“Sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz”

“Sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz”

“Sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz”

“Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. Zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir”. 

“Polemika.az” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib. O, bildirib ki, arxada qalan bir il 10 noyabr Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salaraq ölkə Prezidenti İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi kimi, kimin kim olduğunu göstərdi. 

“30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan, fürsət düşən kimi Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya  ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək  digər beynəlxalq  təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq  diqqəti əsas problemdən  yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatının  nəyə hesablandığı  bugünümüzdən  baxdıqda daha aydın görünür. 

Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh  yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları   cavablandırmaq  barədə düşünmürdülər? 44 günlük Vətən müharibəsi dövründə  Azərbaycan Ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir ki, düşmən ordusunun sürətlə silahlandırılması üçün hansı iyrənc üsullara əl atıldığının şahidi olasan. 

Onu da qeyd edim ki, Azərbaycanın  Qələbəsinin dünyaya təqdimatında mühüm rol oynayan 10 dekabr Zəfər paradında, eyni zamanda, Hərbi Qənimətlər Parkında  ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikaları nümayiş olunanda Ermənistan və ona  illərdir dəstək olan dövlətlər etirazlarını bildirdilər. Görünür, qaranlıq məqamların açıqlanması  dünyanın bəzi güclərini narahat edirdi”.

Vüqar Rəhimzadə Bəyanatın özündə ehtiva etdiyi 9 bənddən irəli gələn  vəzifələrin yerinə yetirilməsinə diqqəti yönəldərək bugünümüz üçün əsas olan məsələnin - sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb:  «Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan tərəfi təkmil sülh modelini təqdim edib. Dövlət başçısı İlham Əliyevin bəyanatlarında bu fikir xüsusi yer alır ki, sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz”. 

 

“Sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz”