“Sülh bir günün içində əldə olunmayacaq" – Zahid Oruc

“Sülh bir günün içində əldə olunmayacaq"

“Sülh bir günün içində əldə olunmayacaq" – Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin direktoru, Milli Məclisin deputatı Zahid Orucun Polemika.az-a müsahibəsi:

–Ermənistanın müxalifət lideri Robert Koçaryan kütləvi aksiyaların başlanacağının anonsunu verir. Etiraz aksiyaların keçirilməsində məqsəd Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına mane olmaqdır. Ermənistan müxalifəti hesab edir ki, yaxın günlərdə imzalanması nəzərdə tutulan sazi, bu ölkənin maraqlarına cavab vermir. Müxalifət bu iddiasında nə dərəcədə haqlıdır?

–Keçmiş hakimiyyət təmsilçiləri, konkret olaraq rəhbərləri hazırda siyasəti fəaliyyətlərini davam edirlər. İstər Robert Koçaryan, istərsə də Serj Sarkisyan. Onlar çox yaxşı dərk edirlər ki, ümumiyyətlə, siyasi həyatda mövcudluğunu şərtləndirən yeganə amil Qarabağ məsələsidir. Nə qədər ki, onların nöqteyi-nəzərindən bu etnik-milli savaş və dövrlərarası konflikt mövcuddur, həmin məkanda özlərinə yer tapa biləcəklərini düşünürlər Onlar erməni xalqını təşkilatlandırıb, hansısa hədəflərə aparmaq uğrunda mübarizədə, belə demək mümkündürsə, var olduqlarını göstərməyə çalışırlar. Buna görə də, ötən əsrin 90-cı illərində hərbi mundir geyinən adamlar əslində, xalqların qanı üzərində hakimiyyəti götürdülər və sonra öz millətinə qarşı da qəddarlıqlar törətdilər.

–Sonrakı dövrlərdə iki xalq arasında birgəyaşayış fonunda hansısa problemlər yarana bilərmi? Erməni millətçiliyinin yeni təhlükəsi var?

–Bir az öncə mən xarici nümayəndə ilə görüşdə idim və orada diskriminasiya mövzusu müzakirə edilirdi. Dərhal xatırladıq ki, 2000-ci illərin əvvəllərində Robert Koçaryan prezident olarkən, özünün aləmində “qalib dövlətin” kursunu ifadə etmişdi ki, bu iki xalq dinc-yanaşı yaşaya bilməz. Həmin fəlsəfənin, düşüncənin, baxışların o xalq üçün nə perspektiv vəd etdiyini 2020-ci ilin müharibəsində ermənilər yaşadılar.

Ona görə də, hazırda onlar çox yaxşı dərk edirlər ki, real durum budur. Bu millət 20 iyunda görün, nə durumdadır ki, məğlub olmuş Ali Baş Komandana səsini və taleyini bağladı. Özü də erməni kimi bir xalq, böyük ideallar, istəklər, mifologiyalar, işğal planları, dənizdən-dənizə ambisiyaları olan bir yerdə özünü Sarkisyana, Koçaryana və digər faşist idealogiyasını təmsil edən qüvvələrə bağlamadı.

Dünən Daşnaksutyun partiyasının bir bəyanatı yayımlandı. Onlar deyirlər ki, erməni dövlətçiliyi faktiki olaraq məhv olub, geopolitik subyekt olmaqdan çıxıb, artıq bu xarici siyasət aləti kimi önəm daşımır və bir millət kimi bunu onlar öz məhvləri kimi xarakterizə edirlər.

1890-cı illərdə həmin Daşnaksutyun millətçi ideologiya ilə yola çıxıb və hansı böyük bəlalara yol açıb, bunu bilirik. Bütövlükdə, mədəniyyətlərini, ədəbiyyatlarını, ictimai həyat baxışlarını, tərbiyə sistemini, dərsliklərini və s. şeyləri bu ideologiya ilə zənginləşdiriblər. İndi də bunun faciəsini yaşayırlar.

