“Qırğızıstan Qazaxıstandan asılı respublikadır, buna görə də...” - Qırgız politoloqla MÜSAHİBƏ

“Qırğızıstan Qazaxıstandan asılı respublikadır, buna görə də...”

“Qırğızıstan Qazaxıstandan asılı respublikadır, buna görə də...” - Qırgız politoloqla MÜSAHİBƏ

Qırğızıstanın “Prudent Solutions” Analitik Mərkəzinin direktoru Esen Usubaliyevin “Polemika.az”a müsahibəsi.

- Qırğızıstan Qazaxıstana hərbi kontingent göndərmək istəmirdi, amma sonradan rəyini dəyişərək qonşu ölkəyə 150 “Əqrəb” xüsusi təyinatlısı, o cümlədən 19 ədəd zirehli texnika yollayıb. Rəsmi Bişkeki fikrindən daşındıran səbəb nə oldu?

- Artıq həm Qazaxıstanın özündə, həm də Qırğızıstanda çoxsaylı mübahisələrə səbəb olan Qazaxıstandakı vəziyyəti sabitləşdirmək üçün KTMT sülhməramlı qüvvələrinin göndərilməsi ilə bağlı bütün ziddiyyətli məsələləri başa düşmək lazımdır ki, Qırğızıstan bu təşkilat çərçivəsində KTMT-nin nizamnaməsinə, məqsəd və vəzifələrinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirir. Belə olan halda Bişkek qonşu ölkədə keçirilən sülhməramlı əməliyyatdan kənarda qala bilməzdi. Onu da başa düşmək lazımdır ki, Qırğızıstan və Qazaxıstan bir-birindən asılı ölkələrdir və təkcə Qazaxıstanla birbaşa deyil, həm də digər ölkələrdən, xüsusən də Rusiyadan malların tranziti bu ölkədə mümkün qədər tez sabitləşmədən asılıdır. 

Bu baxımdan Qazaxıstanda vəziyyətin sabitləşməsi Qırğızıstan üçün strateji əhəmiyyət kəsb edir. Əməliyyat çərçivəsində əsas məsuliyyət yükünün hələ də xeyli sayda sülhməramlı göndərən Rusiya və Belarusun üzərinə düşdüyünü nəzərə alsaq, hesab edirəm ki, Qırğızıstanın bu məsələdə rolu (150 nəfər) o qədər də böyük deyil. 

- Qazaxıstan hadisələrində qırğız hərbçilərin iştirak etməsi gələcəkdə xalqlar arasında xüsusi bir ədavətə səbəb ola bilərmi?

- Qırğızıstan hərbçilərinin Qazaxıstanın qanuni və legitim şəkildə seçilmiş prezidentinin xahişi ilə rəsmi səviyyədə olması faktı heç bir şəkildə iki ölkə arasındakı münasibətlərə təsir edə bilməz. Əksinə, hərbçilərimizin göndərilməsindən imtinanı Qazaxıstanın rəsmi orqanları ölkədə qeyri-sabitliyi təşviq etmək istəyi kimi qiymətləndirə və ya Qırğızıstanın Qazaxıstanda inqilabi yolla hakimiyyət dəyişikliyində maraqlı olduğunu göstərə bilər. Təbii ki, Qırğızıstan rəhbərliyi qonşu dövlətə münasibətdə belə bir addım ata bilməzdi.

- Qırğızlar Qazaxıstanda baş verən hadisələri necə qiymətləndirirlər? İctimai rəy nə deyir?

- Qırğızıstanda medianın demokratik xarakteri nəzərə alınaraq, Qazaxıstanda baş verən hadisələr fərqli qəbul edilir və mətbuat bu hadisələrə fərqli qiymət verir. Qazaxıstanda siyasi sistemin dəyişdirilməsinə yönəlmiş etirazları dəstəkləməkdən tutmuş, inqilabi yolla hakimiyyət dəyişikliyi cəhdlərini pisləməyə qədər. 

Şübhə yoxdur ki, Qırğızıstan ictimaiyyəti Almatıda baş verən zorakılığı, soyğunçuluğu və talanları pisləməkdə həmrəydir və Qırğızıstanın bütün siyasi qüvvələri vəziyyəti tez bir zamanda normallaşdırmağa, ölkədə sülh və sabitliyin bərpasına çağırır. Qırğız xalqında “Qazax çölündə uşaq ağlayanda, dağda qırğız anasının döşündən süd axır” deyimi var. Bu atalar sözü qırğız və qazax xalqlarının yaxınlığını mükəmməl şəkildə göstərir.

- Hadisələrin qonşu Qırğızıstana sıçramaq ehtimalı varmı?

- Qazaxıstanda baş verən hadisələrin təsiri əsasən Qırğızıstanın iqtisadi vəziyyətinə təsir göstərə bilər, çünki bu ölkə Qazaxıstan ərazisindən mal, ərzaq və enerji tranzitindən asılı bir respublikadır. Bu baxımdan hər şey Qazaxıstanın ölkədə sülh və sabitliyi nə qədər tez bərpa edə biləcəyindən asılı olacaq. Lakin unutmaq olmaz ki, ötən il Qırğızıstanda xalq iğtişaşları nəticəsində hakimiyyət dəyişikliyi baş verib. Növbəti hakimiyyət dəyişikliyindən sonra Qırğızıstanın özünün də gördüyü ziyanı nəzərə alsaq, bu, çox qısa müddətdir. Bu baxımdan, yaxın gələcəkdə oxşar hadisələrin təkrarlanması üçün heç bir şərait yoxdur.

Rafi MÜSLÜMOV

“Qırğızıstan Qazaxıstandan asılı respublikadır, buna görə də...” - Qırgız politoloqla MÜSAHİBƏ