Zəfər zirvəsindən son 18 ilə baxış

Zəfər zirvəsindən son 18 ilə baxış

Zəfər zirvəsindən son 18 ilə baxış

Artıq daha bir ilin sonuna saylı günlər qalır. İllər bir-birini əvəzlədikcə, zaman məsafəsi artdıqca keçilən yolun düzgün təhlili və dəyərləndirilməsi üçün daha geniş imkanlar yaranır. Bir yazı çərçivəsində son 18 ilin uğurlarını əhatə etmək mümkün olmasa da “18 il ulu öndər Heydər Əliyevin şah əsəri olan  müasir müstəqil  Azərbaycana nə verdi” sualı ilə 18 illik yola çıxaraq tariximizə yazılan önəmli hadisələrin qısa xronologiyasını təqdim etməklə dünənimizə baxış fonunda gələcəyimizin ümumi mənzərəsini təqdim etmək istədik. 

Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı

Müstəqilliyimizin bərpasının 30 ilini  mərhələlərə bölsək ilk illər tariximizin qara səhifəsi kimi təhlil edilir. İkinci mərhələ ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, üçüncü mərhələ Böyük Yolun davamı-Ümummilli Liderin 2003-cü ildə xalqa  inam və etimadın ünvanını göstərməsindən başlanan dövrdür.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar, Ümummilli Liderin hakimiyyətə qayıdışını şərtləndirən amillər hər kəsin yaddaşında olmaqla yanaşı, gələcək nəsillərin dolğun məlumatlandırılması üçün tarix dərsliklərində də  öz əksini tapıb. Son 18 ilin uğurlarına yol açan məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməldir. 1993-2003-cü illəri əhatə edən dövrdə görülən işlərin miqyası o qədər geniş,  müstəqil Azərbaycanın gələcəyi ilə bağlı hədəflər o qədər böyük idi ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı əllərdə olması olduqca vacib idi.  Prezident İlham Əliyev 17 oktyabr 2016-cı ildə  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda həmin dövrün mənzərəsini belə təqdim etmişdir: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır.” Eyni zamanda, bu fikirlərin davamı olaraq qeyd etmişdir ki, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır. 

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu çağırışdan və xalqın 2003-cü ildə keçirilən prezident seçkilərindəki  seçimindən bizləri 18 illik zaman ayırır. Bu illərin Azərbaycanın həyatına gətirdiyi yeniliklər, dünyanı təkmil inkişaf modelinə söykənən  uğurları ilə heyrətləndirməsi xalqın seçimində yanılmadığını təsdiqləyir. Məhz bu illər ərzində  güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil  Azərbaycanın qüdrətinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası harada yaşamasından asılı olmayaraq  bütün azərbaycanlıların həyatına  daxil oldu. Məhz görülən  uğurlu işlərin nəticəsi olaraq  Azərbaycan xalqı ötən 18 ildə keçirilən 2008, 2013 və 2018-ci prezident seşkilərində cənab  İlham Əliyevə etimad göstərərək bugünkü qalib Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə yol açmışdır. 

18 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin, sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımından diqqətçəkəndir

Ulu öndər Heydər Əliyevin  siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi üçün mühüm addımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki, demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisadi tərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadi inkişaf yüksəkdir, demokratiyanın inkişafından danışmaq çətindir. Amma Azərbaycan müsbət mənada hər iki baxımından diqqətdədir. Ölkəmizdə demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələbləri islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı  İlham Əliyevin  həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. 

Son 18 ildə ölkəmizdə demokratik islahatların dərinləşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri olub. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atılıb. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin  28 dekabr 2006-cı il  tarixli sərəncamı  ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın  təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin  27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası,  18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi  bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 18 ildə humanizm prinsiplərinə söykənərək imzalanan əfv Sərəncamlarından, həmçinin qəbul olunan Amnistiya Aktlarından da aydın görünür.  1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza  2003-cü ildən bu günədək iki   dəfə  əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur.

Bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol  oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur.  

Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilir və davamlığı təmin edilir.

Qalib ordu və mübariz gənc nəsil formalaşdırıldı

44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin göstəricisidir. Prezident İlham Əliyevin son çıxışlarının, Vətən müharibəsi dövründə xalqa müraciətlərinin mahiyyətində dayanan əsas məsələlərdən biri məhz müharibənin qəhrəmanlarının 2003-cü ildən, yəni, cənab İlham Əliyevin Prezidentliyi dövründə  yetişən gənclərin olmasıdır. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrinin yüksək səviyyədə yerinə yetirən Azərbaycan Ordusu 44 gündə yazdığı tarixlə illərdir torpaqlarımızın işğal altında qalmasından nə qədər mənəvi sarsıntı keçirdiyini nümayiş etdirdi. “Artıq yetər” deyib silaha sarılaraq öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.  

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqində əks olunan bu əminliyi yada salmaq istərdik: “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.”

Aprel döyüşləri, Lələtəpə əməliyyatı, Günnüt uğuru  düşmənə zərbə olmaqla bir həqiqəti də dünya ictimaiyyətinə bəyan etdi ki,  Azərbaycan  heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi bunun təsdiqi oldu. Düşmən diz çökdürüldü, kapitulyasiya aktına imza atdı, illərdi yaratdığı “yenilməz erməni ordusu” mifi dağıdıldı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. 

Azərbaycan 18 ildə dünyaya ədalət çağırışını etdi, haqq səsini ucaltdı

Son 18 ilin uğurlarından bəhs edərkən  xarici siyasətdə qazanılan nailiyyətləri  xüsusi vurğulamaq lazımdır. Böyüklüyündən, kicikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran, açıq və çoxşaxəli siyasət kursu həyata keçirən Azərbaycan hazırda regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi diqqətdədir. Azərbaycan son illərdə yeni dostlar, tərəfdaşlar qazanıb. Xarici siyasətində qonşu, eyni zamanda, Avropa dövlətləri ilə əlaqələrə xüsusi önəm verən Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqət çəkir. Təbii ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sistemində böyük rola və nüfuza malik olan  Azərbaycanı 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq  BMT  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Azərbaycan BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma iki illik sədrlik ölkəmizə həvalə olunub. Bu il Qoşulmama Hərəkatının üzvlərinin qərarı ilə Azərbaycanın quruma sədrliyinin müddəti bir il də artırıldı. Bu, ölkəmizin ədalətin, beynəlxalq hüququn müdafiəsinə, ən əsası dünyanı bürümüş koronavirus infeksiyası ilə mübarizədə fəal iştirakına, təşəbbüsləri ilə dünyaya etdiyi çağırışlara əsaslanır. Azərbaycan qlobal problemlərin həllində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi də ölkəmizə dəstəyin aydın mənzərəsini yaradır. 

Azərbaycan Zəfər zirvəsini fəth etdi

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə möhkəm təməl üzərində son 18 ildə görülən işlərin nəticəsi oldu. Azərbaycan bu illər ərzində ərazi bütövlüyümüzün bərpasına hazırlıq işlərini gördü. Ölkəmizin  30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün 44 günlük Vətən müharibəsi nəticəsində  bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, 

siyasi elmlər doktoru

Zəfər zirvəsindən son 18 ilə baxış