“Onlar bu millətin anasını ağladıblar” – İcra başçılarının ibadəti...

“Onlar bu millətin anasını ağladıblar” – İcra başçılarının ibadəti...

“Onlar bu millətin anasını ağladıblar” – İcra başçılarının ibadəti...

“Ömrü boyu rüşvətlə yaşayan, milləti talayan, bu xalqı talan edən edən səmimi şəkildə namaza başlaya bilər? Bunu anlamaqda mən çətinlik çəkirəm”.

Bu sözləri Polemika.az-a açıqlamasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, həbsə düşüb namaza başlayan keçmiş icra başçıları və məmurlardan söz açarkən deyib.

Jurnalist həbsə düşən eks məmurlar arasında “dəbə” minən bu tendensiyaya inanamadığını da vurğulayıb:

“Mən həbsxanada görmüşəm elə şeyləri. Bəli, səmimi adamlar var ki, onlar başlayırlar namaza. Amma bəzi adamlar var ki, o “tülkü Həccə getmək məsələsi”ni təkrarlayır. Yəni elə adamlar var ki, tutulmuşdular, həbs olunmuşdular, çadra taxıb namaz qılırdılar. Amma indi çadra da getdi, namaz da getdi.

Bir misal var ki, zəngin bir adam göydən düşür. Görür ki, bu öləcək, tez Allaha deyir ki, “ay Allah, sən məni buradan sağ-salamat yerə endir, bütün var-dövlətimi kasıblara verəcəyəm”. Allah eşidir və sağ salamat bunu endirir aşağı. Bu da durur, üstünü çırpır, elə yola davam edəndə birdən yadına düşür ki, bu axı Allaha söz verib, bütün pulunu-parasını kasıblara verməlidir. Öz-özünə deyir ki, “əşi, adam göydə uçanda gic-gic fikirlərə düşür”. Bax, bizim o icra başçıları da belədir. Mən onların səmimiyyətinə inanmıram”.

Ə. Zeynallı əmindir ki, bu qəbildən olan insanlar özlərini yazıq kimi göstərirlər:

“Camaata deyirlər ki, görürsünüz, mən dinə-imana gəldim. Ziya Məmmədov indi namaz qılır, sonra Həsən Şirinov, Alimpaşa Məmmədov və adını saymadığım “n” qədər insan. Bunlar necə səmimi ola bilər? Bunlar bu millətin anasını ağladıblar. İndi bilmirəm onlar səmimidir ya yox, təki Allah elə şeyi bizim günahımıza yazmasın, şəkk etməyək, amma hər halda mən o tip adamların səmimiyyətinə bir daha deyirəm ki, inanmıram.

Amma təbii ki, həbsxanada çoxlu adamlar olub, mən tanıyıram və onların əksəriyyəti namaz qılır, namaza gəlib və indi də dinində-imanındadır. Amma bu icra başçılarının səmimiyyəti aldadıcı və saxtadır”.

“Bir nümunə var ki, həbs olunanda çadraya bürünüb namaz qılan adamları indi görürsən ki, nə çadrası var, nə də namazı. Eynilə, həmin o göydə uçmaq məsələsidir ki, adam göydə uçanda ağılına gic-gic şeylər gəlir. Onların, yalnız milləti və ictimaiyyəti aldatmaqdan başqa heç bir səmimiyyəti yoxdur ki, onların qohum-əqrəbaları Prezidentə müraciət edib əfv istəsinlər. Desinlər ki, baxın, bu adam dinə-imana gəlib və s. Bu, yalnız siyasi məqsədlidir ki, bircə, oradan necə çıxa bilərik. Başqa heç nə”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

“Onlar bu millətin anasını ağladıblar” – İcra başçılarının ibadəti...