Ona görə də, Koçaryan çox yaxşı dərk edir ki, Qarabağ səhifəsi bağlanacağı təqdirdə bunlar siyasətdə yoxdurlar. Onlar bununla Paşinyana siqnal vermək istəyirlər ki, o, İshaq Rabinin (İsrailin 5-ci Baş naziri, 4 noyabr 1995-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilibr – red.) taleyini yaşaya bilər. Yəni hansısa bir razılaşma mövqeyi o deməkdir ki, düşmənçilik aradan qalxacaq və Qafqazda yeni mərhələ, reallıq və era başlana bilər. Bunlar isə yalnız düşmənçiliyin üzərində, səngərdə özlərini hansısa bir qiyafədə göstəriblər.

–Regionda bundan sonrakı durumu necə qiymətləndirirsiniz? Ermənistan daxilində sülh sazişindən sonra hansı proseslər cərəyan edə bilər?

–Dinc dövrdə, əmin-amanlıq şəraitində və sülhün bərqərar olduğu regional durumda, artıq Azərbaycan öz qələbəsindən sonra məhz bunu ortaya qoyur ki, bölgənin geosiyasətini dəyişdi. Azərbaycan reallığı bu istiqamətdə şəkilləndirməyə çalışır və onlar yaxşı dərk edirlər ki, koçaryanlara və onun kimi düşmənlərə yer olmayacaq. Bu, onların son şansıdır və əmin edirəm ki, bundan sonrakı dönəmdə - sülh müqaviləsinin imzalanacağı günlərdə Paşinyan öz mühafizəsini qat-qat gücləndirəcək. Buradan belə nəticə çıxacaq ki, Ermənistan hakimiyyətinə hazırda ən böyük təhlükəni öz daxilindən və əslində, siyasi olmayan, həddindən artıq kriminal keçmişə, cinayətkar idealogiyaya mlik olan qüvvələr törədirlər.

Şübhəsiz ki, bu gün hamımız fərqindəyik ki, 30 il davam edən bu düşmənçiliyin yaraları hələ də istidir və belə olan halda barış bir günün içində əldə olunmayacaqdır. İmzalanmış sənədlərin reallıqda əksini tapması, bir xeyli zaman alacaq.

Azərbaycan xalqına sual versək ki, siz ermənilərlə Qarabağda birgəyaşayışa hazırsınız, əlbəttə, xalqımız mənfi cavab verəcək. Çünki bunun Şəhidlər Xiyabanımızdan başlayan və 30 ildir məhrumiyyətlərlə müşahidə olan fəsadları var.

Bununla bərabər, ermənilərin içərisində Paşinyanın sülh müqaviləsini imzalamasını istəyən həddindən artıq tərəfdarları var. Onlar realistcə başa düşürlər ki, bu dəfə Qarabağ mövzusunu ideologiyaya, bayrağa çevirərək başqa xalqlar üzərinə hücum çəkənlər, ən sonda olan-qalan 1.5-2 milyon erməninin də sonuna çıxacaqlar.

–Xalq olaraq ermənilərin xasiyyətinə bələdik. Onlar masada Azərbaycanın diktə etdiyi qaydalarla razılaşacaqlarmı? 

–Ötən əsrdən bu yana ermənilərin öndə gedən ideoloqları və siyasətçiləri öz milləti üçün yaxşı bir gələcək yaratmadılar. Bunu Levon Ter-Petrosyan 1997-ci ldə hakimiyyətdən devriləndə öz siyasi silahdaşlarına vurğulamışdı. Yekun olaraq sülhün irəliləməsi üçün qarşıdakı dönəmdə Azərbaycanın məlum gözləntiləri və bir dövlət kursu var ki, erməni tərəfi bu şərtlərə tabe olacaq. Ondan sonrakı dövrdə də müxtəlif dairələr, xüsusilə də İkinci Qarabağ müharibəsinin nəticəsində özünü regiondan sıxışdırılmış, çıxarılmış sayan, buna görə də, bölgədə maraqları uğrunda hər bir təxribata, savaşa hazır olan dairələr Koçaryan kimilərindən son zərbə aləti kimi istifadə edəcəklər. Azərbaycan cəmiyyəti və bütün siyasi dairələri bunun fərqində olmalıdırlar ki, böyük sülh sazişi özü-özlüyündə Azərbaycanın bütövlüyünün uzun illər doktrinalarda, konsepsiyalarda düşmən dövlət kimi xarakterizə olunan bir tərəfin həm ölkəmizə, həm də qardaş Türkiyəyə qarşı düşmənçilik faktoru və aləti kimi çıxması deməkdir.

