“O uşaqlar xüsusi nəzarətə götürülsün!” – Deputat məktəblərdəki hadisələrdən danışdı

“O uşaqlar xüsusi nəzarətə götürülsün!” – Deputat məktəblərdəki hadisələrdən danışdı

“O uşaqlar xüsusi nəzarətə götürülsün!” – Deputat məktəblərdəki hadisələrdən danışdı

“Hazırda direktorların kommunikasiya problem var”. Bunu Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, direktor ancaq kabinetdə oturub, məktəbi idarə etməməlidir: “Direktorlar valideynlərlə daha sıx işləməlidirlər. Burada kommunikasiya problem var. Əvvəlki dövrdə valideyn iclasları, müzakirələr olurdu. İndi isə demək olar ki yoxdur. Məktəblə valideynlər arasında bir ünsiyyət, müzakirə olmalıdır. Valideyn iclasları təşkil edilməlidir. Əlaqələr itməməlidir.

Məktəb direktorları ancaq kabinetdə oturub, məktəbi idarə etməməlidirlər. Mən hesab edirəm ki, onlar sinifləri gəzib, uşaqlarla təmasda olmalıdırlar. Daima nəzarətdə saxlamalıdırlar ki, hansı proses gedir, nə baş verib. Bu çox önəmlidir. Kommunikasiya çox önəmlidir”.

Deputatın fikrincə, direktorlar çətin tərbiyə olunan uşaqları xüsusi nəzarətə götürməlidir:

“Onlarla ayrıca iş aparılmalıdır. Məktəb direktorları bu tip uşaqları daima diqqət və nəzarətdə saxlanmalıdır. Əgər bu uşaqlar heç cür islah olunmursa, bunun üçün xüsusi bir addımlar atılmalıdır. Müəllimlər şagirdlərə öz övladları kimi baxmalıdır. Bilməlidir ki, o köhnə nəzəriyyələr artıq işləmir. Uşaqların cəzalandırılması, döyülməsi həmin effekti vermir. Uşaqlarla daha çox dostluq etmək lazımdır. Söhbət etmək gərəkdir. Kobud davrandın, uşağı döydün, cəzalandırdınsa, o uşaqda sənə qarşı nifrət yaranacaq. Bu prosesdən sonra uşaq sənin hər hansı bir sözünü qəbul etməyəcək. Bu çox incə bir məsələdir”.

C.Məmmədov qeyd edib ki, direktor, müəllim seçərkən onun psixoloji durumu öyrənilməlidir: “Müəllimləri, direktorları seçərkən, çox diqqətli olmalıyıq. Son dövrlər müəllimlərin, məktəb direktorlarının seçilməsində şəffaflıq var. Bu çox önəmlidir. Bir müəllim çox bilikli ola bilər. Amma bununla yanaşı onun təcrübəsi də önəmlidir. Müəllimlərin savad, biliyi ilə yanaşı təşkilatçılıq qabiliyyəti, kollektiv işləmə qabiliyəti xüsusi diqqət və nəzarətdə olmalıdır.

Ümumi cəmiyyətdə təəssüf ki, səviyyə düşüb. Səviyyə getdikcə, daha da aşağı olur. Yəni bu həm cəmiyyətimizin, həm valideynlərin, həm də aidiyyatı qurumların vəzifəsidir. Problem hamımıza aiddir. Bu problemdən çıxış yolu tapmalıyıq ki, gələcəyə doğru məktəbin, müəllimlərin müqəddəsliyini qoruyaq. Çalışmalıyıq ki, məktəb, müəllim nüfuzdan düşməsin. Nüfuzdan salsaq, bizi çox ciddi faciələr gözləyir. Buna getməməliyik. İnanıram ki, zamanla bu çətinlikdə çıxacağıq”.

Nəzrin Vahid 

“O uşaqlar xüsusi nəzarətə götürülsün!” – Deputat məktəblərdəki hadisələrdən danışdı