“Paşinyan Brüsseldə Bakını iki məsələdə günahlandırmağa cəhd edəcək...”

“Paşinyan Brüsseldə Bakını iki məsələdə günahlandırmağa cəhd edəcək...”

“Paşinyan Brüsseldə Bakını iki məsələdə günahlandırmağa cəhd edəcək...”

Ermənistanın bütün mübahisəli məsələlərdə Azərbaycanla razılığa gəlməmək üçün özünü gah Rusiyaya, gah da qərbə vurması əbəsdir. Çünki, onun istədiyi ünvana gedən qatar tüstüləyə-tüstüləyə artıq çoxdan gedib. Bü üzdən “Böyük Ermənistan” xülyalı ermənilərin gözlərini yorunca bu qatarın dalınca baxmaq əvəzinə Moskva, Bakı, Naxçıvan, İrəvan və İstambul qatarına mimmək üçün özlərinə indidən “bilet” almaq barədə düşünməkləri onlara daha faydalı olar.

İlan kimi qıvrılaraq 10 noyabr üçtərəfli məlum bəyanatı yerinə yetirməkdən boyun qaçıran rəsmi İrəvanın Kəlbəcər və Laçın istiqamətində törətdiyi hərbi təxribatda 21 ölü, 100 yaralı verərək burnu əzildikdən sonra, tez Moskvaya demarkasiyaya başlamağa hazır olduğu və bununla bağlı müzakirəyə başlamaq istəyi barədə rəsmi müraciəti, Paşinyanın yumruq görməyincə “ölməyəcəyini” bir daha sübut etdi.

Artıq Ermənistan parlamentinin müvafiq komissiyası öz açıqlamasında “sıfırdan” başlamaq üçün “hazırlıq mərhələsinə” start verilə biləcəyini bildirdi. Ancaq hansı xəritələrlə demarkasiyanın başlaması hələ dəqiqləşməyib. Doğrudur, Rusiya Prezidenti bu xəritələrin 1920-ci illər xəritəsi olacağını bir dəfə dilə gətirmişdi, amma Ermənistan tərəfi 1975-ci il xəritələrini gündəmə gətirməyə çalışır. Əslində İrəvanın delimitasiya və demarkasiya məsələsində uzunçuluq etməsinin səbəbi, məhz sovet dövründə “çox bilmiş” ermənilərə qanunsuz olaraq hədiyyə edilmiş Azərbaycan torpaqlarının son qarışınadək geri alınacağını yaxşı bilməsindən irəli gəlir. Bu işdə Rusiyanın onlara yardımçı ola bilməyəcəyini yaxşı qanan Paşinyan, sərhəddə hərbi təxribat törədəndə görünür hər etimala qarşı bəxtini bir daha sınamaq istədi. Çünki, Rusiya Prezidentinin sözçüsü Peskov noyabrın əvvəlində üçtərəfli görüş barədə məlumat verdikdən sonra İrəvan buna ciddi maraq göstərmədi. Bu üzdən deyə bilərik ki, məhz Ermənistanın Azərbaycanla sərhəddə qəsdən hərbi təxribata əl atması, Rusiyanın və ya KTMT-nin onlara kömək edib-etməyəcəyini bir daha dəqiqləşdirməklə bağlı olub ki, qərbə üz tutması üçün əlində guya əsası olsun.  

Odur ki, indi İrəvanın Moskvaya demarkasiyaya başlamağa hazır olduğu barədə müraciəti olsa da, amma ikiüzlülük xislətindən qalmayan ermənilər dolayısı ilə Rusiyanın tarix boyu onlara verdiyi “arağın spirtinin” yoxluğunu bəyan edərək, yenidən qərbə üz tutması heç kimə təəccüblü gəlməməlidir. Əslində Ermənistan 44 günlük rüsvayçı məğlubiyyətdən sonra, bu xalqı Qafqaza gətirən və ölkə edib başına papaq qoyduran Rusiyaya həmişə təpik atıb ki, əgər o İrəvanı öz milli maraqlarına zidd olsa belə, dəstəkləməsə, Ermənistan qərb ölkələrinə üz tutacaq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Ermənistana kömək etməsə, o zaman İrəvan digər variantlar axtarmalı olacaq”, bəyanatı da təsdiq edir.

