“Bu, SSRİ-nin planı deyil ki gündə bir icra başçısı həbs oluna...” – Baba Vəziroğlu

“Bu, SSRİ-nin planı deyil ki gündə bir icra başçısı həbs oluna...”

“Bu, SSRİ-nin planı deyil ki gündə bir icra başçısı həbs oluna...” – Baba Vəziroğlu

Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun Polemika.az-a müsahibəsi:

- Xeyli müddətdir icra başçılarının həbsinə ara verilib. Bu isə çoxsaylı suallar doğurur. 44 günlük müharibənin il dönümü olduğuna görə prosesə ara verilmiş ola bilərmi?

- Xeyr, cin ayrı, şeytan ayrı, korrupsiya ilə mübarizə ayrı, düşmənlə mübarizə ayrı. Bunlar paralel həll edilir. Eyni zamanda, bu, SSRİ dövründə olan plan deyil ki, hər gün 2-3 icra başçısı həbs edilsin. İcra başçılarının bir hissəsi yavaş-yavaş dəyişir, yeni kadrlarla əvəz olunur. Hələ korrupsiyanın rüşvətin nə olduğunu bilməyən, gözəl ideallarla yaşayan, xaricdə təhsil alan kadrlar gətirilir. Proses hələ ki tamamlanmayıb.

- Sələfləri məhbus həyatı yaşayan hazırkı icra başçıları bundan dərs çıxarmış ola bilərlərmi?

- Görünür ki, bu qardaş gözü çıxan qardaşdan hələ ki ibrət dərsi almaq istəyir. Onlar gözləmə mövqeyindədir. Lakin pula hərislik, rüşvətxorluq və korrupsiyaya meyl icra başçılarının qanındadır, çətin çıxar. Gözləyirlər ki, bir az ara sakitləşsin, yenidən “hücuma” keçsinlər. İnanmıram ki, onlar çox gözləsinlər, bu gün-sabah özlərini büruzə verəcəklər, xoruzun quyruğu görünəcək.

Bəlkə də bəziləri ayı kimi qış yuxusuna gedib, yazda oyanacaqlar. Elə bir vaxtda oyanacaqlar ki, əkin-biçin başlayacaq, rüşvət almağa meydan yaranacaq.

Ümid edirəm ki, yaz fəsli gələndə onlar oyanan kimi bizim hüquq-mühafizə orqanları da qış yuxusundan oyanar. Bu prosesdən sonra yeni mübarizə dalğası başlayacaq. Qoca qurdlar gedəcək, yeni kadrlarla əvəz olunacaq.

- Dövlət Təhlükəsizlik Xidməti (DTX) icra hakimiyyətləri ilə yanaşı hansı qurumlarda əməliyyat keçirməlidir?

- Ölkədə əsas komandan cənab Prezidentdir. DTX, Daxili İşlər Nazirliyi (DİN), Prokurorluq bunlar hər biri vasitədir. Prezidentin qərarı olmasa, DTX heç kimə gözün üsdə qaşın var deyə bilməz. İlham Əliyevin siyasi iradəsi olmasa, bunlar yerindən tərpənən idi?!  llər boyu niyə yerlərindən tərpənmədilər?

Həmin DTX vardı, hətta əvvəllər Milli Təhlükəsizlik Nazirliyi idi. Bunlar gözləyir ki, hər bir məsələni Prezident həll etsin. Buna görə də nə DTX-nın, nə də Prokurorluğun adını çəkmək lazım deyil.

Prezident qərar verdikdən sonra icra başçılarını bir “Jek” müdürü də ifşa edə bilər. Bu böyük qəhrəmanlıq sayılmır. O vaxt qəhrəmanlıq sayılardı ki, cənab Prezidentin qərarı olmadan DTX, DİN özü korrupsionerləri ifşa edərdi, sonra faktları gətirib qoyardı Prezidentin qarşısına ki, bu yerdə icra başçısı və ya nazir çirkin işlərlə məşğul olur.

Azərbaycanda bu proses tərs baş verir. Prezident qərarlarını verir, sonra hüquq-mühafizə orqanları hərəkətə keçir. Bizim kənd də bir söz var, bu situasiyada deyirlər: “O işi nənəm də görə bilər”...

Mehri Qurban

“Bu, SSRİ-nin planı deyil ki gündə bir icra başçısı həbs oluna...” – Baba Vəziroğlu