“Sonuncu Şam Yeməyi” niyə dindarların xətrinə dəyib? - Rejissordan izah

“Sonuncu Şam Yeməyi” niyə dindarların xətrinə dəyib? - Rejissordan izah

“Sonuncu Şam Yeməyi” niyə dindarların xətrinə dəyib? - Rejissordan izah

“Əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik!”

Polemika.az xəbər verir ki, bu sözləri çəkdiyi qısametrajlı filminə görə tənqid atəşinə tutulan rejissor Əlixan Rəcəbov deyib.

Son günlər sərt qınaqlara məruz qalan Rəcəbov bu barədə sosial şəbəkə hesabında açıqlama verib:

“Arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın.

“Sonuncu şam yeməyi” filmimiz bir qism həmvətənimizin xətrinə dəyib təssüf ki. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.

Əvvəla, film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün və ya həyatının dəyərsizliyini göstərir. Əslində, ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik.

Hər şeydən əvvəl isə bu sənədli yox, bədii filmdir. Bədii filmdə isə janrlar olur. Bu film absurd komediya janrındadır. Personajların əksəriyyəti qrotesk (1910-1920 ci illərdə yazılmış italyan dramaturqların tez-tez absurd görünən qeyri-təbii prekursorları məktəbinə aiddir) personajlardır. Normal insanın verdiyi reaksiyaları vermirlər. O ki qaldı filmdə olan bəzi məqamlara:

1. Molla obrazı və ya Qurani-Kərimin yanlış oxunması.

Hamımızın bildiyi kimi, indi qəbiristanlıqlarda kifayət qədər Qurani-Kərimi filmdə göstərilən personajdan da yanlış oxuyan “mollalar”var. Düşünürəm ki, az bir hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.

2. Ölünü üç dəfə qaldırıb qoymaq.

Filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin bizə buyurduğu ayinləri də göstərməli idik. Bunu göstərməyimiz qəbul etməməyimizə dəlalət etmir. Ümumiyyətlə, məsələ şəriətin bizə buyurduqlarının hazırda necə icra olunmasından gedir. Biz yalnış icra edənləri göstərib qınayırıq!

3. Mürdəşirin 150 manata ölü yuması.

Filmdə göstərilən məbləği şəxsən özüm bu hal ilə rastlaşanda ödəmişəm. Hələ qəbirstanlıqda torpaq almaq və qəbir qazdırmağı demirəm. Bu ki İslam dininin buyurduğu deyil?!

4. İçki süfrəsi.

Başa düşürəm ki, etiraz edənlərin əksəriyyəti içki məclislərində iştirak etmədiyindən məsələdən bixəbər ola bilərlər. Ancaq izləyicilərin əksəriyyəti spirtli içkilərlə “Allah xoşbəxt eləsin”, “Amin” və bu kimi cümlələrin həmin məclislərdə istifadə olunmasını və əlbəttə ki, bunun doğru olmadığını bilirlər. Yəni bu hal da zəmanəmizdə baş verən bir haldır, uydurma deyil.

5.Meyxana.

Əvvəldə bildirdiyim kimi, film absurd komediya janrındadır və meyxanaya yer verilməsi də janrla bağlıdır. İslam dinində bunun olmaması yəqin ki hamıya aydındır. Bundan əlavə bəzi bölgələrimizdə hətta zurna-balaban ilə də ölünü son mənzilə yola salanlar var. Əlbəttə, heç biri doğru deyil!

Bu cür məqamlar çoxdur. Əsas məsələ odur ki, problemimiz dinlə yox, dini ayinləri səhv icra edənlərlədir. Qüsuru onlarda axtarıb tapdıq. Hər dəfə başqa başqa sahələrdən çəkib göstərirdik, bu dəfə də bu haqda çəkdik. Ümumən, əlbəttə, hər kəsin inancına hörmətlə yanaşırıq. Hər zaman komandamızda müxtəlif inanclı insanlar olub. Lakin bu gördüyümüz işə heç bir təsir göstərməyib.

Bütün bunlara baxmayaraq, əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik!

Məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşümüz oldu. Qeyd olunan məsələləri onunla da müzakirə etdik. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyə etdi. Əsl niyyətimizin nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik.

Filmim haqda fikir bildirdiyiniz üçün isə (fərq etməz mənfi və ya müsbət) hər birinizə minnətdaram. Məhz sizin fikirləriniz əsasında biz özümüzü təkmilləşdiririk.

Hər birinizə hörmətlə, sizin Əlixan və “Sonuncu Şam Yeməyi” filminin yaradıcı heyəti.

 

“Sonuncu Şam Yeməyi” niyə dindarların xətrinə dəyib? - Rejissordan izah