Təxribatçı, revanşist əməlinə görə Rusiyadan dəstək ala bilməyən Paşinyan indi Rusiyadan küsüb yenidən qərbə yalvarır və zənn edir ki, guya Avropa İttifaqı Şurası Azərbaycanı öz mövqeyindən çəkindirəcək və ya onu dəyişməyə məcbur edəcək. Ancaq Ermənistan nazirbaşı hələ də qanmır ki, onunla müqayisədə bu döyüşdə tam haqlı olduğundan Azərbaycan liderinə dünyadakı bütün siyasi arena və tribunalarda öz sözünü demək heç bir halda çətin olmayacaq.

Şübhəsiz ki, Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bu ilin 15 dekabrında Brüsseldə keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində düzənlənən masada yenə də rüsvaycasına məğlub olacaq. Əlbəttə, burada Rusiyadan küsən erməni nazirbaşı Azərbaycanı, əsasən iki məsələdə - “yerini” özü hamıdan yaxşı bilsə də, ancaq ölmüş ATƏT-i diriltmək məqsədilə “Qarabağa status” və Azərbaycan Ordusunun guya bu ilin 12 mayından “zəbt” etdiyi Ermənistan ərazisindən indiyədək çıxmadığına görə günahlandırmağa cəhd edəcək. 

Ancaq Azərbaycan liderinin isə Ermənistanın indiyədək tutduğu qeyri-konstruktiv mövqelərini həmişə olduğu kimi bu dəfə də bir-bir əsaslı arqumentlərlə ortaya qoyacağına heç bir şübhə yoxdur. Elə məntiqlə bir sual bəsdir ki, Paşinyana verilsin: əgər iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmayıbsa, o, hansı haqla bu ərazilərin Ermənistana aid olduğu iddiasını irəli sürür? Sözsüz ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, əgər Ermənistan Azərbaycana qarşı yersiz iddialarından əl çəkməsə, revanşist fikirlərə düşsə onun cavabı daha ağır olacaq! Yeri gəlmişkən, elə Kəlbərcərdəki son təxribat bunu açıq sübut etdi.

Bu arada, Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyanın, “Rəsmi İrəvanın səriştəsizliyi, ordunun sıradan çıxarılması ölkəmizi məhvə aparır. Azərbaycan indiki templə davam etsə, həmçinin Ermənistan hakimiyyətinin bu ləyaqətsiz münasibəti davam etsə, 1-2 ilə Azərbaycana ümumiyyətlə delimitasiya və demarkasiya aparmağa ehtiyac qalmayacaq, çünki görünən odur ki, danışıqlar vasitəsilə həll etməyə çalışdığı problemləri əslində güc tətbiqi vasitəsilə həll edir. Azərbaycan bu əraziləri danışıq yolu ilə deyil, güc yolu ilə nəzarətinə alacaq. 1-2 ilə Zəngəzur və Göyçədəki bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək” və ya erməni politoloqu Ambarsum Kabanyanın, “Qərbə bu qədər böyük ümid bəsləməyə dəyərmi? Qərb Ermənistan və ermənilər üçün vuruşmayacaq. Bu artıq faktdır. Buna görə Rusiyanı Ermənistana xəyanətdə suçlayanda düşünmək lazımdır ki, Avropa da belə edərdi. Başqasına güvənmək cinayətdir”, deməsi Ermənistanda qammazlarla yanaşı, az da olsa, qananların da olmasını təsdiq edir. Çünki, onlar özləri də yaxşı bilirlər ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn bütün norma və prinsiplərinə cavab verir.  

Bu üzdən də Paşinyan hansı ölkəyə və ya beynəlxalq təşkilata yalvarmasından asılı olmayaraq, istər “status”, istərsə də sərhəd məsələsində rəsmi Bakının tutduğu öz konstruktiv mövqeyini heç bir halda dəyişdirə bilməyəcək. Çünki, qanan adama söz bir dəfə deyilər: Qarabağa status verilməyəcək, Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını süründürməməli, Azərbaycanın suveren ərazilərini son qarışınadək tanımalı, sülh sazişi bağlamalı və Zəngəzur dəhlizindən keçəcək qatarların fit, həmçinin avtomobillərin siqnal səsindən “feyziyab” olmalıdır!

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

“Paşinyan Brüsseldə Bakını iki məsələdə günahlandırmağa cəhd edəcək...”