyimiz bir sıra məsələlər hələ də qalır. Sülhə qədər bir sıra məsələləri sonlandıra bilərik. Məsələn, Xankəndi və çevrəsindəki ərazilərdə suverenliyimizi bərpa və qalıcı etmək addımları ata bilərik, buradan erməni hərbi birləşmələrini sonuncusuna qədər çıxara bilərik.

- Qafar bəy, son günlər Qazaxın 7 kəndi və Sədərəyin Kərkisi əvəzinə, Başkəndin qaytarılması planının masaya çıxarıla biləcəyindən danışılır. Sizcə, Azərbaycan qalib ölkə, həm də 30 il ərzində Ermənistanın müharibə cinayətlərinə, vandalizm aktına məruz qalmış, yüz milyardlarla ölçüləcək ziyan görmüş tərəf kimi hansısa güzəştə getməlidir, yaxud gedə bilərmi?

- Putin son çıxışlarının birində hansısa qarşılıqlı güzəştlərdən bəhs etdi. O bilir ki, kommunikasiya xətlərinin açılmasında mane olacaq xüsusiyyətlər var. Azərbaycanın bir sıra əraziləri Ermənistanın işğalı altındadır. Bəli, bunlar Qazaxın 7 kəndi, Kərki kəndi və bir sıra yerlərdə örüş sahələridir. Qəribə də olsa, bu məsələlərdən daha çox bizim bəhs etməmiz gərəkərkən, ondan ermənilər danışırlar. Yeri oldu-olmadı, Gədəbəy ərazisində olan anklavdan - Başkənddən bəhs edirlər. Həm də Goranboy ərazisində olan keçmiş Şaumyan (kənd) rayonundan danışırlar. İkinci tamamilə yersiz və həyasız iddiadır. Şaumyan rayonu heç vaxt nə DQMV-ın , nə də Ermənistanın ərazi vahidi olmayıb. Bu, sadəcə həyasızlıqdır. Danışıqlar prosesində belə erməni həyasızlıqları olacaq. Bilirsiniz, danışıqlar prosesinə bütün detalları incəliyinə qədər bilərək getmək lazımdır. Həm də əlimizdə Ermənistanın 30 il ərzində vurduğu zərərin məlumatları ilə gedilməlidir. Ermənistanda bundan qorxurlar ki, Azərbaycan bu danışıqlara təzminat davaları ilə gələcək. Amma biz bundan  nədənsə uca səslə bəhs etmirik.

- Daha məntiqli olmazmı ki, böyük sülh sazişi Beynəlxalq Məhkəmənin qərarından sonra imzalansın? Əks halda, məhkəmə iddiası sülh sazişinin imzalanması səbəbindən bir kənara qoyula, yaxud hansısa mərkəzlərin vasitəçiliyinin məntiqi nəticəsi olaraq iddialardan qarşılıqlı imtina qərarı verilə bilməzmi?

- Mən elə onu deyirəm. Ermənistanla məğlub ölkə kimi danışmaq lazımdır. Kapitulyasiya sənədi imzalamış ölkə kimi. Ona bərabər tərəf kimi baxmaq yanlış olardı. Ermənistanı məhkum edən hansısa beynəlxalq sənəd əlimizdə olmalıdır. 30 il burada etdiklərinin cavabını verməlidir. Buraya uyğun beynəlxalq təşkilatları da cəlb etmək lazımdır. Ermənistan tərəfindən səsləndirilən BMT-nin iştirakının olması da bizə zərər verməz. Düzdür, onlar bunu başqa məqsədlə ortaya atırlar. Demarkasiya, demilitasiya məsələləri belə, nüfuzlu təşkilatların iştirakı aparıla bilər. Sonucda ərazi bütövlüyü məsələsi BMT-nın təsdiqindən keçməlidir.

- Rusiya prezidentinin məlum açıqlamasından sonra delimitasiya və demarkasiyanın hansı xəritələr əsasında aparılacağı müzakirə mövzusudur. İrəvan Türk Cümhuriyyəti tarixi torpaqlarımıza iddialı olaraq yəqin ki, ən azı Cümhuriyyət xəritələrinə istinadı tələb edir, elə deyilmi? Sizcə, razılaşmanın 70-ci illər xəritələrinə uyğun aparılması Azərbaycan üçün qanedici variant ola bilərmi?

- Fikrimcə, nə 1920-ci illərin,  nə də 70-ci illərin  xəritələri əsas götürülə bilməz. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğundan həmin dövrdəki xəritələrlə çıxış etməliyik. Paris Sülh Konfransı Göyçə, Zəngəzur, Dərələyəz  və başqa ərazilərin Azərbaycana aid olduğunu ortaya qoyur. Ermənistanda da danmırlar ki, 28 may 1918-ci ildə elan olunan Ermənistan Respublikasının ərazisi 9 min kvadrat kilometr olub. Digər ərazilər SSRİ zamanı Azərbaycandan alınıb, Ermənistana verilib.

İrəvan Türk Cümhuriyyətinin mövqeyinə gəlincə, biz Ermənistanla Azərbaycan arasında bağlanacaq hər hansı sənədə sayğı duyacağıq. Amma biz Ermənistan adlı dövləti tanımırıq. Çünki bu dövlət bizim tarixi ərazilərimizdə qurulub. Bu ərazidən qovulub çıxarılanların nəsillərinin sayı 5 milyondan çoxdur. Bu əhali öz torpaqlarına qayıtmaq və onun sahibi olmaq istəyir. Mücadilələrimiz də bu istiqamətdə davam edəcək.

- Zəngəzur dəhlizinin təməlinin qoyulması prosesində Türkiyə liderinin iştirakı və əminliklə “buradan İstanbula gedəcəyik” deməsi bu nəhəng layihənin uğurlu sonluğundan xəbər verir. Necə bilirsiniz, Laçın dəhlizinin bənzəri Zəngəzurda yaradılacaqmı, yoxsa sadəcə dəmir yolu və avtomagistralla kifayətlənmək qərarı veriləcək?

- Zəngəzur dəhlizinin açılacağına əminəm. Çünki dövlət başçılarımız Ərdoğan və İlham Əliyev son görüşlərində bununla bağlı qərarlı olduqlarını ortaya qoydular. Ermənistan da buna məcbur ediləcək. Əslində Ermənistanın başqa yolu yoxdur, bu da 10 noyabr 2020-ci il razılaşması ilə edilməlidir. Amma bu yolu Laçın dəhlizi ilə müqayisə etməzdim. Laçın dəhlizi müvəqqəti humanitar yoldur və qarşıdakı illərdə onun əhəmiyyəti aradan qalxa bilər. Amma Zəngəzur dəhlizi yalnız Azərbaycanı deyil, bütün Türk dünyasını dünya ilə birləşdirən yoldur, onun siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var. Bizim üçün Zəngəzur dəhlizi Azərbaycanı Türkiyə ilə bütövləşdirən müqəddəs bir bağa çevriləcək,  gələcək nəsillərə buraxacağımız ən böyük hədiyyəmiz olacaq. /Musavat.com

“Paris Sülh Konfransı Zəngəzur, Dərələyəz və Göyçənin Azərbaycana aid olduğunu ortaya qoyur”