Sabiq rektora qarşı şok ittiham: "6800 manatı Nurlana Əliyevaya verdim"

Sabiq rektora qarşı şok ittiham: "6800 manatı Nurlana Əliyevaya verdim"

Sabiq rektora qarşı şok ittiham: "6800 manatı Nurlana Əliyevaya verdim"

Bu gün Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Polemika.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Türkmənistanda doğulmuş Rusiya vətəndaşı İradə Quliyeva şahid qismində ifadə verib.

O bildirib ki, Bakı Slavyan universitetində əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6800 manat ödəyib:

“O vaxt müharibə gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını aparatla onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyeva yazılmışdı. Mənə demişdi ki, müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə zəng etdilər ki, sənin pulun kassaya keçməyib, buna görə də Universitetə borcun qalıb”.

Dürdanə Əliyeva sözügedən məbləğin onun hesabına ödənildiyini təsdiqləyib. O bildirib ki, ifadə verən şahiddən aldığı pulu həmin vaxt rektor olmuş Nurlana Əliyevaya təhvil verib.

Təqsirləndirilən şəxsin vəkili isə sözügedən 6800 manatın şahidin özünün razılığı ilə alındığını deyib:

“Universitetdə qrup açılması üçün ən azı üç nəfər olmalıdır. Həmin qrupda isə İradə Quliyeva tək olub. Buna görə də ondan üç nəfərin təhsil ödənişi alınıb”.

Prosesdə məhkəməyə sədrlik edən hakim Əli Məmmədov şahidin ifadəsindən sonra Bakı Slavyan Universitetinin nümayəndəsinə üz tutaraq vətəndaşa köməklik göstərilməsini xahiş edib.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Sabiq rektora qarşı şok ittiham: "6800 manatı Nurlana Əliyevaya verdim"