Regionda açılım Azərbaycanın öz insanlarını İrəvana, Göyçəyə qaytaracaqdır və bu fərqli bir iqtisadi-siyasi reallıq formalaşdıracaqdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bölgəsəl gücünün artması, onun regional və beynəlxalq mövqelərinin də güclənməsinə təsir göstərəcək.

–Azərbaycan və Ermənistan arasında imzalanacaq olan yekun sənədin imzalanmasının qarşını almaq cəhdi baş tuta bilərmi?

–Qəti şəkildə qeyri-mümkündür, çünki Putin qeyd etdi ki, başqa kimsə burada iştirak etməsin, çünki 1920-ci ilin xəritələri məhz Rusiyanın Baş Qərargah İdarəsində mövcuddur. Bu o anlama gəlir ki, Moskvada hazırki siyasəti aparanlar – Kremlin strateqləri çox yaxşı dərk edirlər ki, 90-cı illərin bölgəyə yönələn siyasəti bu və ya digər formada təkrarlasalar, bu, Qərb dairələrini Qafqazda daha da möhkəmləndirəcəkdir. Qorbaçov, həm də Yeltsin dövrünün kursu Azərbaycan kimi dövlətləri qəti şəkildə Rusiyaya alternativ axtarmağa məcbur qoydu. Bundan heç şübhəsiz ki, Rusiya siyasəti və iqtisadiyyatı itirdi. Beləliklə, Rusiyanın aktiv şəkildə Qafqazda yeni bir siyasi dönəmin başlatması istəyində prinispial xətdir.

Digər tərəfdən, Türkiyənin regional və beynəlxalq müstəvidə aktiv yer alması, ələlxüsus da Rusiya-Türkiyə münasibətlərinin hazırda bir sıra dünya arenalarında, istər Liviyada, istərsə də Suriyada uzlaşma nöqtələrinin tapılması üzərində olması, belə bir ümidi yaradır ki, ABŞ və Avropa Birliyinin proseslərə bundan sonrakı dönəmdə hər hansı bir mərhələdə qoşulmaq istəkləri, müxtəlif təzyiq və təsirlərlə çox komponentləri kombinasiyalarla müşahidə olunacaq.

Sülh məsələsi meydana çıxan kimi dərhal xarici dairələrdə Azərbaycan dövləti və onun rəhbərliyi əleyhinə ləkələmə və şantaj işə salınıb. Bunun arxa planında dayanan gerçəklikləri bir mərkəz təmsilçisi olaraq ictimaiyyətə açıqlayacağıq. Onda şahidi olacaqsınız ki, sülh prosesinin həndəvərində cövlan edən nə qədər amansız beynəlxalq ambisiyalar və iddialar var. Qarabağ məsələsi təkcə 4.138 kv.km-in bir məsələsi deyil, daha artıq dərəcədə sanki bir qlobal subyektdir.

Ermənistandakı aksiyalar, onsuz da çox milli deyil. Biz onların tədbirlərinə baxdıq, xüsusilə də Putin əleyhinə qeyri-etik şüarlarla zəngin olan küçə yürüşünün şahidi olduq. Çox mümkündür ki, bunu qərbin müəyyən dairələri ki, Ermənistanın içərisində möhkəmləniblər, onlar çalışacaqlar ki, müəyyən addımlar atsınlar.

İkinci Qarabağa müharibəsinin ən böyük nəticələrindən biri həm də erməni xalqının düşüncəsində, baxışlarında, həyata realist münasibətlərində bu yöndə bir dönüşün meydana çıxmasıdır. Biz savaşı qazanandan sonra bölgədə daha da böyük hədəflər uğrunda mübarizəmizi davam edirik. Ermənilərin müharibə potensialı mövcud deyil. Revanşistlər düşüncədə ola bilər. Ona görə də tarixi dövr ərzində 200 ildən sonra Qafqazda yeni səhifə açıla bilər. Bunun müəllifi Azərbaycan dövləti, xalqı, ordusu və onun lideri Prezident İlham Əliyevdir.

Rafi Müslümov

“Sülh bir günün içində əldə olunmayacaq" – Zahid Oruc