"Qarabağ" niyə qalib gələ bilmədi? - "Hakimin səhvləri..."

"Qarabağ" niyə qalib gələ bilmədi?

"Qarabağ" niyə qalib gələ bilmədi? - "Hakimin səhvləri..."

Ötən gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirildi. Doğma meydanda “Omoniya” (Kipr) ilə qarşılaşan “Qarabağ” 2:2 hesabı ilə heç-heçə etdi. Azərbaycan təmsilçisinin doğma divarlar arasında xal itirməsi futbol azarkeşləri tərəfindən təəssüflə qarşılandı. 

“Qarabağ” niyə qələbə qazana bilmədi? 

Tanınmış idman jurnalisti Aydın Bağırov ötən gün baş tutan oyunu Polemika.az-a şərh edib.

O, “Qarabağ”ın rəqibdən daha üstün oynadığını bildirib:

“Dünən “Qarabağ” bütün göstəricilərdə rəqibdən üstün oldu. Təmsilçimiz iki qol vurdu. Hakim tərəfindən bir təmiz qol qeydə alınmadı, penalti isə verilmədi. Gənc hakimin dünənki görüşdə nəticəyə təsir edən səhvləri oldu.

“Omoniya”ya isə bir xal sərf edirdi. Qırmızı vərəqə aldıqdan sonra komanda çox qapandı və müdafiəyə oturdu. Bu cür tam müdafiə olunan komandalara qarşı açıq oyunu sevən “Qarabağ”ın oynaması çətin olur. Gərək komandanı daim təzyiq altında saxlayasan ki, qol vura biləsən. “Qarabağ” oyun sonunda qol vurdu, lakin son dəqiqələrdə Şahruddinin buraxdığı qol təəssüf ki komandanın qələbəsinə mane oldu.

Qol buraxdığına görə Şahruddini çox günahlandırırlar, lakin futbol səhvlərlə dolu bir oyundur. Şahruddin isə yaxşı qapıçıdır, Millidə və “Qarabağ”da onun çox yaxşı oyunları olub.

Ümumiyyətlə dünəni kimi qollara müasir tipli futbolda tez-tez rast gəlirik. Ən yaxşı qapıçılara da bu cür qollar vurula bilər.

Digər tərəfdən isə rəqib futbolçunun ustalığını qeyd etmək lazımdır. Mərkəzdə olduğu halda topu “Qarabağ”ın qapısından keçirdi.

Faciəvi bir şey yoxdur. Dünən “Bazel” və “Qarabağ” eyni xalı bölüşdü. Lakin son turda heç-heçə “Qarabağ”a sərf etməyəcək. Çünki top üstünlüyü rəqib komandadır. Növbəti oyunda mütləq qalib gəlmək lazımdır ki, birinci yer tutub 1/8 finala birbaşa vəsiqə qazana bilək”.

Mehri QURBAN 

"Qarabağ" niyə qalib gələ bilmədi? - "Hakimin səhvləri..."