"Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir" - “Nyu-York Tayms”:

"Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir"

"Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir" - “Nyu-York Tayms”:

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə vurğulanır ki, Rusiya ötən ilin payızında Ukrayna sərhədinə yenidən qoşun yığmağa başlayanda əvvəlcə ABŞ Kiyevə hərbi yardım məsələsində susmağa üstünlük verdi: “O zaman Vaşinqton Ukraynaya yalnız çoxdan göndərməli olduğu silahları yollamaqla kifayətləndi. İndi vəziyyət dəyişib. Hazırda ABŞ-ın silah-sursatla dolu yük təyyarələri açıq-aşkar Kiyevin Borispol hava limanına enir. Ukrayna ordusu bu yaxınlarda həmin silahları öz hərbi poliqonunda mediaya nümayiş etdirib”.

Məqalədə qeyd olunur ki, son iki həftədə Kiyevə Amerikanın 585 tona yaxın hərbi texnika ilə yüklənmiş yeddi təyyarəsi uçub: “Fevralın 4-ü yeddinci təyyarə Kiyevə çatanda Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” hesabında bunun hələ son olmadığını, yardımların davam edəcəyini yazıb”.

“Nyu-York Tayms” yazır ki, ABŞ Ukraynaya döyüş sursatları ilə yanaşı, xeyli sayda raket də çatdırıb: “Onların arasında Vaşinqtonun 2018-ci ildən Ukraynaya ixrac etdiyi tank əleyhinə “Javelin” raketləri də var. Bundan başqa Amerikadan Ukraynaya qum torbası ilə örtülmüş istehkamları partlatmağa və yeraltı bunkerləri qismən məhv etməyə imkan verən, çiyinə almaqla atılan raketlər də göndərilib”.

Məqalədə vurğulanır ki, Ukraynada keçirilən rəy sorğusunda respondentlərin yarıya qədəri Qərb silahlarının Rusiyanı çəkindirəcəyinə inandığını deyib: “Respondentlərin yalnız üçdə biri bunun əksini, yəni Qərbin Kiyevə silah yardımının Rusiyanı daha da qıcıqlandırıb hücuma təhrik edəcəyini söyləyib”.

Qəzetin yazdığına görə, politoloq Mariya Zolkina Ukraynanın yeni silahları ictimaiyyətə nümayiş etdirmək siyasətinin Rusiyanı hücumdan çəkindirməyə yardımçı olacağını bildirib: “Bu cür tədbirlər, silahların mediada nümayişi Ukraynanın müdafiəsiz, Rusiya üçün asan şikar olduğu barədə mifləri dağıtmağa imkan verir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə deyib: “Ukrayna nə qədər güclü olsa, Rusiya aqressiyadan bir o qədər çox çəkinər. Biz nə qədər çox müdafiə silahı alsaq, onlardan istifadə edəcəyimiz ehtimalı da bir o qədər az olar”.

Başqa ölkələrin də Kiyevə silah yardımı göstərmək qərarını verdiyini, Böyük Britaniyanın Ukraynaya 2000-ə yaxın tank əleyhinə yüngül raket göndərdiyini xatırladan “Nyu-York Tayms” qeyd edir ki, ABŞ-ın razılığı ilə Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) Ukraynanın hava hücumundan müdafiə sistemindəki boşluqları aradan qaldırmaq məqsədilə bu ölkəyə “Stinger” zenit raketləri yerləşdirəcək. Polşa da Ukraynaya zenit raketləri göndərəcəyini bəyan edib.

“Nyu-York Tayms”ın məlumatına görə, Amerikanın bunkerləri dağıtmaq üçün göndərdiyi raketlərin nümayişi zamanı bu silahları yalnız ukraynalı hərbçilər idarə ediblər. Raketlərdən istifadə etməyi isə onlar ABŞ-da Milli Qvardiyanın 53-cü Piyada Briqadasının təlimlərində öyrəniblər/Novator.az.

"Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir" - “Nyu-York Tayms”: