"Qadın ailə qurur, yumruq, kötək yeyir, təhqir olunur, sonra..." - Naibə Allahverdiyevadan mühüm tövsiyə

"Qadın ailə qurur, yumruq, kötək yeyir, təhqir olunur, sonra..."

"Qadın ailə qurur, yumruq, kötək yeyir, təhqir olunur, sonra..." - Naibə Allahverdiyevadan mühüm tövsiyə

"Boşanmaların sayı ona görə artıb ki, insanlar məsuliyyətsiz olublar. Ailə quran gənclərin çoxu buna oyun kimi baxırlar".

Bunu Polemika.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva deyib. O, boşanmaların say artımında bəzilərinin iddia etdiyi kimi, məşhurlarda, sənət adamlarında deyil, kişilərdə görüb:

“Boşanma asan mövzu deyil. Bunu bir-iki cümlə ilə izah etmək, konkret səbəbləri tapıb göstərmək çox çətindir. Boşanmaların sayı ona görə artıb ki, insanlar məsuliyyətsizləşib. Ailə quran gənclərin çoxu ona oyun kimi baxırlar. Əsasən də kişilər. Kişilər ailələrinə çox məsuliyyətsiz yanaşır. Qadın ailə həyatı qurur ki, xoşbəxt olsun, kişi ona arxa-dayaq olsun. Amma bugünkü vəziyyətə baxın, qadın ailə qurur, yumruq, kötək yeyir, təhqir olunur. Ona görə də qadınlar boşanırlar. Yəni başa düşürlər ki, onlar da bir insandırlar, ömür isə insana bir dəfə verirlir və bu ömrü normal insan kimi yaşamaq lazımdır.

Mən demirəm ki, boşanan qadınlar yüz faiz haqlıdır, xeyr, haqsız olan qadınlar da çoxdur. Təbii ki, ailənin əsas dirəyi kişidir. Kişi çox məsuliyyətli olmalıdır”.

Aktrisa artan boşanma sayının məşhurlarla, onların həyat tərzi ilə əlaqəli olmadığını deyib:

“Fikrimcə, məşhurların boşanma sayının artması ilə əlaqəsi yoxdur. Kimsə özünü binadan atırsa, başqaları da bunu baxıb edəcək? İnsan kiməsə baxıb onun yaxşı xüsusiyyətlərini örnək götürməlidir. Tutaq ki, hansısa məşhur efirdə ağzına gələni danışır, özünü tərbiyəsiz aparır, bu o deməkdir ki, mən ondan örnək götürməliyəm?! Niyə gözəl sənətkarlarımıza baxıb onların yaxşı cəhətləri örnək götürülmür?!! Niyə üzdəniraqların həyatı timsal olur?

Düşünürəm ki, əsl sənət adamı insanlara örnək olmalıdır, buna uyğun həyat yaşamalıdır, çünki  sənət adamları cəmiyyətin mənəvi əsgərləridir. Onlar cəmiyyətə nümunə göstərməlidir. Amma indi hər şeyi pul həll etdiyi üçün bəzi sənət adamaları fikirləşir ki, təki maddiyyatım yaxşı olsun, reklamım getsin, yaxşı yaşayım”.

N.Allahverdiyeva ailə quracaq gənclərə bir sıra tövsiyələr də verib:

“Bu yaxınlarda bir restoran açılıb, adı da “Kimə nə”dir. Bu restoranın adı müasir gəncliyi təmsil edir. Cavan nəsil üçün bədnam məşhurları populyarlaşdıranlar da günahkardır. Hər yoldan ötəni, heç bir məktəb keçməyən adamları məşhurlaşdırırlar.

Mən gəncələrə bircə məsləhət verə bilərəm: çalışın həyatı gözəl yaşayın, qəlbinizi gözəlliklərlə doldurun. Bax onda, həyatınız da, ailəniz də gözəl olacaq. Bir-birinizə qarşı qayğıkeş olun. Ailədə əsas olan qayğıkeşlikdir. Bu qayğıkeşlik xüsusilə kişilərdə olmalıdır, onlar bunu göstərməlidirlər. Bilirsiniz, xoşa gəlməklə sevginin fərqi var. Bir gül xoşuna gəlirsə, onu dərirsən, qoxulayırsan, sonra solub gedir, çünki o, sənin xoşuna gəlir, amma sevirsənsə, onu əzizləyirsən, qulluq edirsən ki, solmasın. Ona görə də, xoşa gəlməklə evlənməyin, bir-birinizi sevin. Amma ruhən sevin. Beyinlə sevirsənsə, bu ötəri hissdir, ürəklə sevirsənsə, ömürlükdür, ruhən sevirsənsə, bu əbədidir. Mən insanlara sevgi arzu edirəm, bir-birini sevsinlər, yaxşı tanısınlar, sonra evlənsinlər”.

Əsmətxanım

"Qadın ailə qurur, yumruq, kötək yeyir, təhqir olunur, sonra..." - Naibə Allahverdiyevadan mühüm tövsiyə